Səhərdir. Qış səhəri. Hava soyuq olsa da, həyatın üzü qədər sərt deyil. Qarşıda asta -asta gedən, yaşı 60-65 arası olan bir kişi ayaq saxlayıb arxadan ona yaxınlaşmaqda olan (yəqin ki, iş yoldaşı idi) əlində sellofan torba ilə gələn kişini gözləyirdi. Səhər salamını verib görüşdülər və söhbət edə-edə yollarına davam etməyə başladılar. Zibil qablarının yanına çatanda əlində torba olan kişi yerə tökülmüş zibilləri xəkəndazla yığan kişi ilə salamlaşaraq zarafatla: “Barı bir işə yara, onsuz da yarayan deyilsən”, – deyib güldü. Kişi isə gülərək: “Sən bir işə yaradınmı ki, mən də yarayım?” – deyə zarafata zarafatla cavab verdi. Bu zarafatlar və gülüş onlar üçün özünəməxsus olsa da, acı idi. Zibili yığan kişini tez-tez zibil qablarının içini eşələyərək nələrsə axtaran, tapdıqlarını köhnə arabasına yığan görürdüm. Sellofan torbalı kişinin gözü zibil qablarının yanında qoyulmuş çaydana sataşdı.
Zibilyığan kişidən icazə istəyirmiş kimi çaydanı götürəcəyini dedi və sanki təzə çaydan tapmış kimi götürdü onu. Yanındakı – daha düşüncəli və qayğılı görünən kişi isə “Neynirsən o köhnə çaydanı , at getsin”- desə də , xeyri olmadı. Kişi çaydanın “lap da yaxşı” olduğunu deyib yoluna davam etdi. İşdə çaydan lazım ola bilər deyə götürdüyünü düşünürdüm ki, qarşıda şirniyyat bişirilən çox kiçik bir dükanın qapısını döyərək açdı və çaydanı oraya qoymaq istədiyini, sabah gəlib götürəcəyini bildirdi. Dostu isə ona baxaraq fikirli halda düşünürdü. Bəlkə də, “bu nə yaşayışdır, yaşayırıq?” – deyə suallar içində vurnuxurdu ürəyində…
“Yol yoldaşlarımla” avtobus dayanacağına çatdıq. Mən öz sınıq-salxaq avtobusumu gözləyirdim. Bu dəfə çox da gec gəlmədi. Kartı kartoxuyucuya yaxınlaşdırdıqdan sonra gözlərim saniyələr içərisində boş yer axtardı. Var idi, əyləşdikdən sonra düşündüm ki, olmasa, daha yaxşı olardı …
Sonra bir neçə xala mindi avtobusa, həm də orta qapıdan. Sürücü qışqırmağa başlayırdı ki, xala ondan qabağa düşdü: “Ay bala, al bu qəpikləri, kartını yapışdır ora” – deyə ucadan səsləndi. Onlara da yer verildi, alverçi xalaların hərəsi bir oturacağa çırpdı özünü…
Oturmasam, daha yaxşı olardı demişdim. Çünki başında şlyapa, gözündə qəzəb olan bu yaşlı qadın ikinəfərlik oturacaqda iki nəfər imiş kimi oturmuşdu. Bizdən onlara hər zaman yer verməyimizi gözləyən bu qadın tipi mənim onun yanında əyləşməyimə qəzəblə baxsa da, heç nə demədi, ancaq, türklər demiş, “kılını da kıpırdatmadı” ki, mən də rahat əyləşə bilim. Şlyapa geyinib, bahalı saat taxmaqla özünü aristokrat göstərməyə çalışsa da, alınmadı, necə biri olduğunu baxışından anladım… Bir az keçmiş qarşımdakı oturacaq boşaldı və mən qadının baxışlarından da, vermək istəmədiyi o yerdən də qurtuldum. Baxışından anladım dedim, çünki gözlərin qəlbin aynasını olduğunu boşuna deməmişlər. Bir az getdikdən sonra şəxsi maşınından düşürmüş kimi avtobusdan düşdü. Sürücü ilə deyişməyə başladılar. Sən demə, bayaqkı xalalar demişkən, kartı aparata yapışdırmayıbmış, yəni pulsuz gediş edib bu özündənrazı qadın. Əslində bir tərəfdən anlamaq olardı, bəlkə, pulqabısı evdə qalıb, bəlkə bir səbəb olub. Çünki bir dəfə illər əvvəl mənim də başıma gəlmişdi, xəcalət çəkə-çəkə demişdim ki, evdə qalıb pulqabım, hətta bir neçə gün o xəcalətin təsirində qalmışdım. Amma və lakin oturacağın ikisini də özü və çantası ilə zəbt etmiş bu qadın, nəinki utanmaq hissi keçirmək, qınayan olmasa, avtobusu “bağlatdırardı”.
Pərvanə O-NURLU