- Ədəbiyyat

Məzəli söhbətlər

Bax, bu da fəlsəfədir

İki nəfər söhbət edir. Biri digərindən soruşur:

— Bura bax, məntiq nə deməkdir?

— Hmm, necə izah edim?! Bax, görürsən, iki kişi gəlir. Birinin üst-başı çirklidir, o biri tər-təmiz. Səncə, onların hansı hamama getməlidir?

— Gün kimi aydındır; əlbəttə ki, kirli olan.

— Ay sağ ol. Çirkli olan hamama getməlidir. Bax, buna məntiq deyirlər.

— Bəs onda dialektika nədir?

— Həə, bax, iki kişi gəlir. Yenə eyni sualı verəcəm: birinin üst-başı çirklidir, o biri tər-təmiz. Səncə, onların hansı hamama getməlidir?

— Dedim axı bayaq: kirli olan.

— Yox! Təmiz olan. Çirkli olan, onsuz da çirklidir də. Elə hamama getmədiyi üçün pasaqlıdır. Bax, buna dialektika deyirlər.

— Pah atonnan! Yaxşı, bəs, fəlsəfə nədir?

— Bax, iki kişi gəlir: biri çirkli, o biri təmiz. Hamama hansı gedəcək?

— Daha bilmirəm nə deyim…

— Bax, bu da fəlsəfədir.


Qardaşın olsaydı, o, kartof qızartmasını xoşlayardımı?

Gənc oğlan ilk dəfə sevdiyi qızla görüşə gedir. Atası ona ürək-dirək verməklə, məsləhətini də əsirgəmir:

  • İşdir birdən sözün qurtarsa, ya nə deyəcəyini bilməsən, vəziyyətdən çıxış yolu üçün üç əbədi mövzu var: dar macalda yemək, ailə və fəlsəfə. Bunlardan söz aç, daha sənə zaval olmayacaq.

Görüş vaxtı qəhrəmanımızın həyəcandan nitqi quruyur, aradakı sükutu nə cürsə pozmaq lazımdır, amma necə? Birdən atasının məsləhəti yadına düşür və qıza deyir:

  • Kartoflu qızartması xoşlayırsan?
  • Yox, – qız dillənir.

Yenə arada uzun bir pauza yaranır. İkinci məsləhəti işə salmaq lazım gələcək – oğlan düşünür.

  • Qardaşın var?
  • Yox, – qız cavab verir. Və yenə arada uzun fasilə yaranır. Oğlan sonuncu kartı açmaq qərarına gəlir: fəlsəfə məsələni həll etməlidir…
  • Bəs, səncə, qardaşın olsaydı, o, kartof qızartmasını xoşlayardımı?


İrlandın fəlsəfəsi

Həyatda səni narahat edən iki məqam var: ya sağlamsan, ya da xəstə.

Əgər sağlamsansa, onda narahatlığa əsas yoxdur, yox əgər xəstəsənsə, onda narahatlıq üçün iki səbəb var:

Ya yaxşılaşmalı, ya da ölməlisən. Əgər yaxşılaşacaqsansa, onda narahat olmağa dəyməz. Ancaq ölsən, narahatlıq üçün iki əsas var:

Ya cənnətə, ya da cəhənnəmə düşəcəksən. Əgər cənnətə düşsən, niyə narahat olasan ki? Amma cəhənnəmə düşsən, orada dostlarını görüb başın elə qarışacaq ki, narahat olmağa vaxtın da qalmayacaq.


Kompüterin cinsi

Bir dəfə qadınlar və kişilərdən ibarət qrupa belə bir sual verildi: “kompüter kişi cinsinə, yoxsa qadın cinsinə məxsusdur?” Seçimləri üçün 4 izah vermək tələb olunmuşdu.

Qadınlardan ibarət qrup aşağıdakı əsaslarla kompüterin kişi olduğu qənaətinə gəldi:

1) diqqətini cəlb etmək üçün “düyməsini basmaq” (qoşmaq, yandırmaq mənasında) lazımdır;

2) məlumatlıdır, lakin heç nə haqqında tam təsəvvürə malik deyil;

3) ehtimal olunur ki, sizin problemlərinizi həll edəcək, amma əsasən özü problemə çevrilir;

4) onu əldə edən kimi başa düşürsən ki, əgər əvvəlki məsləhətləri dinləsəydiniz, indi daha yaxşısı qismətinizə çıxardı.

Kişilərdən ibarət qrup isə belə nəticəyə gəldi ki, kompüter qadın cinsinə mənsubdur və aşağıdakı səbəblər əsas gətirildi:

1) onun daxili məntiqini yaradıcısından başqa heç kim başa düşmür;

2) başqa bir kompüterlə danışdığı dil ümumiyyətlə anlaşılmır;

3) ən kiçik səhv belə onun yaddaşında qalır, sonra ən uyğun olmayan anda üzə çıxır;

4) birini əldə edən kimi, artıq bundan sonra maaşınızın yarısını onun “aksesuarlarına” ödəməli olduğunuzu başa düşürsünüz.


Lüğətlər haqqında

Dili/dilləri anlamaqla, dildən anlamağın arasında yerlə göy qədər fərq var. Siz monolinqual (yalnız bir dil bilən), baylinqual (iki dil bilən), poliqlot (üç-beş dil bilən),  hayperqlot (altıdan çox dil bilən) ola bilərsiniz, Süleyman kimi quş dilini də bilə bilərsiniz yeri gəlsə, amma elə məqamda ilişib qalarsınız ki, “ey dadi-bidad, axı bu sözlər necə bu nitqdə öz leksik mənalarını itirib, yeni çalar qazana bilir?” deyərsiniz.

Məsələn, eyni dilin daşıyıcısı olan qadınlarla kişilər paradoksal olaraq ayrı-ayrı dillərdə danışırlar. Misallara baxaq:

Kişilər üçün “Qadın dili” lüğəti (ixtisarla):

  • Bizə lazımdır – Mən istəyirəm
  • Danışmalıyıq – Səndən, yar, sənə, yar, şikayətim var
  • Məni sevirsən? – Bahalı filan şeyi almaq istəyirəm
  • Məni nə qədər sevirsən? – Xoşuna gəlməyən bir şey etmişəm
  • Səncə kökəlməmişəm ki? – De ki, mən çox gözələm
  • Normal söhbət etməyi öyrənməlisən – Sadəcə olaraq mənimlə razılaş
  • Bir dəqiqəyə gəlirəm – Otur divanda, oyun oyna

Ən dəhşətlisi, bəylərin gözünü kəllələrinə çıxarda biləcək sözlər isə bunlardır:

○ Hə – Yox

○ Yox – Hə

○ Ola bilsin – Yox

○ Üzr istəyirəm – Peşman edəcəm səni, görərsən

Qadınlar üçün “Kişi dili lüğəti” (ixtisarla):

  • Acmışam – Acmışam
  • Yuxum gəlir – Yuxum gəlir
  • Yorğunam – Yorğunam
  • Hə – Hə
  • Yox – Yox
  • Ola bilsin – Ola bilsin

Nəticə: Kişiləri anlamaq çox asandır. Elə vay da onların halına!

 

İki yeni element

İki yeni element aşkar edilib: “WO” və “XY”

Aşağıdakı bu yeni elementlər haqqında məlumatı oxuya bilərsiniz.

  1. Elementin adı: QADIN

Simvolu: WO

Çəkisi: bu haqda heç danışmasaq yaxşıdır

Zahiri xüsusiyyətləri: adətən, yumruvari olur. Heç nədən qaynayır və istənilən vaxt donma qabiliyyətinə malikdir. Yaxşı rəftar ediləndə əriyir. Düzgün istifadə etməyəndə çox acı olur.

Kimyəvi xüsusiyyətləri: çox fəaldır. Olduqca qeyri-sabitdir. Qızıl, gümüş, platin və qiymətli daşlarla oxşarlığı var. Tək qoyanda çılğınlaşır. Böyük miqdarda qidanı sümürmək qabiliyyətinə malikdir. Özündən daha yaxşı nümunənin böyrünə qoyulduqda çatlayır.

İstifadəsi: yüksək dekorativ xüsusiyyətə malikdir. Sərvətin dağıdılmasında katalizator rolunu oynayır. Gəlirin aşağı düşməsində ən güclü vasitə kimi bilinir.

Diqqət: təcrübəsiz əldə partlamaq ehtimalı yüksəkdir.

  1. Elementin adı: KİŞİ

Simvolu: XY

Çəkisi: 180 +/- 50

Zahiri xüsusiyyətləri: otaq temperaturunda bərk halda olsa da, formasını asanlıqla dəyişə bilir. Adətən, bərk olsa da, bəzən öz ənənəvi formasını itirir.

Kimyəvi xüsusiyyətləri: WO elementini görən kimi onunla əlaqə yaratmağa cəhd edir. KD (UŞAQ) elementi ilə birləşdikdə partlamağa hazır vəziyyətə gəlir. Alkoqol ilə neytrallaşır.

İstifadəsi: Məlumat yoxdur. Metan mənbəyidir. Münbit şəraitdə yüksək təzyiqlə toplanıb partlayışa səbəb ola bilir.

Diqqət: WO elementi olmayanda sürətlə sıradan çıxır.


6 mərtəbəli dükan 

Çox varlı və uğurlu bir biznesmen qəribə və xanımların işinə yaraya bilən bir iş qurmaq qərarına gəlir. Ağlına gələn ilk ideya “ƏR DÜKANI” olur. Altı mərtəbədən ibarət bu binanın hər mərtəbəsində istənilən zövqə uyğun kişi tapmaq olardı.

Qadın 1-ci mərtəbədəki otağa yaxınlaşır. Qapının üstünə yazılmışdı: “Bu mərtəbədə olanlar əsl kişilərdir”.

Qadın baxır, içəri girmədən 2-ci mərtəbəyə qalxır. Orada qapının üstünə yazılmışdı: “Bu mərtəbədə əsl kişilərdir və çox yaraşıqlıdırlar”.

Qadın düşünmədən 4-cü mərtəbəyə qalxır. Orada qapıda yazılmışdı: “Burada əsl kişilər tapmaq olar. Onlar həm yaraşıqlı, həm də romantikdirlər”.

Qadın düşünmədən 4-cü mərtəbəyə qalxır. Orada qapıda yazılmışdı: “Buradakılar əsl kişidirlər, çox yaraşıqlı və romantik olmaqdan savayı, həm də ailə-uşaq qayğısı çəkəndirlər”.

Qadının marağı güc gəlir, 5-ci mərtəbəyə qalxır. Orada qapıda yazılmışdı: “Buradakılar əsl kişidirlər, çox yaraşıqlı və romantikdirlər. Onlar həm də ailə-uşaq qayğısı çəkəndirlər. Üstəlik sizin bütün kaprizlərinizə dözəcəklər”.

Qadının fikri 6-cı – sonuncu mərtəbədəki kişilərin necə olmasındadır. Heç tərəddüd etmədən bu qapının da yanından düz keçib, 6-cı mərtəbəyə qalxır. Orada qapı yox idi, amma divardan asılmış lövhədə yazılmışdı: Təbrik edirik. Siz bu il ərzində gələn 4986555-ci müştərisiniz. Üzr istəyirik, amma bu mərtəbədə ər yoxdur. Təəssüflə sizə xatırlatmaq istərdik ki, qadınları məmnun etmək mümkün olmadığı üçün biz bu dükanı bağlamaq qərarına gəldik.

Həmin biznesmen bundan sonra “ZÖVCƏ DÜKANI” açıb, kişilərin necə davranacağını bilmək istəyir. Yenə 6 mərtəbəli bina tikilir.

1-ci mərtəbədə qapının üstünə belə yazılmışdı: “Zövcə dükanı”na xoş gəlmisiniz. Sizə hər zövqə uyğun zövcə təklif edə bilərik. Bu mərtəbədəki qadınlar gözəldir”.

2-ci mərtəbədə qapının üstündə bu sözlər vardı: “Buradakı gözəl və sevgi dolu qadınlardır”.

Maraqlıdır ki, 2-ci mərtəbədən yuxarı qalxan heç bir kişi qeydə alınmayıb.

İndi bildinizmi qadınlarla kişilərin fərqini?!

Müxtəlif dillərdə olan mənbələrdən yığıb tərcümə etdi: Aygün ƏZİZ