- Cəmiyyət

“Mançester Siti” 1/8 finala vəsiqəni təmin edib, “Milan” “Çelsi”yə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.

“Report”un məlumatına görə, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.

G qrupunda çıxış edən İngiltərənin “Mançester Siti” klubu Danimarkada “Kopenhagen”lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund “Borussiya”sının Almaniyada İspaniya “Sevilya”sından xal alması “şəhərlilər”i vaxtından əvvəl 1/8 finala yüksəldib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada Avstriya “Zaltsburq”u ilə sülh bağlayıb. 25 yaşlı forvard bu görüşdə də ehtiyatda qalıb. E qrupunun digər oyununda İngiltərənin “Çelsi” klubu İtaliyada “Milan”a 2 cavabsız qolla qalib gəlib.

Gecənin növbəti sensasiyası Polşada qeydə alınıb. Ukraynanın “Şaxtyor” (Donetsk) komandası gözlənilmədən İspaniya “Real Madrid”ini büdrədib. Daha əvvəl H qrupunda Hayfa “Makkabi”si İsraildə İtaliya “Yuventus”unu yenməklə, sürprizə imza atıb. Bu qrupun digər matçında isə PSJ Fransada Portuqaliya “Benfika”sının müqavimətini qıra bilməyib.