- Mədəniyyət

Milli Kitabxana VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində tədbirlərini davam etdirir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov sənədin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 45 ölkəsi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalayıb. O, Özbəkistan Milli Kitabxanası ilə olan əlaqələrin bu müqavilədən sonra daha da möhkəmlənəcəyini vurğulayıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva çıxış edərək Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. Qeyd edib ki, Özbəkistan və Azərbaycan Milli kitabxanaları arasında həmişə əlaqələr olub, lakin bu memorandumdan sonra daha da inkişaf edib möhkəmlənəcək.

Tədbirin davamında Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova kitabxananın ən qədim nəşrini və elektron formasını, özbək milli geyimini və digər hədiyyələri təqdim edib. K.Tahirov da öz növbəsində Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi fundamental “Nizami Gəncəvi. Biblioqrafiya”, “Salam Azərbaycan” kitablarını və “Nizami Gəncəvi–880” CD albomunu hədiyyə edib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndəsi çıxış edərək Milli Kitabxana rəhbərliyini və əməkdaşları memorandumun imzalanması münasibətilə təbrik edib. Bildirib ki, imzalanan sazişə əsasən xalqlarımızın tarixi, mədəniyyəti qarşılıqlı öyrəniləcək və kitabxanalar arasında təcrübə mübadiləsi genişləndiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bildirib ki, bu memorandum hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər.

Qeyd edək ki, memorandumun şərtlərinə müvafiq olaraq kitab və biblioqrafik resurs, təcrübə mübadilələrinin, seminar və konfransların keçirilməsi, kitab sərgilərinin təşkil edilməsi nəzərdə tutulub.

Daha sonra Milli Kitabxanada VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakçı xarici ölkə kitabxanaları tərəfindən sərgidə nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsi mərasimi keçirilib.

Tədbirdə Rusiya, Gürcüstan, Özbəkistan və Qırğızıstan kitabxanalarının direktorları və əməkdaşları iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı”nda müxtəlif ölkələrin tarixinə, mədəniyyətinə, coğrafiyasına və s. dair kitablar nümayiş olunur. Bu gün təqdim olunan kitablar da həmin guşədə öz yerini tutacaq.

Sonra K.Tahirov Milli Kitabxananın dəvətini qəbul edən, çağırışına səs verən həmkarlarına bir daha təşəkkürünü bildirib. O, beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində keçirilən tədbirlərdə iştiraka görə minnətdarlıq edib, belə tədbirlərin əhəmiyyətindən danışıb, tədbirlərdə həmkarlar arasında təcrübə mübadiləsi ilə yanaşı, sərgi-yarmarkanın sonunda milli kitabxanalar tərəfindən sərgidə nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasının üstünlüklərini, tədqiqatçılar üçün böyük töhfə olduğunu qeyd edib.

Tədbirin davamında iştirakçı ölkələrin kitabxana nümayəndələri öz ölkələrinin ədəbiyyatına, mədəniyyətinə dair kitabları Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təqdim edərək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən mədəni proqramlara, tədbirlərə görə öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək, əvvəlcə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, bu gün təqdim olunan bu kitablar ölkələrin tarixini, mədəniyyətini, iqtisadiyyatını və s. öyrənməkdə kitabxana oxucularına, tədqiqatçılara kömək olacaq. (azertag)