Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Dövlət Universitetinin (LDU) nəzdində Sosial və Aqrar-Texnoloji kollecin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda təşkilatçı qurumların kollektivi və tələbə-gənclər iştirak edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, LDU nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev, kollecin psixoloqu Zülfiyyə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının psixoloq müəllimi, LDU-nun doktorantı Vəsilə Əzizova çıxış edərək məişət zorakılığının qarşısının alınması və bu istiqamətdə mövcud olan qanunvericilik aktları barədə iştirakçılara məlumat veriblər. Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutan ailə dəyərlərinin qorunmasının vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, ailə dəyərlərini yad düşüncələrdən qorumaq, tərəflərə qarşılıqlı inam və anlaşmanı, habelə, humanizmi aşılamaq məişət zorakılığına qarşı mübarizədə olduqca əhəmiyyətlidir.