- Mədəniyyət

Milli İncəsənət Muzeyinin “Bədii lövhələr” layihəsi davam edir

Azərbaycan Milli İncəsənət Muzeyi görkəmli rəssamların yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəslə tanıtmaq məqsədilə “Bədii lövhələr” adlı layihəsini yeni mövsümdə də davam etdirəcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, bu ay layihənin növbəti qəhrəmanı Azərbaycan təsviri sənətində koloritli yaradıcılığı ilə xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan, çoxşaxəli diapazona malik olan Xalq rəssamı Mikayıl Abdullayevdir.

Bu dəfə balacalar sənətkarın yaradıcılığına həsr olunmuş mühazirəni dinləyəcək, eləcə də təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edərək sənət əsərləri ilə söhbətə qərq olacaqlar. Habelə, onlar “Öz tablonu yarat” adlı ustad dərsində rəssamın “Güllər” adlı bədii lövhəsinin “step by step” imitasiyasını yaradacaqlar.

Bütün azyaşlı sənətsevərlər “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvətlidir.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçmək lazımdır.