O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun vəfatından 40 il ötür. İllər keçsə, zaman dəyişsə də, Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.
SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.
“Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin (1962) və bir çox musiqi əsərlərinin müəllifidir.
Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvanındakı mənzildə yaşayıb. 1984-cü il avqustun 2-də vəfat edib.
Niyazinin yaşadığı mənzil Ümummilli Lider Heydər Əliyevin xüsusi təşəbbüsü ilə muzeyə çevrilib və 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlayıb.