Malinin paytaxtı Bamakoda yüzlərlə sakin Fransa hərbi kontingentinin ölkədən çıxarılması tələbi ilə etiraz aksiyası keçirib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Afrika Qülləsinin yaxınlığında toplaşan nümayişçilər 2014-cü ildən Malidə yerləşmiş fransız əsgərlərinin ölkədən çıxarılması tələbi ilə şüarlar səsləndiriblər.
Etirazın təşkilatçılarından biri Əbubəkr Sidiki Fomba bildirib ki, Barxan əməliyyatı legitimliyini itirib və yerli sakinlər artıq fransızlara etibar etmirlər.
Malidə 2021-ci il mayın 24-də dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn hərbi xunta yanvarın 2-də demokratik seçkiləri 5 il müddətinə təxirə salıb.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) yanvarın 9-da Qananın paytaxtı Akkrada bu münasibətlə fövqəladə toplantı keçirib.
Fransa yanvarın 12-də ECOWAS-ın Maliyə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyən bəyanatı BMT Təhlükəsizlik Şurasına təqdim edib.