- Köşə

“Mənim tanrim gözəllikdir, sevgidir”

Fəzli ürfanla, mücəhhəz olaraq,
Cəhli yıx, qəfləti yax, əczi buraq!
Kimsədən gözləmə yardım əsla,
Yalnız kəndinə kəndin ağla!

H.Cavid

H.Cavidin təsvir etdiyi qadın həyatda mövcud idi. Bu,  XIX əsrdə yaşamış, İslam Şərqində ilk dəfə çadrasını atmış, əslən Qəzvindən olan türk qızı Tahirə Qürrətül-Eyn (1817-1852) idi. Tahirə, qadınları kiminsə qızı, kiminsə yoldaşı, kiminsə anası kimi deyil, özləri kimi – qadın kimi tanınmasını  tələb edirdi. O, həmin qadın idi ki, ingilis şərqşünası E.Braun onu möcüzə adlandırmış, M.F.Axundov ona heyran olmuş, Qərbdə qadın azadlıqlarının carçısı Marta Rut onun haqqında kitab yazmış, Pakistanli şair-filosof Məhəmməd İqbal ona poema həsr etmişdir.

“Qadın, ey sevimli həmşirə oyan,
Ana, ey nazlı qadın, qalx yuxudan!
Sənin aləmdə vəzifən, hissən,
Nə böyük, həm nə ağırdır, bilsən?!
Qadın! Ey sevgili şəfqətli mələk!
Bu qədər səbri-təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva?”

H.Cavid.

Bəşəriyyətin mövcudluğunu təmin edən qadındır!!! Bununla belə, qanunların kişilər tərəfindən qoyulduğu dünyada qadın olmaq çətindir. Doğrudanmı cinslərin fisioloji fərqləri onların cəmiyyətdə və məişətdə bərabərsizliyinin fundamental əsasıdır? İnsanın digər canlılardan fərqi odur ki, o Allahın əmanəti olan ruhun daşıyıcısıdır. Ruhun isə cinsi yoxdur. Ona görə də Allahın gözündə qadın və kişi bərabərdir, və insan cəmiyyəti bu fundamental prinsip üzərində təşəkkül tapmalıdır.

Qadın haqları hər cəmiyyətdə inanclara, ənənəyə, mədəniyyətə və həyat tərzlərinə uyğun olaraq fərqli şəkildə formalaşmışdır.

Yazılı mənbələr göstərir ki, qədim cəmiyyətlərdə bu problemə daha rahat yanaşıblar. Vedalar dövründə Hindistanda qadınlar həyatın bütün sahələrində kişilərlə bərabər statusda idilər. “Patanjalı və Katyayana” əsərində qadınların erkən Veda dövründə təhsil aldığı haqqında məlumat verilir.

Eramızdan 3500 il əvvəl Qədim Şumerdə qız və oğlanlar miras baxımından bərabər hüquqlara malik idi. Üstəlik Şumer ölkəsində kişi qadından icazəsiz ailəyə məxsus əmlakı sata bilməzdi. Qədim Misirdə qadınların məhkəmələrdə şahidlik etmək və övladlığa uşaq götürmək hüquqları var idi. Arxaikaya qədərki dövrlərdə Qədim Yunanıstanda qadınlar kişilərlə bərabər hüquqlara malik idilər. Delfi, Fesaliya və Spartada qadınlar əmlak sahibi idilər.

Orta əsrlərdə qadına münasibət qədim cəmiyyətlərdən fərqli idi; qadını ya nəsil artıran varlıq kimi qəbul edib, “örtülü” saxlamış, ya da  bu zərif məxluqu eşq, zövq və ya şəhvət obyekti kimi vəzf etmişlər. Hər iki halda qadın azadlığı arxa planda qalmışdır. İslam Şərqində qadınların rəftar və davranışlarına qoyulmuş məhdudiyyətlər, dini nadanlıq və cəhalətdən qaynaqlanırdı. Qadına bu cür münasibətin həqiqi İlahi təlimlə heç bir əlaqəsi yoxdur. Hətta Orta Əsrlərin “çırhacır” dövrlərində belə qadına bu cür münasibətlə barışmaq istəməyənlər var idi. Cahil düşüncələrin ən böyük təkzibedicisi Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvi idi. Dahi şairin bir sıra qəhrəmanları kişilərlə bərabər səviyyədə dayanan qadınlardır. Bərdə hökmdarı Nüşabəni xatırlamaq yetərlidir. “İsgəndərnamə” əsərində müəllif qadın azadlığı barədə fikirlərini Qıpçaq Xaqanının sözləri ilə bu cür anladır:

“Padişahım, sən gəl, bu xalqın üzünü niqab ilə gizləmə! Daha yaxşısı budur ki, örtüyü öz gözlərinə as!”

Yaşadığımız günlərdə də qadınların kişilərə tabe olmasına, gender bərabərsizliyinə haqq qazandıranlar var. Bu səbəbdəndir ki, cəmiyyətdə qadınlar mütəmadi olaraq ayrı-seçkiliyə məruz qalır.

Xalqımızın mütəfəkkir şairi Hüseyn Cavidin yaradıcılığında da ailə və cəmiyyətdə qadına münasibət, qadının rolu və yeri məsələsi mühüm yer tutur.

“Mənim tanrım gözəllikdir, sevgidir” deyən şairi Azərbaycanın və ümumilikdə Şərq qadınının acı taleyi düşündürməyə bilməzdi. Hüseyin Cavidin demək olar ki, elə bir əsəri yoxdur ki, orada qadınla bağlı bu və ya digər məsələyə toxunulmasın və o bu məsələyə öz münasibətini bildirməsin. H. Cavid çadranı qadınların düşməni sayır,  onu “zülmətin pərdəsi adlandırırdı:

“Olıyor iştə hüququn pamal
Çalış, öyrən, ara, bul, həqqini al!
Pərdeyi-zülmət içindən sıyrıl!
Qəhrəmanlar kimi qavğaya atıl!”

H.Cavid qadının əsarətdən xilas olmasının yolunu, onun maariflənməsində, elmə, biliyə yiyələnməsində, öz hüquqları uğrunda mübarizədə görürdü.

Mənsurə Dilavər Çümşüdlü