Bu gün Yel çərşənbəsi günüdür. Yel çərşənbəsi ilə mifik təsəvvürlərin yaranış yaşı qədər yaşı olan millətimizin özünəməxsus Yel fəlsəfəsi var. Mifoloji təsəvvürlər, əsatir, məsəl, misal, tapmaca və s. yaddaşımızda, dilimizdə, sözümüzdə, ruhumuzda özünə əbədiyyət qazanan bu ünsürə Yel çərşənbəsi günü ilə bayram keçirməkdə əsas məqsəd oyanışa, yaranışa bir inam bayramıdır – havanın dəyişməsinə inam, Tanrının özünə, onun gözəgörünməz, ələkeçməz, sirli-sehrli gücünə inam, şükür bayramıdır. Digər tərəfdən də, “əşi, oldu, keçdi, – havanı dəyiş”, “Ağzından yel aparsın”, “Yel əsəndə, de, getirsin bu yana.” onlarla bu kimi şifahi və yazılı deyimlərlə Yellə bədliyi qovmağa, nikbinliyə – ruhən yeni, təmiz, saf havaya kökləməyə çağırış var. Yel Tanrı gücü olduğu üçün o, ruhun ifadəsidir. Müqəddəs ruhlar da bizə özünü bəzən mehlə sığal çəkməklə nişan verir…
Yel həm də ədalətin nişanıdır. Soyuğa istini, bədliyə nikbinliyi, qaraya ağı, xaosa nizamı, tükənişə təminatı, yaxşı əmələ fərəhi, pis əmələ də öz payını gətirməklə…Əlçimi belə salır Yel baba…
Xeyirxahlığın, himayədarlığın maddi yardımçısı Yel ruhumuzun, nəfəsimizin, düşüncəmizin ab-havasını yeniləməsi, təmizlənməsi ilə mənəvi yardımın simvoludur. Yel çərşənbəsi bu müqəddəs ab-havanın bayramıdır.
“Çal mənim havamı və ya a Yel baba, Yel baba…”
Buna heç şübhə etmirəm, yazının başlığını oxuyan tək hər kəsin yaddaşının ən dərin yerindəki sözlər sıraya düzüldü həmən: A Yel baba, Yel baba, qanadına qurban, Yel baba, əlçimimi sal, baba! Yel babanın boyuna qalxmamış, əlçimə bir baxaq keşək. Ən azından əl içindədir əlçim. Həə, əlçim o əlçimdir ki, bir çəngəsinin içində bir tale yatır, bir bəxt yatır. O, bir çəngə cansız canına dağ yükü sınaq, imtahan çatır… Bu, bir tərəfidirsə, o biri tərəfi də sənin olan, haqqın olandır, əlindən alınandır, sənə doğru yol gələndir, səadətdir, ovuc içi qədər mutluluqdur.
Fatmadan tale çox şey kəsib, anasını alıb, analıq verib, səsini, sözünü alıb, o da dözüb, qara günə əyilməyib, axırda qara gün məcbur qalıb özü əyilib. Yel baba gəlib çıxıb əlininin içindəkini – əlçimini Fatmanın özünə verib… Yel baba elə mərhəmətlidir, elə ədalətlidir. O, yetim qızların mələyidir. Oxucu deyəcək , bu, nə nagıldır danışır?! Hə, nağıldır. Yadındamı, “Ölmüş Şahzadə və yeddi bahadır”da qız yetim idi, gözəlliyi gözə ağ gətirirdi. Yel baba onda da öldüyü yerdə can vermışdi, Yeliseyi gətirmışdi. Onda da Yelisey şahzadə yer qoymamışdı dünyada, nişanlısını gəzmişdi, hicran qəlbini əzmişdi. Ağlamışdı, dərdi daşmışdı, hər kəsə yaxınlaşmışdı, söz soruşanda gülmüş, sualı boş bilmişdilər.
Günəşə üz tutmuşdu, Ayı dilə tutmuşdu, dərdindən yanıb tutuşurkən Ay ona demişdi: – Bilsə, bilər külək, yalnız o sənə edər kömək.
– “Külək, gücün var
Dəstə, dəstə buludlar
Qovulur qüdrətinlə,
Göy dəniz qüvvətinlə
Dalğalanır; hər zaman
Əsirsən boşluqlardan.
Çəkinmirsən kimsədən,
Tanrıdan qorxursan sən.
Yer üzündə, dünyada
Hə, gəldik mətləbə axır ki. Yel istər ruhumuzun, istər cismimizin bir istinadgah nöqtəsidir. Bu bir ümiddir, bir inamdır, bir nikbin baxışdır, dözümdür, əzmdir.
Bu gün onun bayramıdır. Yel çərşənbəsinin təəssübkeşləri Novruz, Bahardırsa, mətnlərdə deyilir ki, Tanrıdır. Onun himayəsindədir bu qüdrətli himayəçi.
“And olsun bir-birinin ardınca göndərilən yellərə,
And olsun şiddətlə əsən yellərə,
And olsun yağış yayan yellərə,
And olsun haqqı batildən ayıran ayələrə,
And olsun vəhy gətirən o mələklərə!
Bu gün Yel Çərşənbəsi olaraq haqqı batildən ayıran qüvvənin, gücün – Yelin bayramıdır. Qorqud Dədənin Kitabı da belə başlayırdı:
Salqum-salqum
dan yelləri əsdigində…
Həmin gün ürəklərdəki bəlli olmuşdu, sağ nədi, saf nə, çürük nədi, düz nə, əyri nədir doğru nə…
Kitablardan ayrılıb , təbiətin dilinə, dediyinə qulaq kəsilsək, onda orda da görəcəyik yox ee bu Kişi elə ədalət, balans, həqiqət rəmzidir.
Çünki onun öz təbiətində bu var. Coğrafi tərifinə əsasən də belədir: ” Yüksək təzyiq sahəsindən aşağı təzyiq sahəsinə hava kütlərinin axınına külək deyilir.”
Başqa sözlə, alçaqlığa bir hava gətirəndir, bir nəfəs, hal gətirəndir Yel baba. Onun boşluğunu doldurandır, tamamlayandır. Qüdrətlidir, çox olmağına baxmayaraq aza doğru addım atandır. Yel baba belə bir yel babadır. Bayaq danışdığım nağıllarımda da bu yel babadan danışırdım.
Mənim xüsusi Külək sevgim var. Bilmirəm Mehdəndir ya nədəndir, təbiət hadisələrindən ən sevdiyim yağışla müqayisədə küləyin yerini müəyyənləşdirə bilmədim özlüyümdə: hansı daha birincidir ?! Tərəzimin gözündə eyni gəldilər.
Əlbəttə, öz havamın – nağılımın da rolu az deyil…
Küləyin məndən ötrü obrazı da bəllidir. Heç təsvir edə bilmirəm.Amma öz gözlərim önündə saç-saqqalı göy üzünü tutmuş ağ buludlardan qocaman-qocaman nurani, nurani olduğu qədər də sərt baxışlı bir kişidir, Yel baba..Mənim gözümdəki, könlümdəki Allahın insani obrazı da elədir …
Madam nağıllardan həyata keçdik, həqiqətə – hikmətə keçək birbaşa.
Hikmətdə küləklə bağlı bir iki məqama toxunum. O burada da missiya daşıyır: ya söndürür, ya da yandırır. Kuprinin bir az qala hamı bildiyi bir aforizmi var, deyir, külək od üçün nədirsə, ayrılıq da məhəbbət üçün odur: zəif hissləri söndürür, güclü hissləri isə üfürüb daha da alışdırır.
Xalq yaradıcılığında, şifahi xalq ədəbiyyatında yer almış əxlaqi-fəlsəfi ideyaları – milli təfəkkürdə qərarlaşmış bir çox fikirləri müasir fəlsəfi düşüncənin işığında yeni çalarları ilə üzə çıxaran, ona elmi-fəlsəfi dəyər qazandıran Əbu Turxanın hikmət dünyasında Yel fəlsəfəsinin öz yeri var. O, bir hikmətində əmindir: “Bu gün şüurlarda əsən xəfif meh sabah bütün cəmiyyəti saran qasırğaya çevrilə bilər.” Yəni, burda da Yel sonucdur, – güclü duyğulara, ideyalara yön verir, istiqamət verir, gücləndirir, sönməyə qoymur, zəifləri isə başa çıxmağa. Yel babanın ədaləti də budur və bu bir mənəviyyat hadisəsidir.
Və bu hadisə o zaman bərqərar davamlı ola bilər ki, hiss və düşüncə yekdil olsun. “Bərəkət gətirə bilmək üçün yel öncə düşüncələrdə əsməlidir .” inamı var Əbu Turxanın. Bayramı da olar…
Qorxulu, qorxusuz, duyğulu, duyğusuz, uyqulu, uyqusuz addımlar, hər bilgini özündə daşıyan addımlar poetik dildə, Müşfiqin dilində bir hikmət qazanır.
Gəzir saçlarında ilıq Gilavar,
Toxunur nəfəsi yanaqlarına.
Öpür dodağından, küləyə nə var?
Dünya verilib onun ixtiyarına. Sirdaşım Gilavar…
Bu həmən doğru niyyətli, qayalarda çiçək bitirən küləkdi…
Məmməd Araz poetikasında Yel baba daha çılğındır, daha əzmkardır, əqidədir, mövqedir, keçmişlə gələcək, bu gündür, tarixdir, hikmətdir, məskəndir…
Sərkərdə-küləklər, əmrini buyur!
Mənim hər zərrəmin inadında bir
Qasırğa uyuyur, tufan uyuyur.
Hər külək ağzında bir səmtə varsam,
Açılmaz şerimin qızıl dan yeri.
Əgər yer üzündə Nizami varsa,
Fikir dartımıdır fırladan yeri.
Oğullar doğublar – qaya duruşlu,
Canlılar doğublar – mağara qarın.
Hələ tarixçisi bir səmsəm huşlu
Küləkdir, bu qədim mağaraların.
Bir əsim küləyəm, bircə dil odam,
Qanadlan, ey könül, dağlara haydı!
Ey mənim gələcək bir qarış odam,
Bir qaya dibində yerin olaydı…
Yel baba haralara apardı cıxartdı, qayıdım gəlim, vaxt dardı…