- Cəmiyyət

MDB Oyunları: Azərbaycanın 3 cüdoçusu finala yüksəlib, 4-ü bürünc medal qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bu gün cüdoçular mübarizəyə qoşulub.

“Report”un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan oğlan və qızların mübarizəsində 16 tatami ustası ilə təmsil olunur. Onlardan 3-ü finala yüksəlib, 4-ü isə bürünc medal qazanıb.

Oğlanların yarışında 60 kq çəkidə Əhməd Yusifov və Rövşən Əliyev finalda bir-birinə rəqib olub. Yusifov Kamaliddin Baxtiyorov (Özbəkistan), Arman Qambaryan (Rusiya) və Ravşanbek Asanovu (Qırğızıstan), Əliyev isə Xanbolot Irsınbekov (Qırğızıstan) və Şerzod Davlatovu (Qazaxıstan) üstələyib.

Qızların mübarizəsində 52 kq çəkidə Səbinə Əliyeva Yulyana Maksatbayeva (Özbəkistan), Akmaral Nauatbek (Qazaxıstan) və Angelina Demkovskayanı (Belarus) məğlub edərək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Anna Burakova (Belarus) olacaq.

Oğlanlardan 66 kq çəkidə Elçin Hüseynov ilk iki görüşündə Maksim Baltsat (Moldova) və Rüfət Ələskərov (Rusiya) üzərində qələbə qazansa da, yarımfinalda Yeremek Amalgəldiyə (Qazaxıstan) uduzub. Lakin o, bürünc medal görüşündə Abubakr Şerovu (Tacikistan) yenərək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

81 kq-da Murad Fətiyev Georgi Yelbakiyevi (Rusiya) udsa da, yarımfinalda Nurbek Murtozoyevə (Özbəkistan) uduzub. Bununla belə, Fətiyev Ayan Bayqazı (Qazaxıstan) üzərində qələbə sayəsində bürünc medala yiyələnib.

100 kq-dan yuxarı çəkidə Camal Feyziyev də dairəvi sistemlə çıxış edib. O, ilk görüşündə Nodar Baqayevi yenilsə də, növbəti qarşılaşmasında Nikita Starovoytova (Belarus) qalib gəlib. Yarımfinalda isə Feyziyev Valeri Yendovitskiyə (Rusiya) uduzaraq, bürünc medal əldə edib.

Qızlardan 48 kq çəkidə Şəfəq Həmidova dairəvi sistemlə mübarizə aparıb. O, Liliana Skutari (Moldova) üzərində qələbə qazansa da, Alina Sergeyevaya (Rusiya) uduzub. Yarımfinalda isə Həmidova Həliməcon Qurbanovaya (Özbəkistan) uduzaraq, bürünc medalla kifayətlənib.

Oğlanlardan Yaşar Nəcəfov (66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tskayev (81 kq), Adil Kərimli (100 kq), qızlardan Zeynəb Məmmədova (52 kq) 5-ci yerlə kifayətlənib. Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva (70 kq) və Nərmin Əmirli (+78 kq) bütün, Diana Şoranova (63 kq) ilk görüşlərindən məğlub ayrılıb.