- Mədəniyyət

Memarlıq sənətinin incisi: Olcaytu türbəsi

Bu gündən İranın Zəncan vilayətinin Sultaniyyə şəhərindəki Olcaytu türbəsi ziyarətçiləri üçün açıqdır.

Bu barədə İranın Turizm və Mədəni İrs Təşkilatının Zəncan vilayəti üzrə rəhbəri Məhəmmədrza Məhəmmədpur məlumat verib. O bildirib ki, koronavirus pandemiyası səbəbindən ziyarətçilər üçün bağlanan türbə artıq turistlər üçün açıqdır.

Olcaytu türbəsi Elxanilər dövrünün Azərbaycan memarlıq sənətinin incilərindən biridir. Abidəni Elxanı hökmdarı Qiyasəddünya Məhəmməd Xudabənd Ocaytu 14-cü əsrdə öz şərəfinə tikdirib. Abidənin müəllifi dövrünün tanınmış memarı Əlişah Təbrizidir. Monqol xanədanı Çingiz xanın nəslindən olan Elxanı hökmdarları, Olcaytu xan da daxil olmaqla əvvəlcə bütpərəst olaraq ruhlara inanırdılar. Bağdadı, Suriyanı, Ərəbistan yarımadasını və Misiri işğal etdikdən sonra Elxanı hökmdarları islamı qəbul edərək adlarını dəyişiblər. Elxanı hökmdarı Arqun xan və xristian cariyə Uruk xatunun oğlu olan Məhəmməd Olcaytu xanın ilk adı Nikolas idi.

Elxanilər dövlətinin əraziləri Fars körfəzindən Dərbəndə və Ceyhun çayından Misirə qədər uzanırdı. Dövlətin ən başlıca və mühüm məmləkəti Azərbaycan idi.

Elxani hökmdarı Qazan xanın ölümündən sonra hakimiyyətə onun qardaşı Sultan Məhəmməd Xudabəndə Olcaytu xan gəlir. Onun dövründə dövlətin ərazisi bir az da genişlənir. Elm, təhsil, memarlıq və sənətkarlıq inkişaf etməyə başlayır. Həmin dövrdə dünyanın ən güclü və inkişaf etmiş dövlətlərindən birinə rəhbərlik edən Olcaytu xan özünün şan-şöhrətini ədəbiləşdirmək üçün türbə tikdirməyi qərara alır. Azərbaycanın o dövrdəki memarları saraya dəvət edilir və onların hazırladıqları layihələrə baxılır. Olcaytu xanın diqqətini təbrizli memar Əlişahın layihəsi çəkir və beləcə türbə tikilir.

Tarixçilər Olcaytu türbəsini Azərbaycan ərazisində yayılmış Marağa-Naxçıvan memarlıq məktəbinə aid edirlər. Bu memarlıq məktəbi 11-ci əsrdə formalaşmağa başlamış və orta əsirlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.

İranda Sultaniyə türbəsi kimi tanınan Olcaytu türbəsi 2005-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına salınıb. Türbə İrana gələn turistlərin sevimli məkanlarından biridir. (azertag)