İyulun 24-də Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalçalarının sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Marneuli İctimai Kitabxanasının həyətində açılan sərgidə Azərbaycanın Qarabağ, Şirvan, Şamaxı, Quba, eləcə də Gürcüstanın Qarayazı, Borçalı və digər bölgələrinə aid xalçalar, eləcə də müxtəlif əl işləri nümayiş etdirilib.
Bura gələn yerli sakinlərə, eləcə də şəhərin qonaqlarına qədim Azərbaycanın mədəniyyəti, xalçaçılıq, misgərlik və digər əl işləri barədə məlumat verilib.
Eyni zamanda, Marneuli Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə də qonaqlar məlumatlandırılıb. Bildirilib ki, artıq üçüncü ildir ki, Mərkəzdə Xalçaçılıq Sənəti Dərnəyi fəaliyyət göstərir. Burada pulsuz xalçaçılıq kursları da təşkil olunub. Maraqlanan şəxsləri xalçaçılıq sənətinin sirləri, təbii rənglərin hazırlanması, xalçanın kəsilməsi və s. proseslər barədə məlumatlar verilir.
Aşıq Nargilə Mehtiyevanın sərgi çərçivəsində ifa etdiyi Azərbaycan xalq və bəstəkar mahnıları tədbirə xüsusi rəng qatıb.
Yerli sakinlər və şəhərin qonaqları sərgini maraqla izləyiblər.