Qəzənfər KAZIMOV, professor
Ünsiyyətin əsas vahidi olan cümlə bitmiş fikir ifadə etsə də, onun ifadə etdiyi fikir bitkinliyi nisbi xarakter daşıyır. Cümlə onu əhatə edən cümlələr birliyində, mətn mühitində struktur-semantik xüsusiyyətlərini tam şəkildə üzə çıxara bilir. Cümlələrin müəyyən fikir ətrafında əlaqəli birliyi mətnin yaranmasına səbəb olur.
Mətnin yaranmasının əsaslı qanunauyğunluqları vardır. Mətnin təşkili mexanizmi, qurulma texnikası ardıcıl gələn cümlələrdə semantik proqressiya ilə bağlıdır. Bu sahədəki qanunauyğunluqların hərtərəfli tədqiqi bir sıra dil problemlərinin həllinə kömək edir, dilin funksional əhəmiyyətini daha ətraflı üzə çıxarır. Ona görə də sintaksisin vəzifəsi yalnız söz birləşməsi və cümləni öyrənməklə məhdudlaşmır. Yeni dövrdə mətnin struktur-semantik xüsusiyyətləri onun əsas tədqiq obyektinə çevrilmişdir.
M ə t n (ərəb mənşəli olub, rusca tekst, yunanca texstum – birləşmə sözünə uyğundur) – möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir. Mətn sözü bir dilçilik termini kimi, müxtəlif mə`nalarda başa düşülür – dilçilik tədqiqatlarında iki növə – mikro və makromətnlərə ayrılır.
M a k r o m ə t n l ə r – mə`nası, məqsədi, strukturu, kompozisiyası, qrammatik və kommunikativ bütövlüyü olan cümlələr, abzaslar birliyidir, geniş mətnlərdir. Kiçik bir miniatür də, bir mənsur şe`r də, bir hekayə də, bir povest də, bir roman da bütövlükdə makromətn hesab olunur. M.F.Axundovun “Aldanmış kəvakib” povesti də, S.Rəhimovun “Şamo” romanı da müstəqil makromətnlərdir. Makromətnlər həmişə dilçilik tədqiqatının obyekti olmuşdur. Dilçilik dünyaya göz açdığı ilk gündən öz işini makromətnlər üzərində qurmuşdur. Biz hazırkı dövrdə də dilimizin fonetik sistemini, lüğət tərkibini, morfoloji və sintaktik quruluşunu, üslubi imkanlarını öyrənmək üçün makromətnlərə müraciət edir, fikrimizi “Kitabi-Dədə Qorqud”dan, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, S. Rəhimov, M.İbrahimov, H.Mehdi, B. Vahabzadə, İ.Hüseynov və b. görkəmli söz ustalarının əsərlərindən gətirdiyimz dil faktları üzərində qurur, əsaslandırırıq.
M i k r o m ə t n l ə r – mətn dilçiliyinin spesifik tədqiqat obyektidir. Əslində, “mikromətn” termini də müxtəlif mə`nalarda başa düşülür. Bu sözün mətn dilçiliyinə qədərki mə`nası hamıya mə`lum və aydındır: təhlil, tədqiq üçün seçilən bir və ya bir neçə cümlə mə`nasındadır. Lakin mətn sintaksisində nəzərdə tutulan mikromətn xüsusi səciyyəvi əlamətləri olan linqvistik vahiddir və bu cəhətdən cari təhlil üçün seçilən hər hansı cümlələrdən, kiçik mətn parçalarından əsaslı şəkildə fərqlənir. Mikromətn bu sonrakı mə`nada s i n t a k t i k b ü t ö v l ə r ə uyğundur.
Mətn sintaksisi və aktual üzvlənmə problemləri keçən əsrdən dilçilik tədqiqatına daxil olsa da, mətnin qurulma texnikası, kommunikativ funksiyası faktik olaraq, XX əsrin ortalarından tədqiqat meydanını genişləndirmişdir. Yaşı az olduğu üçün gətirdiyi saysız-hesabsız yeni terminlərin bir çoxu sinonim xarakterdədir və sinonim cərgənin dominant üzvü hələ də tam sabitləşməmiş, öz ekvivalentlərini tam sıxışdırmamışdır. Odur ki bu sahənin tədqiqatçıları “mikromətn” termini ilə yanaşı və həmin terminə sinonim kimi, “sintaktik bütövlər”, “mürəkkəb sintaktik bütövlər”, “period”, “abzas”, “diskurs”, “frazafövqi vahid”, “prozaik bəndlər”, “tekst” və s. terminlərdən istifadə edirlər.1
“Makromətn”,”mikromətn” və ümumiyyətlə, “mətn” termininin mə`nası ümumi və yayğın olduğundan mətn sintaksisinin tədqiqat obyekti üçün xüsusi ad seçmə meyli güclüdür və yuxarıda qeyd etdiyimiz termin müvazilikləri də müxtəlif dilçilər tərəfindən həmin meyllə əlaqədar yaradılmışdır. Çünki mətn sintaksisinin tədqiq obyekti olan mikromətnlərin real səciyyəvi əlamətləri vardır.
Müşahidə olunur ki, qeyd etdiyimiz terminlər içərisində tədricən sintaktik bütövlər termini üstünlük qazanmaqdadır. Digər terminlər isə bir qədər fərqli anlayışların ifadəçisinə çevrilməkdədir. Ona görə də onların sintaktik bütövlərlə ortaqlı cəhətləri ilə yanaşı, fərqləri də müəyyənləşməkdədir.
Sintaktik bütövlər mətn sintaksisinin xüsusiləşmiş tədqiq obyektidir və mahiyyət e`tibarilə “mikromətn” termini ilə sinonimdir.
S i n t a k t i k b ü t ö v – əlaqəli nitqin (mətnin) cümlədən böyük elə bir bitkin mə’nalı parçasıdır ki, onu bir daha bitkin mə’nalı mətnlərə ayırmaq olmaz. Bu cəhətdən sintaktik bütövlər morfemləri xatırladır. Morfem dilin bir daha mə`nalı vahidlərə parçalana bilməyən ən kiçik mə`nalı vahidləri olduğu kimi, sintaktik bütövlər də mətnin bir daha bitkin mə`nalı mətnlərə bölünə bilməyən ən kiçik mə`nalı parçasıdır.
Makromətnlər mikrotemalar silsiləsi əsasında formalaşır və əsərin həcmindən asılı olaraq, saysız mikrotemaların ustalıqla əlaqələndirilməsi yolu ilə əsas temanı oxucuya çatdırır. Bu cəhətdən makromətn bir-birinə keçirilmiş tor şəbəkələr kimidir. Hər bir sintaktik bütöv isə ayrıca bir mikrotema üzərində qurulur. Yə`ni hər bir sintaktik bütövün özünün mikroteması olur. Həmin mikrotemalar birləşərək makromətnin yaranmasına səbəb olur. Ona görə də təhlil üçün lazım olan hər bir sintaktik bütöv (mikromətn) makromətn içərisindən seçilib çıxarılır. Deməli, sintaktik bütövlər (mikromətnlər) makromətnlərin hissələridir.
Bir mikrotema üzərində qurulmuş sintaktik bütövü əmələ gətirən cümlələr üç cəhətdən – semantik, struktur və üslubi cəhətlərdən formalaşır. Ona görə də sintaktik bütövlərin sərhədini müəyyənləşdirərkən onların semantik, quruluş və üslubi bütövlüyünə diqqət yetirmək lazım gəlir.
Mətnin semantik bütövlüyü mikrotemanın şərhi ustalığı ilə bağlıdır. Mikrotemanın şərhi başlanğıc, inkişaf və nəticədən ibarət üç mərhələdə başa çatır. Başlanğıc mərhələdə tema haqqında ümumi mə`lumat verilir; ikinci mərhələdə (inkişaf) tema şərh edilir; üçüncü mərhələdə ümumiləşdirilir və yekunlaşdırılır. Bundan sonra yeni mikrotemaya, deməli, yeni sintaktik bütövə keçilir. Məsələn:
İndi sənə kimdən danışım, Kamırxan qarıdan.
Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatla deyərdilər: “Filankəs Nadiri taxtda görüb”. Amma Kamırxan qarı, doğrudan da, Nadiri taxtda görmüşdü, yə`ni Nadir şah Qarabağa hücum eləyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə qarı o qədər qocalmışdı ki, balacalanıb olmuşdu bir tikə, gözləri də olmuşdu noxud boyda. Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular…(İ.Əfəndiyev)
Birinci cümlə makromətnin ən müstəqil və ən ümumi cümlələrindəndir. Bu cümlənin məzmununu bir sintaktik bütövdə açmaq olmaz. Həmin cümlənin məzmununu tam açmaq üçün Kamırxan qarının yaşadığı yer, zaman, qarının əri, ailəsi, övladları, zahiri və daxili aləmi, yaşı, gəncliyi, dostları və düşmənləri, mübarizə üsulları və s. barədə mə`lumat vermək lazımdır. Ona görə də yuxarıdakı mətnin ilk cümləsi ən ümumi və müstəqil cümlə olub, silsilə sintaktik bütövlərlə cözülə-çözülə açılmalıdır. Həmin cümlədən sonra gələn mətn son cümləyə qədər bir sintaktik bütцvdən ibarətdir və bir mikrotema üzərində qurulmuşdur. Mikrotemada əsas məqsəd Kamırxan qarının çox yaşlı bir qadın olduğunu şərh etməkdir. Ona görə də üç cümlədən ibarət olan bu sintaktik bütövdə qarının yaşlı olduğunu bildirmək üçün “Nadiri taxtda görüb”, “çox yaşlı”, “doğrudan da, Nadiri taxtda görüb”, “Nadir Qarabağa hücum eləyəndə (əsr yarım əvvəl) nişanlı qız imiş”, “o qədər qocalmışdı ki”, “olmuşdu bir tikə”, “gözləri noxud boyda” kimi ifadə və cümlələr işlədilmiş, mikromətn qarının çox qoca və yaşlı olduğunun təsviri üzərində qurulmuşdur. Birinci cümlə (Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə zarafatla deyərdilər: “Filankəs Nadiri taxtda görüb”) başlanğıcdır, cümlədə çoxyaşlılığa xalqın münasibəti barədə mə`lumat verilir. İkinci cьmlədə qarının həqiqətən çox yaşlı olduğu, həqiqətən Nadiri taxtda gördüyü, o zaman (əsr yarım əvvəl) onun nişanlı qız olduğu göstərilir və tema inkişaf etdirilir. Son cümlə nəticədir, yekundur: yaşın çoxluğundan qarının bir tikə, gözlərinin noxud boyda olması tema haqqında mə`lumatı sona çatdırır. Bu üç cümlə “yaşlılıq”,”yaşın çoxluğu” mikroteması ətrafında birləşmiş bir sintaktik bütövdür. Verdiyimiz sintaktik bütövün axırındakı cümlədən (Kamırxan qarıgil Güney Güzdək kəndində olurdular) aydın olur ki, müəllif “yaş” temasını bitirdikdən sonra artıq yeni mikrotemaya – “yaşadığı yer” temasına keçmişdir.
Onu da qeyd etmək lazımdır ki, bu sintaktik bütöv üç cümlədən ibarət olsa da, bu forma sintaktik bütövlər üçün standart forma deyil. Sintaktik bütövlər daha çox cümlədən, daha iri mətndən ibarət ola bilər. Bu, daha çox orta – inkişaf mərhələsinin şərhindən asılıdır. İnkişaf və yekun mərhələləri mövzudan və müəllif üslubundan asılı olaraq bir neçə cümlə ilə verildiyi kimi, daha çox cümlə ilə də verilə bilər. Sintaktik bütövü təşkil edən hər bir müstəqil cümlə özündən əvvəlkinə nə isə bir şey əlavə edir, onu zənginləşdirir və bu şəkildə mikrotema haqqında bitkin fikir söylənmiş olur.
Sintaktik bütövlər spesifik sintaktik-semantik əlaqələrlə (zəncirvarı əlaqə, paralel əlaqə) qurulur, komponentləri vahid subyektiv-modal çalara malik olur, eyni cür intonasiya ilə tələffüz edilir.
Sintaktik bütövləri diqqətlə öyrənməklə makromətnləri hərtərəfli öyrənə bilərik. Odur ki ilk növbədə sintaktik bütövlərin qurulma texnikası, sərhədləri müəyyənləşdirilməlidir; sintaktik bütövlərlə mürəkkəb sintaktik bütövlərin, abzas, period, frazafövqi vahid, diskurs, prozaik bənd və s.-in əlaqə və münasibətlərini aydınlaşdırmaq, mətndaxili semantik və struktur əlaqələri, tematik proqressiya və nitqin kommunikativ funksiyasının reallaşmasında aktual üzvlənmənin rolu aydınlaşdırılmalıdır.
“Sintaktik bütöv” termini əvəzinə, bə`zən mürəkkəb sintaktik bütöv termini işlədilir. Şübhəsiz, burada “mürəkkəb” sözü artıqdır. Çünki “bütöv” sözündə mürəkkəblik anlayışı vardır və “sintaktik bütöv” termini “söz birləşməsi”, “cümlə”, “mürəkkəb cümlə” terminlərinin heç biri ilə qarışmadan bunların hamısından fərqli – yuxarı sintaktik quruluşu heç bir dolaşıqlığa səbəb olmadan səlis şəkildə ifadə edir. Mürəkkəb sintaktik bütöv bir neçə sintaktik bütövün birliyindən ibarət ola bilər.
Bə`zən sintaktik bütövlə a b z a s (almanca Absatz -başlanğıc sətirdə çəkilmə; sintaktik bütöv) eyniləşdirilir. Çünki abzasla sintaktik bütövlər arasında həqiqətən uyğunluq vardır. Əksərən bir mikrotema bir abzas daxilində – bir abzasda verilir və bu hal abzasla sintaktik bütövü həcm e`tibarilə bərabərləşdirir. Məsələn:
Sevindik pəncərənin gözünə çatmışdı. Əyilib deşikdən baxanda qız, onun stolunun üstü görünürdü. Əyilmədən, dik baxsa, şüşə arxasından onu da, ondan başqa oradakı iki həkimi, başqa bir qeydçini də seyr etmək mümkündü. (S.Əhmədov)
Bu mətn bir sintaktik bütövdən və bir abzasdan ibarətdir. Lakin bədii əsərlərdə heç də həmişə bir abzas bir sintaktik bütövə uyğun gəlmir. Bə`zən bir sintaktik bütöv bir neçə abzasda və ya bir abzasda bir neçə sintaktik bütöv verilir (bunlardan ikincisi bədii dil üçün daha xarakterikdir). Birinci hal müəllifin üslub qüsuru, ikinci hal üslub səlisliyi ilə izah oluna bilər.
Abzaslar arasında fasilə daha böyük olur. Ona görə də bir abzasın bir neçə əlaqəli sintaktik bütövü özündə birləşdirməsi təbii sayıla bilər. Bu cür abzasları (iki və daha artıq sintaktik bütövü özündə birləşdirən abzasları) “mürəkkəb sintaktik bütöv” adlandırmaq olar. Abzaslara yalnız texniki vasitə, mətbəə işarəsi, üslubi kateqoriya kimi baxmaq olmaz. Abzaslarda da fikir bitkinliyi olur.
Sintaktik bütövlər bə`zən p e r i o d l a (yunanca reriodos – dairəvi fırlanma) eyniləşdirilir. Periodla sintaktik bütövlər arasında da yaxınlıq vardır. Bir sintaktik bütöv bir period şəklində ifadə oluna bilər. Fərqləri burasındadır ki, sintaktik bütövlər sağ tərəfdən açıq qalır, lakin period sağ tərəfdən başlanğıc cümlə ilə (və ya ona uyğun sözlə, ifadə və cümlə ilə) qapanmış olur. Məsələn:
Mən yazın qoxusunu gətirən adi bir küləyin əsməsindən ürək dolusu sevinərdim. Uşaq olsam da, sevinərdim. Mən pəncərələrin altında dayanıb, evlərdən gələn laylay səsinə qulaq asardım. Axşam çağları günəş dağların dalına çəkiləndə xəlvət bir yerdə dayanıb, göylərin ətəyinə səpələnmiş qırmızı buludlara baxar, xəyala gedərdim. Səhər yerimdən durub həyətimizdə bircə gül açıldığını görəndə, ürək dolusu sevinərdim. (Ə.Əylisli)
“Yazın gəlişindən doğan uşaq sevinci” adlandırıla bilən bu mətn bir mikrotema üzərində qurulmuş bir sintaktik bütövdən ibarətdir. Bu sintaktik bütöv period şəklindədir: sevinərdim sözləri ilə başlayıb həmin sözlə qapanmış, bir növ qapalı dairə yaranmışdır. Sintaktik bütövlərdə bu dairə qapanmaya da bilir, mikrotema haqqında ümumiləşdirici söz deyilib yeni temaya keçilir.
Period adətən böyük olur, bir neçə sintaktik bütövü özündə birləşdirdikdən sonra dairə qapanır. Göründüyü kimi, periodun formalaşmasında təkrarların rolu daha çox olur. Yalnız müstəqil leksik vahidlər, söz birləşmələri, ifadə və cümlələr deyil, ara sözlər, xitablar, nidalar da dairəvi qapanmaya səbəb olur.
Bə`zi alimlərin fikrinə görə, periodun təşəkkülündə frazafövqi v a h i d l ə r i n rolu daha böyükdür. Frazafövqi vahidlər haqqında fikirlər daha çox mübahisə doğurur. Frazafövqi vahidləri bə`zən mətnlə, abzasla (və ya abzasın bir hissəsi ilə), sintaktik bütövlə, aktual üzvlənmə ilə əlaqədar ayrılan hissə, nitq seqmenti və s. ilə eyniləşdirənlər vardır.2 Bə’zilərinin fikrinə görə, frazafövqi vahidlərin vahid forması yoxdur, fonem şəklində də çıxış edə bilir, morfem, leksem, söz birləşməsi, cümlə və hətta sintaktik bütöv şəklində də. V.S.Yurçenkonun dediyi bir fikri xatırlasaq, – “Təfəkkür vahidi hökm, dil vahidi cümlə, nitq vahidi isə mə”lumdur ki, fraza adlanır” – məsələyə aydınlıq gətirmək olar. Fraza bir səsdən, bir morfemdən, bir leksemdən, sintaqmdan, söyləmdən ibarət ola bilər, lakin sintaktik bütövdən ibarət ola bilməz. Bəlkə də ola bilər, lakin o daha frazafövqi vahid ola bilməz, sadəcə frazalar toplusundan ibarət olar. Frazafövqi vahid isə frazalar fövqündə dayanan frazadan ibarət olmalıdır. Elə buna görə də bir çoxları qeyd edirlər ki, frazafövqi vahid yalnız cümlələr əhatəsində özünü doğrulda bilir.
Bütün bunlardan aydın olur ki, frazafövqi vahidi sintaktik bütövə (abzasa, perioda və s.) bərabər tutmaq olmaz. O, mətn yaradan, fikir nüvəsini təşkil edən səsdən, sözdən, ifadədən, söyləmdən ibarət nitq vahidi, mətnin daxili komponentlərindən ən çox nəzərə çarpanı, aparıcısıdır.
Sintaktik bütövün (və ümumiyyətlə, mətnin) forma-quruluş cəhəti onun leksik tərkibi, qrammatik cəhətdən necə formalaşması, mətnin komponentlərinin hansı vasitə və üsullarla əlaqələnməsi, prosodik vasitələr (intonasiya, fasilə, vurğu) və s.-dən asılıdır. Mətnin qurulması, formalaşması ьçün semantik cəhətlə yanaşı, onun komponentləri qrammatik cəhətdən də bir-biri ilə əlaqələnməlidir.