- Ədəbiyyat

Məsihi “Divan”ı mətninin Əlyar Səfərli tərəfindən hazırlanmış Tehran və Bakı nəşrləri haqqında

 28 dekabr – görkəmli ədəbiyyatşünas, bir çox alimlərin yetişməsində rolu olmuş,  dəyərli ustad müəllimimiz AMEA-nın müxbir üzvü, professor Əlyar Səfərlinin doğum günü idi. 4 yanvar 2017- ci il tarixində isə haqqın dərgahına qovuşmuşdur. Bu günlərdə onu yad etməyimiz vacibdir.

Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, qədim və orta əsrlər ədəbiyyatı üzrə əlyazma mətnlərinin düzgün tərtib və nəşri  işi son dərəcə çətin və məsuliyyət tələb edən bir prosesdir. Bu səbəbdən, dünya mətnşünaslıq elmində ədəbi mətnlərin hazırlanmasında tarixən ənənəvi və qeyri – ənənəvi prinsiplər mövcud olmuşdur.  Azərbaycan mətnşünaslıq elminin inkişafını izlədikdə, qədim və orta əsrlərə aid ədəbi materialların tərtib və nəşrində həm ənənəvi, həm də qeyri-ənənəvi prinsiplərin tətbiq olunduğu müşahidə olunur ki, bu da ədəbi mətndə hər hansı bir sənətkarın sənətinin tam ifadə olunmasına şərait yaradır və ədəbi mətn  elmin müxtəlif sahələrinin inkişafına zəngin material vermiş olur. Qədim yunan əlyazmaları üzrə görkəmli alim A.Denin aşağıdakı fikrini xatırlatmaq yerinə düşür. “Filologiya elmlərinin bütün inkişafı mətnlərin nəşri problemi ilə bağlıdır.” (1,67)

Orta əsrlər Azərbaycan klassiklərinin əsərlərinin çap olunmasında AMEA-nın müxbir üzvü, professor Əlyar Səfərlinin xüsusi rolu vardır. O, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə görkəmli mütəxəssis – alim, yorulmaz tədqiqatçı, öz biliklərini tələbələrinə son dərəcə böyük məsuliyyətlə tədris edən ustad- pedaqoq olmaqla yanaşı, həm də klassik ədəbi mətnlərin tərtib və nəşrində böyük rolu olmuş bir şəxsiyyətdir. O, Qazi Bürhanəddin, Əmani, Nəsimi, Kişvəri, Füzuli, Fədai, Məsihi, Məhcur Şirvani, Məhəmməd Şəhriyar kimi şairlərin əsərlərinin, XIII əsrdə Azərbaycan dilində ilk məsnəvi olan “Əhməd Hərami dastanı”nın mətninin nəşri və sair işlərlə Azərbaycan elminə əvəzsiz töhfələr vermişdir.

Ə.Səfərlinin ağır zəhmət hesabına başa gələn bu nəşrlərindən biri əslən Təbrizli Azərbaycan şairi Məsihinin “Vərqa və Gülşa” məsnəvisi və “Divan”ı mətnlərinin hazırlanması işidir.

Məlumdur ki, Əlyar Səfərli Azərbaycan Dövlətinin İran İslam Respublikasında səfiri işlədiyi illərdə Məsihi “Divan”ının yeganə  əlyazma nüsxəsini tapmış, Divanın mətnini tərtib edərək (h.1377) 1998-ci ildə Tehranda Rastan nəşriyyatında və 2012-ci ildə Bakıda “Elm” nəşriyyatında çap etdirmişdir. Divanın Tehranda nəşr olunduğu Rastan nəşriyyatının məsul müdiri Əlirza Fəllahinin müqəddimədə  qeyd etdiyi kimi, bu əlyazma nüxsəsini “Əlyar Səfərli  İsfahan Mədəniyyət kitabxanasından kəşf edərək əldə etmişdir”.(2,7)

Məlumdur ki, bu nadir əlyazma nüsxəsi Azərbaycan  Qacarlar Dövlətinin maliyyə naziri vəzifəsində çalışmış, özü də əslən Qacarlar nəslindən olan Əkbər Məsudun şəxsi kitabxanasında saxlanmış, (h.1344) 1965-ci ildə İsfahan kitabxanasına yerləşdirilmişdir.

Görkəmli alim Əlyar Səfərli tərəfindən bu əlyazma nüsxəsinin İsfahanda müəyyən olunub tapılması Azərbaycan mətnşünaslıq elmində son dərəcə mühüm bir hadisə idi. Ə. Səfərli özü bu haqda Məsihi “Divanı”nın Bakı nəşrində yazırdı: “Görünür, Əkbər Məsudun şəxsi kitabxanasında çoxlu əski əlyazmaları varmış. Ancaq pəhləvilər hakimiyyətə keçəndən sonra türk əlyazmaları mühafizə olunmamışdır. Məsihi Divanının əlyazması fars əlyazmaları içərisində təsadüfən qurtulub qalmışdır”. (3,4)

Ə.Səfərli Məsihi “Divanı”nın Tehran və Bakı nəşrlərinə yazdığı giriş hissələrdə görkəmli sənətkarın yaşadığı dövrdə Güney Azərbaycanda ictimai-siyasi vəziyyət, ədəbi mühit haqqında dolğun analitik araşdırma aparır, şairin “Divan”ında yer alan qəzəl, qitə, müxəmməs, rübai və sair janrlarda yazdığı nəfis şeirlərini tədqiqata cəlb edir.

XVI əsrin sonu XVII əsrin əvvəllərində Güney Azərbaycanda tarixi-kulturoloji aspektlərin müəyyənləşdirilməsi, Şah İsmayıl Xətayinin ölümündən sonra siyasi hakimiyyətdə baş verən dəyişikliklərin ictimai mühitə təsiri, türk milli- mənəvi dəyərlərinin məhdudlaşdırılmasının səbəbləri və sair məsələlərin öyrənilməsi işində Ə.Səfərlinin tədqiqatları mühüm əhəmiyyətə malikdir. Görkəmli alim “Divan”ın Bakı nəşrinə yazdığı girişdə qeyd edir ki,  Şah İsmayılın nəvəsi Məhəmməd Xudabəndə hakimiyyətə keçdikdən “bir müddət sonra gözləri tutulur, arvadı Xeyransa bəyim(öl.1579) və baş vəzir Mirzə Salman dövləti idarə etməyə başlayır. Mazandaranlı Xeyransa bəyim və İsfahanlı Mirzə Salman türkləri dövlət işlərindən, ordudan uzaqlaşdırır, ölkədə dərəbəylik hökm sürür. Çox keçmədi ki, Xeyransa bəyim qızılbaş türklər tərəfindən öldürüldu. Hakimiyyətə keçən Şah Abbas anasının qisasını türklərdən aldı. Şah Abbasın fərman və göstərişləri ilə qızılbaş türklər rəsmi dairə və vəzifələrdən qovuldu, türk tayfalarına səlahiyyətlər verilmədi. Şah Abbas mürtəce anti-türk  siyasəti apardı, belə ki, çox keçmədən Səvəfilərin paytaxtı Qəzvindən İsfahana köçürüldü”.(3,4)

Əlyar Səfərli tərəfindən Məsihi “Divan”ının tapılması, bu yeganə əlyazma nüsxəsi əsasında hazırlanan nəşr orta əsrlər Azərbaycan poetik məktəbi ənənələrinə dair bir sıra mühüm problemlərə yenidən işıq salmış oldu. Məsihi “Divan”ında Azərbaycan poeziyasına məxsus bir sıra özəl xüsusiyyətlər diqqəti cəlb edir. Şairin “Divan”ında minacat yerində dayanan:

تجلی سیندین ائتکا شورلار هر جا  حسنون که  زهی

بولور پیدا            هجوم ذره تک کیم مهر نوریدین   (2,30)

Zəhi hüsnün ke təcəllisindin etka şurlar hər ca,
Hücumi-zərrə tək kim mehr nuridin bulur peyda (3,4)

mətləli ilk qəzəlin qafiyə sistemi göstərir ki, Məsihi türkcə yazdığı bu şeirlərində, Azərbaycan ədəbi məktəbi ənənələrinə sıx bağlıdır. Onun ilk qəzəlinin qafiyə sistemi – Nizami Gəncəvi, Nəsimi, Cahanşah Həqiqi, Həmdi, Xətayi, Həbibi, Füzuli “Divan”larında yer alan minacat tipli ilk qəsidə, yaxud qəzələ uyğun qurulmuşdur.

Onu da qeyd etmək lazımdır ki, bu həmahəngliyi XV əsrdə Əlişir Nəvayi də öz “Divan”larında gözləmişdir. Buradan həm də aydın olur ki, Nizami Gəncəvinin məsnəvi əsərlərilə yanaşı, “Divan” yaradıcılığı da türk şeiri üçün müstəsna sənət meyarı olmuşdur.

Məsihi “Divan”ının dibaçəsində Azərbaycan ölkəsinin adını çəkir, poeziyasında türk dilinin ən gözəl ifadə vasitələrindən faydalanaraq, Azərbaycan dilində zəngin lirik nümunələr yaradır. Onun “Divan”ında yer alan lirik əsərlər XVI-XVII əsrlərdə Azərbaycanda türkdilli şeirin zəngin və çoxcəhətli inkişafının bariz nümunəsidir.

Belə bir zəngin “Divan” nüsxəsini əldə edərək, Güneyli- Quzeyli həmvətənlərinə çatdıran Əlyar Səfərli sözün əsil mənasında cəsur şəxsiyyət, Azərbaycan amalı ilə yaşayıb-yaradan zəhmətkeş bir alim idi. O, Məsihi “Divan”ının Tehran çapını böyük bir səmimiyyət, vətən yanğısı ilə öz xalqına ərməğan edib yazmışdı: “Ulusum üçün…”(2,5)

Bu gün onun bir tələbəsi olaraq, mən də deyirəm: Əziz ustad! Böyük Ulusun daim var olsun!

Ədəbiyyat:

1.Г.О.Винокур. О языке художественной литературы. Москва, Высшая школа, 1991,

с. 65-69.

2.Məsihi. Divan. Yeni tapıntı. Tərtib və önsöz: professor Əlyar Səfərli, redaktoru: Hüseyn Şərqi Soy Türk. Tehran, “Moəsse-ye fərhəng-e Enteşarat-e Rastan”, 1998, 434 səh.

3.Məsihi. Divan. Ön söz, tərtib, açıqlamalar və sözlüyün müəllifi: Əlyar Səfərli. Bakı, “Elm”, 2012, 480 səh.

Zəhra Allahverdiyeva
Filologiya üzrə fəlsəfə doktoru,dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Nizamişünaslıq şöbəsi
zahra.allahverdiyeva@mail.ru