- Köşə

Mağara rəssamlığından bədən incəsənətinə

Evdə otaqların divarları üstümə yeriməyə yenicə ayaqlanmışdı. Mən də buna acıq, qara məni basınca, mən qaranı basım məsəli, bayırdakı yaz-yay havasının düzəlməsini də, səbəb gətirərək, evdən çıxmağı ən doğru yol bildim. Bir az təmiz havada gəzməyin nəyi pisdir? Digər yandan da, adam içinə çıxmaq, yaz yaşılının yüz cür tonuna baxaraq, yorulmuş gözlərini, elə ruhunu da dincliyə qovuşdurmaq ən doğru seçimdir. Bunun özü də bir növ müalicə, terapiya sayaq bir yöntəm sayılmırmı?

Bu gün nə olub, nə keçdiyini biləsi deyiləmmi? Üstəgəl, bu gün heç bilmirəm mənə nə olub, yaz buludu kimi dolmağım, bir himə bənd kimi boşalmağa amadəliyim göz qabağındadır. Bunun nə danı, nə daldası. Bilirəm deyəcəksiniz: səni qəriblik kövrəldib, bu yaşda adamın qürbətə düşməsi-filan. Amma burda qəriblik, qürbət kimi qəmli-dərdli məkan anlayışlarının bir damcı da olsun suçu yox kimidir. Nədən ki, mən adi melonxolik adamların həftənin bu başı, o başı dəyişən ən adi hallarından birini keçirdiyimi bilməmiş deyiləm.

İyun özünü göstərir, başlamasıyla can qızdıran istilərini, insanın beyninin qatığını qaynadan Günəşini də götürüb gəlib. Bu, evdən çıxıb, küçəyə ilk addımımı basdığım anda beynimdən keçirdiyim düşüncələrin nübarıdır.

Kruisnetlaan küçəsiylə gedib, özümə uyğun bir yer tapmaq, oturub ətrafda baş verənlərə baxmaq istəyirəm. Ən azından torpağın yaşılına, suların mavisinə, arada göyüzünün ənginliyinə.

Kanalın sol tərəfindəki yaşıllığın küncündə ucalan nəhəng salxım söyüdün kölgəsində bir dəstə adamın qaynaşmasını gözüm alır. Təbiət qoynuna çıxmaları məlum. Bu məlumluğu kənarda qoyulmuş qırmızı rəngli dairəvi manqal, ağacın çətiri altında sərilmiş süfrə daha aydın göstərir. Təbiətin gözəlliyindən feyz alanların hamısının afrikalı olması da görüntünün vurğulanmalı məqamlarındandır. Sağımdakı uşaq oyun meydançasında oynayan qıvrımsaçlı uşaqlar da, onlara göz-qulaq olan böyüklər də afrikalılar. Yaşıllığı yarıb mənim oturduğum səmtə gələn, qolları tatulu bu iki qız da onlardandlr. Bir az qabaq çıxdığım “Lidl” mağazasında da bu gün müştərilərin çoxu afrikalılar idi. Bunu sonra xatırladığımı deməsəm olmaz. Bunlara nə olub, nə xəbər eşidiblər? Yağışdan sonra pırtlaşıb torpaqdan çıxan göbələk misalı niyə hamısı ortalığa çıxıb? Yəqin bunların günüdür, bayramları-filan ola bilər. Ya da adi bir gün.

Nədən ki, Niderland insanlarının istirahətə meylli olmaları, təbiətə ziyan vurmadan təbiət qoynuna çıxmaları havaların bir az qızmasıyla lap kəlləçarxa vurur. Belə günlərdə şəhər sakinlərinin parklara, kanalların kənarına axışması adi haldır. Vaxt tapan ailəliklə, bir neçə dost-tanışla belə istirahəti heç vaxt sonraya saxlamaz. Rotterdamda dəfələrlə bunun şahidi olmuşam. Yüzlərlə kiçik qrup bir-birindən müəyyən məsafədə, cərgələr şəklində əyləşərək, gətirdikləri allahverənlərini yeyir, bir neçə saat hava alıb, əylənirlər. Bu insan qruplarının yaşıllıqda bir-birinə paralel xəyali düzxətlər boyunca əyləşmələri də mənzərənin yaddaqalanlığı üçün yetərlidir. Hamı buna əməl etməyə çalışır. Ağ da, sarı da, qara da.

Kanalın o tərəfində yaşlı iki nəfərin balıq tutmaları isə lap məzədir. Kişilər yekə dəm-dəstgah qrublar. Başlarının üstündə çadır kölgəlik, altlarında açılıb-yığılan kətil, bir tərəfdə suları, çantaları, suya atdıqları tilovları. Zalım uşaqları elə bil buraya balıq ovuna yox, daimi binələşməyə gəliblər. Elə oturublar ki, sanki bir daha evlərinə dönməyəcəklər. Əslində onların heç balıq tutmaq kimi bir azarları da sezilmir. Görünən odur ki, ağsaçlı balıqçılar bir az günəşlənmək, bir az söhbətləşmək, bir az vaxtlarını xoş keçirmək üçün kanala üz tutublar. Bəs nə etməlidirlər? Qocalığı boyunlarına alıb, özlərini çıxdaşmı edəcəklər? Ağlınız kəsməsin. Avropa qocaları ölər günlərinədək ayaqda durmağı, yararlı olduqlarını ətrafdakılara hərəkətləri ilə sübut edə bilirlər.

İstilərin gəlməsi insanların geymlərindən də bəlli olur. Qadınların paltarlarının ətəkləri bir az yuxarıya qalxıb, kişilərin çoxu qısa şortlara keçib. İlin səkkiz-doqquz ayını az qala örtülü olan bir cəmiyyət üç-dörd ay da belə dolaşır. Bunları boş verək. O üzdən ki, bu uzun və dartışmalı mövzudur. Mən insanların paltarlarının qısalmasıyla ortaya çıxan bir məsələdən ötəri də olsa danışım, siz də qulaq verin.

Niderland cəmiyyətini necə var, olduğu kimi, yaxşısını yaxşı, yamanını yaman göstərəcəyim barədə verdiyim vədi unutmadğımı yadınıza salıram. Yuxarıda dedim ha, havaların qızmasıyla insanlar bir az sinələrini, bir az kürəklərini, bir az da qol-qıçlarını açığa çıxardılar. Buna sözüm yoxdur. Sözüm açığa çıxan sinənin, kürəyin, qolun-qıçın görünən yerlərinin insan əliylə eybəcərləşdirilməsinə dairdir. Elə buradaca deyim ki, mənim eybəcərlik adlandırdığım görüntü əslində həmin bədənin sahibləri üçün bir incəsənət nümunəsidir. Bədən incəsənəti və ya body art. Yəqin söhbətin tatu və ya döymədən getdiyini tutdunuz. Bir onu əlavə edim ki, hamı bədənini döymə ilə bəzəmir. Döymə ən çox gənclər arasında dəbdədir. Heç onların da çoxu tatulu olmağı düşünmür.

Amma bədənini müxtəlif bitki, heyvan təsviri ilə bəzədənlər nəzərəçarpacaq dərəcədə var. Təkcə bitki, heyvan təsvirləri olsa, dərd yarıdır. İdmanın, texnikanın müəyyən simvollarının, hobbi və maraqları əks etdirən süjetlərin, mifik-fantastik varlıqların, təsvirin nədən bəhs etdiyini müəyyən etmək üçün elmi-tarixi bilgilər tələb edən personajların, qarmaqarşıq işarələrin, anlaşılmaz rəmzlərin müxtəlifliyi görənləri heyrətləndirmək üçün yetərlidir. Bütün bu döymələrin müxtəlif rənglərdən ibarət kompozisiyası da heyrətləndiricidir. Ciyəri yanmış kimi, bütün bədənini başdan ayağa tatularla süsləyən bu adamlar mənim nəzərimdə əcaib varlıqlardır. Avropa dəyərlərinə görə, mənim onları bu cür sorğulamam onların şəxsi həyatlarına müdaxilə kimi anlaşılsa da, mən bu fikrimdən daşınmaq, fikrimin arxasından qaçmaq niyyətində deyiləm.

Əski insanın mağara divarlarından başlayan rəsm çəkmə bacarığı, deyəsən, müasir bədən incəsənətində – body artda öz kuliminasiya nöqtəsini tapıb. Əslində tatunun tarixi də əski çağlara gedib çıxır. İndiki body art yaddan çıxmış köhnənin yenidən doğuşu, reinkarnasiyasıdırmı? İcazənizlə sualları növbəti abzasda davam etdirim.

Bədənini rəsm tablosuna çevirən bu insanların istəkləri nədir? Bədənlərini bu hala salmaqla ətrafdakılara nə demək istəyirlər? Bununla həyatlarına yeni mənamı yükləyirlər? Mənasızlığa mənamı qazandırırlar? Dünyanımı dəyişəcəklərini güman edirlər? Və ya belə bir eksperimentlə fərqlimi, xüsusi kastamı olduqlarını, fövqaladəliklərinimi sərgiləməkdir məramları? Bəlkə bədənlərini incəsənətə qurban verirlər? Bəlkə də, bu, bədənin incəsənət naminə təcrübəyə təslim edilməsidir?

Mən döymənin tarixinə dair nələrsə demək və yuxarıda verdiyim suallara müxtəlif cavablar səsləndirmək istəsəm də, bu fikrimi sonraya saxlayıram.

Afiq MUXTAROĞLU

Niderland Krallığı

10 iyun 2021-ci il