Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda görkəmli yazıçı, publisist, ictimai xadim Məmməd Səid Ordubadinin 150 illik yubileyinə həsr olunmuş “Ürəklərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, AYB və M.S.Ordubadinin xatirə muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq M.S.Ordubadinin 150 illik yubileyi münasibətilə ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini qeyd edib. Yazıçının yaradıcılığından söz açan L.Abaszadə muzeyin bununla əlaqədar hazırladığı tədbirlər planından danışıb.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, filologiya elmləri doktorları – Himalay Qasımov, Vaqif Yusifli, Təyyar Cavadov, dosent Qüdrət Umudov, şairə-publisist Zərəngiz Dəmirçi və başqaları çıxış edərək ədibin zəngin və çoxşaxəli irsindən söhbət açıblar.