Oskar Uayld
Varlı deyilsənsə, gözəl olmağının da elə bir faydası yoxdu. Eşqbazlıq məzlumlara deyil, zənginlərə yaraşır. Kasıbasa həyata dik gözlə baxmaq qalır. Bir sözlə, qəşəng oğlan taleyini bölüşməkdənsə, illik gəlirə sahiblənməyin qat-qat sərfəlidi.
Hyui Erksinin vara bilmədiyi müasir həyatın dahiyanə həqiqətləri yetərincə sadəydi. Biçarə Hyui!
Etiraf etməliyəm ki, o, mahiyyətinə görə də qabarıq fiqur deyildi. Həyatı boyu nə hazırcavablığı, nə də acıdilliyi ilə fərqlənmişdi. Əvəzində şabalıdı qıvrımları, yunan profili və qonur gözləri onu gözəl kişi siyahısında birinci edə bilərdi.
Kişilərin də, qadınların da eyni qədər sevimlisi olan Hyuinin ən axsayan cəhətisə pul qazana bilməməsiydi.
Atası ona öz süvari xəncərini və on beş cildlik “İspaniyaya yürüşlərin tarixi”ni miras qoymuşdu. Hyui birincisini güzgünün başından asmış, ikincisini isə rəfdə Raffın soraq kitabçası və “Beyliz meqezin”lə yanaşı qoymuşdu. Özüsə bu arada yaşlı xalasının ildə iki yüz funtuna möhtac qalmışdı.
Özünə bir düzən qurmaq üçün hər şeyə əl atmışdı. Altı ay birjada oynamışdı, yalnız bundan sonra vaxtını havaya uçurduğunun fərqinə varmışdı. Elə bir o qədər də çay alverinə girişmişdi, amma sonunda bu işdən də usanmışdı. Sonra quru xeres (şərab növü – red.) satmağa cəhd eləmişdi. Amma burda da bəxti gətirməmişdi: xeres həddən ziyadə quru olmuşdu. Nəhayət, sadəcə bir heç olduğuna imza atmışdı – yaraşıqlı, yunan profilli, avara-sərgərdan növcavan.
Vəziyyəti kəskinləşdirənsə onun eşqə düşməsiydi. Dəlicəsinə vurulduğu qız hazırda istefada olan, vaxtilə Hindistanda mədə xorası və pis əhval-ruhiyyə qazanan polkovnikin qızı Laura Merton idi. Onlar Londonda ən gözəl cütlük sayılsalar da, ciblərində siçanlar oynayırdı. Polkovnik Hyuidən xoşlansa da, nişan məsələsini bir addımlığına belə buraxmaq istəmirdi.
— Əzizim, əlinizdə on min funtluq çeklə elçi daşına oturun, onda bir şey fikirləşərik, — söylədiyi bu olurdu.
Hyui tez-tez eşitdiyi bu cümlədən bədbinliyə qapılır və təsəllini Lauranın dodaqlarında axtarırdı.
Bir səhər Mertonların yaşadığı Holland-parka yollanan aşiq yaxın dostu Allen Trevora baş çəkmək fikrinə düşür. Trevor rəssamıydı. Hərçənd bizim dövrümüzdə rəssam itətökdü, amma o, sözün əsl mənasında yaradıcıydı. Belələrisə nadir hadisədi. O, qəribəliyi, kobudluğu və eyni zamanda qanışirinliyiylə seçilən cavanıydı.
Üzünü çillər basmışdı, pırtlaşıq saqqalı, dağınıq, kürən saçları varıydı. Bu rəssamın fırçasından çıxan hər bir şəkil rahatlıqla satılırdı. Hyui onun çox xoşuna gəlirdi – hərçənd ilk əvvəl rəğbətin başında qəhrəmanımızın xarici görünüşü dururdu. “Rəssamın hal-əhval tutduğu adamlar yaraşıqlı və səfeh olmalıdı, — həmişə belə söyləyərdi, — belələrini seyr eləmək yaradıcıda xüsusi məmnunluq hissi yaradır, onlarla kəlmə kəsməksə beyinə istirahət verir. Dünyaya yalnız modabazlar və qadınlar hakimlik edir, hər halda, belə olması məsləhətdi”.
Lakin rəssam Hyuini yaxından tanıyandan sonra onu həm də səmimiyyətinə, alicənablığına, sözün yaxşı mənasında arsızlığına görə sevir və emalatxanasının qapılarını dostuna taybatay açır.
Hyui içəri girəndə Trevor kətanın üzərində dilənçinin son cizgilərini əks etdirirdi. Modelin özü bir küncdə, azacıq hündürdə dayanmışdı. Bu qozbelin məzlum görünüşü vardı, üzü əzilmiş perqamenti xatırladırdı. Çiyinlərinə qəhvəyi rəngdə kobud biçimli, cındırı çıxmış bürüncək atılmışdı. Ayağındakı yamaqlı uzunboğaz çəkmələrin ucu əyilmişdi. Bir əliylə əsasına söykənmiş qoca nimdaş şlyapa tutduğu digər əlini irəli uzatmışdı.
— Nə qəribə modeldi! – dostuyla salamlaşan Hyui pıçıldadı.
— Onun nəyi qəribədi ki?! – Trevor ucadan dilləndi. – Daha bir nə! Beləsinə hər döngədə rast gəlmək olar. Une trouvaille, mon cher! (Sadəcə uğurlu tapıntıdı, əzizim!) Canlı Velaskes! (Diyeqo Velaskes, dahi ispan rəssamı – red.) İlahi! Rembrandt (Harmens van Reyn Rembrandt, dahi holland rəssamı – red.) ondan möhtəşəm istehkam qurardı!
— Biçarə, — Hyui dilləndi. – necə də məzlum görünüşü var! Yəqin siz rəssamlara görə, üz ifadəsi onun vizit kartıdı.
— Əlbəttə! – Trevor cavab verdi. — Ondan xoşbəxt görünməsini tələb etmək axmaqlıq olardı?
— O, aldığı pozaya görə nə qədər qazanır?
— Saata bir şillinq.
— Allen, bəs siz rəsmlərinizin müqabilində nə qədər pul alırsınız?
— O! Bu məzlum mənə iki min qazandıracaq!
— Funt?
— Gineya (21 şillinq dəyərində köhnə ingilis qızıl pulu – red.), əzizim. Rəssamlar, şairlər və həkimlərlə həmişə bu cür hesablaşırlar.
— Bu ədalətsizlikdi, zənnimcə, modellər rəssamların gəlirindən müəyyən faiz götürməlidilər, — Hyui qəhqəhə çəkdi, — onlar sizdən heç də az işləmirlər!
— Cəfəngiyat! Heç bilirsiniz, günlərlə molbertin önündə dayanıb, kətana fırça atmaq nə deməkdi?! Kənardan adama hər şey asan görünür, amma bəzən incəsənət fiziki əmək dəyərinədək yüksəlir. Amma çox çərənləməyin – mənə mane olursunuz. Siqaretinizi çəkib, kirimişcə dayanın.
Bir azdan otağa daxil olan nökər çərçivə ustasının gəldiyini xəbər verdi.
— Hyui, aradan çıxmayın, — qapının kandarından keçən Trevor söylədi, — elə indicə qayıdacam.
Qoca dilənçi Treverin gedişindən istifadə eləyib, arxasındakı taxta skamyada oturdu. Kişi o qədər məzlum və bədbəxt görünürdü ki, Hyuinin ürəyi ağrıdı və mərhəmət xətrinə cibini eşələməyə başladı. Əlinə bir qızıl manat keçdi. “Biçarə qoca, — özlüyündə düşündü, — yəqin bu pula qat-qat çox ehtiyacı var, mənsə olsa-olsa iki həftə araba xidmətindən imtina etmək məcburiyyətində qalacam”. Elə bu düşüncələrlə də manatı dilənçinin ovcuna basdı.
Qoca diksindi və solğun dodaqlarında xəfif təbəssüm oynadı.
— Minnətdaram, cənab, — söylədi.
Elə həmin an Trevor içəri daxil oldu və bundan belə iş prosesinə mane olmaq istəməyən, digər tərəfdən də qəfil hərəkətindən utanc hissi keçirən Hyui dostuyla sağollaşdı. O, günün qalan hissəsini Laurayla keçirdi. Bədxərcliyinə görə sevgilisindən usdufca tənbeh alan aşiq evinə piyada qayıtdı. Amma evdə də duruş gətirməyib axşam saat on bir radələrində Palette Cluba getdi və orda zelter (təbii mineral su – red.) suyu ilə reynveyn (şərab növü – red.) içən dostu Trevorla yenidən qarşılaşdı.
— Allen, rəsminizi uğurla başa vura bildiniz? – siqaretin tüstüsünü ciyərlərinə çəkən Hyui soruşdu.
— Nəinki başa vurdum, hətta çərçivəyə də saldım, əzizim! – Trevor xüsusi məmnunluqla cavab verdi. – Yeri gəlmişkən, sizi qələbə münasibətilə təbrik etmək istərdim. Bu qoca modeli lap riqqətə gətirmisiniz. Ona barənizdə ətraflı danışmaq məcburiyyətində qaldım – kimsiniz, harda yaşayırsınız, gəliriniz nə qədərdi, gələcək planlarınız necədi.
— Əzizim Allen! – Hyui çığırdı. – Belə zarafatlar etməyin. Yəqin indi qapımın ağzını kəsdirib məni gözləyir. Biçarə qoca! Ona daha çox yardım etmək istərdim! Axı insanlar necə bu vəziyyətə düçar ola bilərlər?! Evdə bir yığın köhnə-kürüşüm var. Necə bilirsiniz, ona yarayar? Cındırından cin hürkür.
— Amma bu geyim ona çox yaraşır, — Trever qımışdı. – Qocanın portretini frakda çəkməyə heç cür razı olmazdım. Onun dilənçiliyi mənim peşəmə rəng qatır. Amma yenə də xoş məramınızı ona çatdıraram.
— Allen, — Hyui ciddi səslə söylədi, — siz rəssamların ürəyi daşdandı.
— Rəssamın ürəyi onun başıdı, — Trevor söz altında qalmadı. – Bir də ki bizlərin peşəsi dünyanı olduğu kimi təsvir eləməkdi. Achacun son metier (hər kəsin öz qisməti). İndisə mənə Lauradan danışın. Qoca model onunla xüsusilə maraqlandı.
— Bircə deməyin ki, ona Lauradan da söhbət açmısınız! – Hyui həyəcanlandı.
— Əlbəttə, açmışam. O, inadkar polkovnik, füsunkar Laura və on min funt məsələsi barədə də bilir.
— Ola bilməz?! Mənim şəxsi həyatımı bu qoca dilənçiyə açıb-tökmüsünüz? – Hyui hirsindən pörtdü.
— Əzizim, — Trevor rişxəndlə gülümsündü, — dilənçi adlandırdığınız bu şəxs Avropanın ən varlı adamlarından biridi. O, istəsə bütün Londonu ala bilər. Cındırından cin hürkən biçarənin dünyanın istənilən paytaxtında bank hesabı var. Onun süfrəsindəki boşqablar qızıldandı. Üstəlik ürəyindən keçsə, Rusiyaya müharibə elan edilməsinə sədd çəkə bilər.
— Sözünüzün canı nədi?
— Demək istəyirəm ki, bu gün emalatxanamda rastlaşdığınız o qoca baron Hausberqdi. Bizi xoş münasibətlər bağlayır, o, şəkillərimə tez-tez müştəri düşür… bir ay öncəsə dilənçi görkəmində portretini sifariş elədi. Que voulez-vous? La fantaisie d’un millionaire! (Neyləmək olar ki? Milyonçunun əyləncəsidi!) Etiraf etməliyəm ki, o, cır-cındırda əla görünürdü. Bu arada, həmin kostyumu İspaniyada əldə eləmişəm.
— Baron Hausberq! – Hyui udqundu. – İlahi! Mən ona sədəqə verdim!
Cavan oğlan pərtliyindən pörtmüş halda kürsüyə çökdü.
— Siz ona qızıl manat verdiniz! – Trevor bu dəfə hisslərinə hakim kəsilə bilməyib qəhqəhə çəkdi. – Əzizim, o manatla bəri başdan sağollaşa bilərsiniz. Son affaire c’est l’argent des autres. (Onun peşəsi başqalarının pulunu qazanmaqdı!)
— Allen, zənnimcə, xəbərdar etməməyiniz insafsız hərəkətdi, — Hyui qaşqabağını salladı, — məni lap gic yerinə qoydunuz.
— Hyui, birincisi, — Trevor heç halını pozmadı, — sizin ağılsızcasına sağa-sola sədəqə səpələyəcəyiniz ağlımın ucundan belə keçməzdi. Gözəl və çılpaq modeli öpə biləcəyinizi ehtimal edə bilərdim, amma eybəcər qocaya pul verməniz – Allah eşqinə, bunu hesablamaq bir az qəliz məsələdi! Bir də ki gələcəyinizi əvvəlcədən söyləməmişdiniz, necə bilirsiniz, dilənçi qiyafəsində qəfil yaxalanan baron kimliyinin açılmasını arzulardımı?
— Yəqin məni lap səfeh sayır! – Hyui büzüşdü.
— Əsla yox. Siz gedəndən sonra o, əla əhval-ruhiyyədəydi. Bir xeyli gülümsəyib, əllərini bir-birinə sürtdü. Əvvəlcə onun sizinlə niyə maraqlandığının fərqinə vara bilmədim, lakin indi mənə hər şey gün kimi aydındı. O, funtunuzu dövriyyəyə buraxacaq, hər altı aydan bir sizə faiz ödəyəcək, üstəlik tanışlarını əyləndirməyi üçün əla lətifəsi olacaq.
— Necə də bəxtsizəm! – Hyui mızıldandı. – Evə gedib yatmağa çalışım, hərçənd bu gün gözümə yuxu gedəcəyinə inanmağım gəlmir. Əziz Allen, Allah eşqinə, heç olmasa siz bu haqda danışmayın. Yoxsa adam arasına çıxa bilməyəcəm.
— Cəfəng şeylər söyləməyin! Əksinə, bu hərəkətiniz xeyirxah təbiətinizi bir daha qabardır. Belə tez aradan çıxmayın, bir az Lauradan danışın.
Hyui dostunun təklifini nəzakətlə rədd edib, geri qayıtdı, son olaylar kefinə soğan doğramışdı.
Sabahısı gün səhər yeməyi zamanı ona üzərində bu sözlər yazılmış bir kağız verdilər: «Monsieur Gustave Naudin, de la part de M.le Maron Hausberg» (Baron Hausberqin göstərişiylə müsyö Güstav Noden).
“Yəqin mənim üzr istəməyimi tələb edəcək”, — Hyui özlüyündə fikirləşdi və qonaı içəri dəvət elədi.
Otağa çalbaş, qızılı eynəkli, ahıl bir centelmen daxil oldu və yüngül fransız ləhcəsiylə danışdı:
— Müsyö Erskini görə bilərəmmi?
Hyui təzim elədi.
— Mni baron Hausberq göndərib, — sözünə davam etdi. – Baron…
— Ser, zəhmət deyilsə, barona səmimi üzrxahlığımı çatdırın, — Hyui burnunu altında mızıldandı.
— Baron, – ahıl centelmenin üzündə təbəssüm oynadı, — bu məktubu sizə çatdırmamı əmr edib! – Və əlindəki zərfi Hyuiyə uzatdı.
Zərfin üzərində “Qoca dilənçidən Hyui Erskin və Laura Mertona toy hədiyyəsi” sözləri yazılmışdı, içindəsə on min funt dəyərində çek vardı.
Allen Trevor toyda sağdış idi, baronsa süfrə arxasında sağlıq söyləyirdi.
— Zəngin model, — Allen dilini dinc qoymadı, — bu gün nadir hadisədi, zəngin xasiyyətsə işıqda çıraqla axtarılacaq fenomen!