Əlcəzairin populyar “Alharir.info”, “Ərəb şeir divanı”, Mərakeşin “Xəbər əl-Yaum”, İraqın “Fikr nur”, Gürcüstanın “Qafqaz Türk”, Türkiyənin “Detay haberler”, “Haber 232” ədəbiyyat, xəbər portalları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Azərbaycan və ərəb dillərində yazdığı mədhiyyə, qəzəl, müqəddəs və rübailərin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan əsərlər ərəb və Türkiyə portallarında orijinal variantda təqdim olunub. Gürcü dilinə tərcümə müəllifi isə tanınmış gürcü tərcüməçisi Zezva Medulaşvilidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar mütəmadi olaraq səhifələrində Federiko Qarsia Lorka, Herman Hesse, Alberto Rios, Qabriel Qarsia Markes, Ernesto Sabato kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.