Oktyabrın 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Bolqarıstana səfəri çərçivəsində bu ölkənin Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universitetində olub.
Milli Kitabxanadan bildirilib ki, direktor universitetin rektoru, professor İrena Peteva ilə görüşüb. İrena Peteva Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovu öz universitetlərində görməkdən şad olduğunu bildirib. O, K.Tahirova universitetin tarixi, beynəlxalq əlaqələri, kitabxana fondu barədə məlumat verib, Azərbaycan Milli Kitabxanası ilə tərəfdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib. İ.Peteva kitabxanaların birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.
Görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universiteti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.
Sonra Kərim Tahirov çıxış edərək ilk öncə universitetin rektoruna öz təşəkkürünü bildirib. Direktor Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universiteti arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov əməkdaşlıq memorandumunun iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını vurğulayıb. Bildirib ki, memorandum həm Azərbaycan Milli Kitabxanasında, həm də Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universitetində hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsində və təbliğində əhəmiyyətli rol oynayacaq, informasiya və elektron resurslar fondunun formalaşmasına imkan yaradacaq.
Memorandumun şərtlərinə görə tərəflər təhsil və tədqiqatın xüsusi sahələrində, eləcə də qarşılıqlı maraq sahələrində ortaq konfransların, simpoziumların və ya digər elmi görüşlərin təşkili, akademik informasiya və materialların mübadiləsi kimi sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəlirlər.
Direktor Kərim Tahirov ölkəmizin tarixinə, mədəniyyətinə dair kitabları, eləcə də Azərbaycan Milli Kitabxanasının Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə nəşr etdiyi “Nizami Gəncəvi. Biblioqrafiya” kitabını və “Sözləri Nizaminindir” adlı CD disk albomunu xanım İrena Petevaya hədiyyə edib. Xanım İrena Petevaya da öz növbəsində Bolqarıstan mədəniyyətinə, tarixinə dair kitabları və Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universitetinin nəşrləri kolleksiyasından Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.
Sonda direktor Kərim Tahirov Bolqarıstan Kitabxana Elmləri və İnformasiya Texnologiyaları Universiteti ilə yaxından tanış olub. Ona universitetin şöbələri, kitabxana fondu, kitabxananın elektron imkanları, elektron kitabxana və kataloq, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib. (azertag)