Gülyaz ƏLİYEVA
6 yaşlı Sevincin sevincinin həddi-hüdudu yox idi. Gecəni dirigözlü açmışdı. Sevincdən və həyəcandan yuxuya gedə bilməmişdi. Axı sabah ilk dəfə məktəbə gedəcəkdi. Səhər tezdən durdu, adəti üzrə əl-üzünü yudu, dişlərini fırçaladı. Həmişə bir dəfə yuyurdusa, bu gün 2 dəfə yudu. Məktəbə getdiyi üçün daha gözəl, daha təmiz olmağa çalışırdı. Çantasını 2-3 dəfə yoxladı. Hər şeyin yerində olub- olmamasına baxdı. Atasının yanına qaçdı:
-Getmirik?
Atası saata baxdı:
-Hələ 1 saat var.
-Gedək də!
Ürəyi şiddətlə döyünürdü.
1-ci sinfə indi qədəm qoysa da, yazmağı və ana dili kitabını üzündən oxumağı bilirdi, çoxlu şeir əzbərləmişdi. Məktəb onun gözündə sehrli bir aləm idi…
Nəhayət, atası bacı və qardaşları ilə birlikdə məktəbə yola düşdü…
Qəribə aləm… Özü yaşda neçə qız, neçə oğlan oturmuşdu sinifdə. Boyda hamıdan balaca idi, oturulu yazı yaza bilmirdi, boyu partaya çatmırdı. 1 ili yazılarını ayaq üstə yazıb başa vurdu.
Rəsm çəkməyi çox sevirdi. Müəllim onlara şəkil çəkməyi tapşırdı. O, şəkil çəkməyə başladı. Gözəl bir bağça, mavi rəngli qızılgüllər çəkdi. O qızılgüllər masmavi səma altında boy atmışdılar. Apağ göyərçinlər qanad çalıb rəqs edirdi o səmada. Sevincgilin Qarabağdakı evlərinin bağçası idi o çəkdiyi bağça -xəyalındakı evlərinin bağçası… Sevinc bu mavi gızılgülləri yuxusunda görmüşdü, çox bəyənmişdi. Odur ki, xəyalından birbaşa kağıza köçürmüşdü. Çəkdiyi bağça bütün uşaqlarınkından fərqlənirdi – öz qeyri-adi rəngləri ilə, rəngarəngliyi, rənglərinin qeyri-adi harmoniyası ilə… Sevinc rəsmi müəlliminə göstərdi. Müəllim rəsmi bəyənmədi. “Elə çəkmə, – dedi, – mənim əllərimə bax, mənim kimi çək.
Müəllim yazı lövhəsində bağça çəkdi. Bağçadakı qızılgülləri qırmızı, yarpaqlarını yaşıl rənglə boyadı. Sevinc onun əllərinə baxdı, onun kimi çəkməyi öyrəndi. Sinifdəki uşaqların hamısı eyni cür qızılgül çəkdi. Bu, Sevincin xoşuna gəlmədi.
Hamı eyni xəyallarla yaşamır axı. İnsanlar da, onların xəyalları da fərqlidir axı… Halbuki o, xəyalındakı gülləri çox sevmişdi – masmavi səma altındakı masmavi gülləri…
Sevinc böyümüşdü, müəllim olmuşdu. Birinci dəfə idi ki, sinfə müəllim kimi girirdi. Səhəri dirigözlü açmışdı. Bu gün birinci dəfə idi ki, məktəbə müəllim kimi gedəcəkdi axı… Adəti üzrə əl-üzünü, dişlərini yudu. Divarda atasının şəklinə baxdı: “Getməyim ?” Evdən çıxdı… Sevinc həyəcanla sinfə nəzər saldı. Bu balaca fidan balalara baxanda 1-ci partada oturmuş balaca, qəşəng qız diqqətini çox çəkdi. Bu səliqəli geyinmiş, ağappaq göyərçinə oxşar ağ bantli qızı çox sevdi. Sunfə müraciətlə: hər kəs bir bağça şəkli çəksin, – dedi. Uşaqlar onun çəkməsini gözlədilər. Sevincsə hərə öz xəyalındakı bağçanı çəksin, gülləri də istədiyi rənglərlə boyasın, – dedi…
Partaların arası ilə gəzərkən 1-ci partadakı qızcığazın çəkdiyi şəkil onu heyrətə gətirdi, gözləri doldu… Qızcıöaz bağça çəkmişdi – masmavi səma altında masmavi qızılgülləri olan bur bağça… Səmada apağ göyərçinlər sanki rəqs edirmiş kimi qanad çalırdılar…