Gülyaz ƏLİYEVA
Məndən sizə əmanət, nəbadə cin atına minəsiniz! Bu cin atı ki var, çox qəliz məsələdi. Cin atına mindin, düşmək olmur. Ağzında “cin atı”deyirsən, o da cin kimi bir şeydi, bir də gördün tərs damarı tutdu, heç səni düşürmədi, elə qaldın cin atının üstündə. O da çıxıb getdi Cinlər diyarına. Sən də Qərib cinlər diyarındakı kimi orada qalıb insanlar diyarına gəlmək üçün yollar axtarmağa başladın,vaxt qazanıb səhvlərini saf-çürük eləməyə imkan tapdın, ağlın başına gəldi.
Anladın ki, hər parıldayan qızıl deyilmiş, hər üzünə gülən dost deyilmiş. hər düşmən bildiyin düşmən, hər yaxın bildiyin yaxın, səmimi deyilmiş. İnsanların üzü bir andaca çönə bilirmiş, məkrli niyyətləri, hiyləgər siyasətləri, acgözlükləri, tamahgirlikləri, zəhərli ilan kimi sancan dilləri varmış ki, bunlar elə Cinlər diyarında da var …
Mən virtualı elə Cinlər diyarı hesab edirəm. Buradakıları da görmək olmur, cin kimi səninlə danışır, fikir mübadiləsi edir, əsəbiləşdirir, sevindirir, amma sən onları görmürsən, hətta sancaq taxsan da. Bu Cinlər diyarı da səni Qərib kimi həyatdan, qohum-qardaşdan, dost-tanışdan, real aləmdən uzaqlaşdırır, ora düşənin də yoluna min bir maneə çıxarır, geriyə – insanlar aləminə qayıtmağa qoymur. Buranın da zahiri parıltısından ayılanda görürsən ki, real insanlardan təcrid olmusan, açıq havada gəzməyə, özünə, doğmalarına sərf etməyə ayırmalı olduğun vaxtın çoxunu virtual aləm səndən oğurlayıb. Sən bunu anlayanda isə artıq gec olur, geri qayıtmamaq üçün sənə min cür hiylələr qurur, mane olurlar, lap Qəribə mane olan kimi… Burada da hər şey Cinlər diyarında olduğu kimi sünidir. Buranın da elə Akşad kimi Mark deyilən bir padşahı var, o da səni ona xidmət etməyə təhrik edir, geri qayıtmağına maneə törədir, yeri gələndə Zərrintacın xəyanətinə də qurban gedə bilərsən! Qolbaq qırxayağa da çevrilə bilər …
Cinlər arasında da yaxşı və pisləri var… Cinlər arasındakı dostların da elə həyatdakı dostların kimidirlər, amma bir fərq var ki, bu virtual, gözəgörünməz cin dostların sənin – real insanın qəlbini heç nəyin üstündə bir dəqiqədəcə qırıb, heç nə olmamış kimi öz işlərinin dalınca gedə bilirlər… Cindilər axı… Bu cinlərin də hər cür mənfi və müsbət xüsusiyyəti var, adi insan kimi, tək bircə fərq var: cinlərdə ürək olmur!