- Ədəbiyyat

Məni niyə sevəsən ki, Vətən?!

Gülyaz ƏLİYEVA

Daşın ola bilmədim, torpağın ola bilmədim,
Ağac başında qalıb
saralıb-solmuş
yarpağın ola bilmədim,
Məni niyə sevəsən ki, Vətən?!

Bağın ola bilmədim, bağatın ola bilmədim,
Tövlədə bağlı qalıb
İpə-sapa yatmayan, yəhər-yüyənli,
kürən atın ola bilmədim,
Məni niyə sevəsən ki, Vətən?!

Çayın ola bilmədim,
Bulağın ola bilmədim,
Uzanıb dilsiz-dilsiz kəndə-kəsəyə gedən
yolun-yolağın ola bilmədim,
Məni niyə sevəsən ki, Vətən?!

Meşən ola bilmədim,
tala-n ola bilmədim,
Kol dibinə sığınıb
üşüyə-üşüyə qalan
bənövşən ola bilmədim,
Məni niyə sevəsən ki, Vətən?!

Fazilin ola bilmədim,
Şirinin ola bilmədim,
səni candan çox sevən Mübarizin ola bilmədim,
Mən ancaq Gülyaz oldum,
Məni niyə sevəsən ki, Vətən?!