– Mahirə xanım, son illər Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri ədəbi dilimizdən istifadə sahəsində yol verilən nöqsanlardır. Ölkəmiz müstəqillik əldə edəndən sonra dilimizin saflığı uğrunda mübarizə geniş vüsət almalı deyildimi?
– Kütləvi informasiya vasitələrində ara-sıra toxunulan bu məsələyə qayıtdığınıza görə təşəkkürümü bildirir və qaldırılan bu məsələnin mətbuatın ardıcıl mövzularından biri olmasını arzulayıram. Bəri başdan onu deyim ki, “Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri ədəbi dilimizdən istifadə sahəsində yol verilən nöqsanlardır”- sualınızla, təəssüf ki, razılaşmaq olmaz. Ona görə razılaşmaq olmur ki, cəmiyyətin bir üzvü kimi, şəxsən mən o intensivliyi görmürəm və əlbəttə, peşəkarların iştirakı ilə bu məqsədlə keçirilən hər hansı polemikaların ümumi mənzərəni daha gerçək formada üzə çıxaracağına isə şübhə etmirəm. Digər bir məsələ, “dövlət müstəqilliyindən sonra dilimizin saflığı uğrunda mübarizə geniş vüsət almalı deyildimi?”- sualınızla bağlı onu deyim ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından, xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ana dilimizə dövlət qayğısı, dilimizin inkişafı və onun saflığının qorunması prioritet sahələrdən birinə çevrilmişdir. Azərbaycan dili dövlət dili olaraq rəsmi status qazanmış və onun inkişafı üçün münbit şərait yaradılmışdır. Unutmayaq ki, dil öz daxili qanunları əsasında inkişaf etsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişaf üçün başlıca şərtlərdəndir. Şəxsən mən o qənaətdəyəm ki, hər bir dil mənsub olduğu xalqın təfəkkür və təxəyyül sərhədlərinin, həmçinin məişət və mədəniyyət amillərinin göstəricisidir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə edəcək qədər zəngindir. Bu fikirlər Ümummilli liderimizin dəfələrlə və qürurla xatırlatdığı gerçəkliklərdəndir. Böyük dövlət adamı o zənginliyi xalqımızın keçdiyi inkişaf yolu ilə izah edir və hər bir məqamda, xüsusən, 1995-ci ildə, Konstitusiya layihəsinin müzakirələri zamanı Azərbaycan dilinin türk dil ailəsinin oğuz qrupuna daxil olan dil kimi təkamül yolu ilə bağlı söylədikləri indi də çoxlarının yadındadır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Ondan bir-neçə il sonra “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun layihəsi hazirlanaraq parlamentin müzakirəsinə verildi və qəbul edildi. Hesab edirik ki, Azərbaycan dilinə ən böyük qayğı və onun inkişafına dövlət dəstəyini bu Qanunda görmək olar.
– Radio, televiziya verilişlərində aparıcı və iştirakçiların ədəbi dil normalarını pozması geniş hal alıb. Bu nöqsanlar arasında varvarizmlərdən istifadə və dialektizmlər xüsusi qeyd edilməlidir.
– Əlbəttə, dediklərinizlə müəyyən qədər razılaşsam da, fikrinizdəki pessimizmi bölüşmədiyimi bəri başdan deməklə, təkcə sizin deyil, dəyərli oxucuların da diqqətinə çatdıraq ki, vəziyyət heç də söylədiyiniz kimi deyil. İlk olaraq “ədəbi dil normaları” ifadəsinə aydınlıq gətirməyi lazım bilirəm. Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur: fonetik norma, leksik norma və qrammatik norma. Fonetik norma özü iki yerə bölünür: orfoepik norma və orfoqrafik norma. Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar Nazirlər Kabineti tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə verilir: “Leksik normalara uyğun olaraq ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir. Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir”. Bəs bu normalar auditoriyasının genişliyi baxımından heç bir informasiya vasitəsi ilə müqayisə olunmayan radio və televiziyalarda lazımınca qorunurmu? – sualına isə, heç də həmişə və hər yerdə yox – deyə bilərik. Mənim özümün də müşahidə etdiyim nöqsanlar var və bunlar daha çox əyləncə proqramları üçün xarakterikdir. Hətta bəzən o dərəcədə nöqsanlarla rastlaşmalı olursan ki, bunun konkret hansısa televiziya və radio efirində baş verdiyinə heyrətlənirsən, bu, məsələnin bir tərəfidir. Ara-sıra kütləvi informasiya vasitələrində bunlarla bağlı yazılarda qeyd olunan başlıca irad həmin verilişlərə dəvət olunmuş qonaqların nəinki kasad leksik bazaları, həmçinin vulqarizmlərdən istifadənin adi hala çevrilməsi olur. Üstəlik, dildəki dilaekt elementlərinin hətta ayrı-ayrı verilişlərin aparıcılarında müşahidə etmək narahatedicidir. Bunlarla bərabər, Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi, elmi-texniki tərəqqi nəticəsində terminlərin ədəbi dilimizə daxil olması təbii proses olsa da, cəmiyyətimizdə məişət dilində yayılan əcnəbi sözlərin ədəbi dilə gətirilməsi halları narahatlıq doğurur. Televiziya və radio məkanında aparıcıların vurğu məsələsinə diqqətsiz yanaşmaları, onlar tərəfindən fonetik normaların pozulmasının adi hala çevrilməsi isə ədəbi dilin gələcək perspektivləri ilə bağlı yaxşı nəsə vəd etmir. Bəzi aparıcı və ya müxbirlərin yeni dəblə ayaqlaşmaq üçün sürətli danışığa üstünlük verirməsi cəhdi də ədəbi dil normalarının pozulması hallarına yol açır. O gerçəkliyi yada salaq ki, bəzən tamaşaçı və dinləyici efirdə gördüyünü və eşitdiyini bir norma, ədəbi fakt kimi qəbul edir, onda efirdə dil norma və qaydalar yanlışlığının tamaşaçı və ya dinləyici auditoriyasında hansı halları norma kimi qəbul etdirdiyi aydın olar. Qeyd olunan resurslarda ən təhlükəli tendensiya adi məişət dilinin ədəbi dilin şifahi forması ilə eyniləşdirilməsidir və bu, daha çox özəl televiziya və radio məkanında baş verir. Digər tərəfi isə ondan ibarətdir ki, belə halların epizodik baş vermədiyini də görürsən.
– Radio və televiziya verilişlərindən əlavə, müxtəlif çap və elektron kütləvi informasiya vasitələrində, xüsusilə sayt və portallarda da öyünüləsi mənzərələrlə rastlaşmırıq.
– Bu məsələdə də, təəssüf ki, haqlısınıız və ədəbi dil normalarında yalnız linqvistik qaydaların yox, ümumiyyətlə, “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif maddələrinin pozulması halları ilə tez-tez üzləşirik. O faktı oxucularımızın diqqətinə çatdıraq ki, media özü mahiyyətcə, eyni zamanda, dil hadisəsidir və burada dilin daha yüksək peşəkarlıqla işlədilməsi tələb olunur. Radio və televiziya verilişlərində dil normalarının pozulması daha çox orfeopik tələblərin nəzərə alınmaması ilə diqqəti çəkirsə, çap və digər elektron kütləvi informasiya vasitələrində bu, orfoqrafik qaydaların “unudulması” ilə müşayiət olunur. Sonuncu faktorun qabarıqlığını isə sosial həyatımızda, ilk baxışda, indi bir çoxlarının, hətta mətbuat ekspertlərinin yada salmadıqları bir məqamda axtarmaq lazımdır və o məqamı hökmən qeyd etməliyik. Cəmiyyətimizdə gedən demokratikləşmə prosesinin fonunda bir çox sahələrdə gedən liberallaşma mətbuatda da öz sözünü dedi və bu, kütləvi informasiya vasitələrinin təsisatı ilə bağlı şərtlərin həddindən artıq yumşaldılması ilə yadda qaldı. Hesab edirik ki, bu, zamanın tələbi idi və belə də oldu. İndi baxıb görək, mətbuat sahəsində tətbiq edilən bu liberallama cəmiyyətimizdə “informasiya bolluğu” yaratmaqla bərabər özü ilə hansı problemləri gətirdi. Bu, ilk növbədə, nəinki akademik anlamda dil normalarının, hətta orfoqrafik qaydaların gözlənilməsini belə, ikinci dərəcəli məsələyə çevirdi. Söhbət o məqamdan gedir ki, lap yaxın günlərə qədər əhalimizin böyük əksəriyyəti mətbuata həmin normaların gözlənildiyi atribut kimi baxırdı. Təəssüf ki, milli mətbuatımızda az qala, barmaqla sayılacaq sayda KİV nümunələri sadalaya bilərik ki, onun səhifələrində digər normalar qorunduğu kimi, ədəbi dilimizin də normaları gözlənilmiş olsun və bu fikirləri saytların da əksəriyyətinə aid etmək mümkündür. Dilin varlığı üçün daha ciddi təhlükə törədən və düzəldilməsi çox çətin olan fəsadlar isə qrammatik, ilk növbədə, morfoloji pozuntularla bağlıdır. Bunlar dilin daxili sisteminə çətinliklə, tədricən nüfuz edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr vura bilir. Bu da təsadüfi deyil, çünki dilin mahiyyətini onun leksik tərkibi deyil, qrammatik sistemi müəyyən edir. Bu gün müasir Azərbaycan dilinin normalarını, onun inkişaf səviyyəsini, üslubi imkanlarını daha çox publisistika müəyyənləşdirir – desək, hesab etmirik ki, bu fikir mübahisəli səslənər. Azərbaycan ədəbi dilinin pozulmasının əsas səbəblərindən biri də aidiyyəti qurumların bu işə ciddi yanaşmamasıdır və deyim ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentnin Fərmanının ruhu bu məsələni prioritet vəzifə kimi qarşıya qoyur.
– Elə o barədə soruşmaq istəyirdim. Adını çəkdiyiniz həmin Fərmanda deyilir ki, “kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”. Bu mənfi təsir azı 19 ildir davam edir. Bəs niyə tədbir görülmür?
– Sualınızdakı narahatlığı başa düşür, lakin gəldiyiniz qənaəti bölüşə bilmirəm. İstər Fərman imzalandıqdan, istərsə də ondan sonra bu sahədə görülən işlər Azərbaycan dilininin haqq etdiyi yerdə dayanması işinə dövlət siyasətinin təzahür formasıdır. Reklam mətnlərinin çox zaman digər dillərdən, əsasən ingilis və digər əcnəbi dillərdən tərcümə edilərək səsləndirilməsi zamanı peşəkarlıq standartlarına cavab verməməsi halları ilə bu günümüzdə də rastlaşırıq, lakin etiraf edək ki, bu, epizodik hallarda baş verir. Hansı halda baş verməsindən asılı olmayaraq, müxtəlif informasiya vasitələrində yayımlanan reklamlarda Azərbaycan Respublikaslnln “Reklam haqqında” Qanununun tələbləri gözlənilməlidir. Birmənalı demək olar ki, artıq bu sahədə cavabdeh insanlarla hüquqi dildə danışmaqdan başqa yol yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrinin praktikası da bunun qaçılmaz yol olduğunu təsdiq edir. Bu, hansı formada olmalıdır – söhbətinə isə, ümidvaram ki, qanunvericilik bazamızın imkanları aydınlıq gətirəcəkdir. Məsələ dövlət dilinin normalarının pozulmasının qarşısını almaqdan gedirsə, bu, başqa cür ola bilməz, özü də o halda ki, bununla bağlı birmənalı dövlət siyasəti var və həmin siyasətin getdikcə dərinləşdiyinin şahidi oluruq. Bir xatırlatma verim ki, 2012-ci ildə isə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı Sərəncam verilib və bu ali dövlət sənədinin imzalanması Azərbaycan dilinin inkişafı ilə bərabər, onun qorunmasının hansı ümummilli əhəmiyyət daşıdığının göstəricisi hesab oluna bilər.
– Mahirə xanım, Prezident İlham Əliyevin 2018-ci il 1 noyabr tarixli fərmanına əsasən, “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” yaradılıb. Baş Nazir bu il avqust ayının 21-də “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında” sərəncam imzaladı, həmin sərəncam əsasında Müşahidə Şurasının sədri və üzvləri təsdiq edildi və o təsdiq edilən üzvlərdən biri də Siz oldunuz. Gec də olsa belə bir məsul olduğu qədər də şərəfli işə başlamağınız münasibəti ilə Sizi təbrik etməklə Monitorinq Mərkəzinin qarşısına qoyulan ilkin təxirəsalınmaz vəzifələr barədə məlumat verməyinizi istərdik.
– Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası Ümmilli Liderimiz, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyun ayının 18-də imzalanmış Fərmanı əsasında yaradılıbdır. Komissiyanın Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsində dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, onun cəmiyətdə tətbiq daiəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə yaradıldığı Fərmanın preambulasında da birmənalı qeyd olunur. Yeri gəlmişkən, həmin sənədin bəndlərindən birində şəhər və rayon icra hakimiyyəti başçılarına yerlərdə istifad olunan lövhə, reklam tabloları, çüar, plakat və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması ilkin vəzifə kimi həvalə edilirdi. Həmçinin Fərmanda müvafiq qurumlara əcnəbi ölkələrdə istehsal olunmuş və Azərbaycanda nümayiş üçün alınan kino və televiziya məmulatlarının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması tapşırılırdı.Bunları xatırlatmaqla oxucuların diqqətinə onu çatdırmaq istərdim ki, Azərbaycan dilinə dövlət qayğısı dövlət müstəqilliyimizin bərpasından sonra ən yüksək səviyyədə olubdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il noyabr ayının 1-də imzaladığı, qeyd etdiyiniz Fərmanı cəmiyyətdə bu kontekstdən qəbul edildi. O Fərmandan 3-4 ay sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiq edildi. Bu ilin avqustunda isə ölkə Baş Nazirinin sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri və onun üzvləri təsdiq edildi və həmin ərəfədə Mərkəzin direktorunun təyinatı baş verdi. Onu qeyd etməyi lazım bilirəm ki, həmin vəzifədə peşəkarlığına hər birimizin inandığı filologiya elmləri doktoru Sevinc Əliyevanı görmək şəxsən mənim üçün xoş oldu. Monitorinq Mərkəzi publik hüquqi şəxs kimi kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunması işini həyata keçirəcəkdir. Əlbəttə, bunun uğurlu təşkili üçün yüksək statusa malik olan bu elmi-siyasi qurumun nüfuzu və Mərkəz əməkdaşlarının peşəkarlığı ilə bərabər, dil və Vətən sevgisinin əsaslı rol oynayacağına inanmaqla onlara uğurlar arzulayıram.
Hesab edirəm ki, tərkibində nüfuzlu dilçi alimlərlə bərabər, ölkənin avanqard mətbu orqan və qurum rəhbərlərinin yer aldığı Müşahidə Şurası da ancaq Monitorinq Mərkəzinin fəaliyyətinə nəzarət etməklə kifayətlənməyəcəkdir. Hamımız yaddan çıxarmamalıyıq ki, min illərdir formalaşaraq bütün zamanların ən ağır sınaqlarından çıxan ana dilimiz özünün bütün zənginliyi və gözəlliyi ilə xalqımızın milli sərvətidir. Bu sərvəti əmanət kimi qoruyaraq inkişaf etdirmək isə bizim gələcək nəsillər qarşısında borcumuzdur.