Vilayət QULİYEV,
Filologiya elmləri doktoru
Həyatının 23 ilini Kazanda yaşayan, burada alim və pedaqoq kimi formalaşan, Rusiya elmi-mədəni cəmiyyətinə yol tapan Mirzə Kazımbəy özünü heç zaman şəhərin yerli əhalisindən təcrid etməmişdi. Əksinə, dil və mentalitet yaxınlığından irəli gələn bir sövq-təbii ilə tatar xalqının dostu, tatar ziyalılarının, maarif xadimlərinin müəllimi və məsləhətçisi kimi böyük rəğbət qazanmışdı. Həm də proses qarşılıqlı xarakter daşımışdı. Fəaliyyətinin başlanğıcında o, universitetdə çalışan yeganə türk əsilli pedaqoqun – məşhur Xalfinlər nəslinin nümayəndəsi İbrahim Xalfinin (1778-1829) diqqət və qayğısını hiss etmişdi. 1800-cü ildən Birinci Kazan gimnaziyasında tatar dili müəllimi kimi işə başlayan İ.Xalfin 1812-ci ildə universitetdə həmin fənn üzrə mühazirəçi təyin olunmuşdu. 1823-cü ildə isə Şərq ədəbiyyatı adyunkt-professoru vəzifəsini tutmuşdu. Təbii ki, pedaqoji işdən və tədris metodikasından uzaq olan gənc Mirzə Kazımbəy universitet fəaliyyətinin ilk günlərində daha çox İbrahim Xalfinin təcrübəsinə arxalanmışdı.
Universitetdə və Kazan mühitində nisbətən tanınandan sonra o, imkanı daxilində şəhərin “tatar slobodası” adlanan hissəsində yaşayan yerli əhalinin dünyəvi təhsil və çağdaş mədəniyyətlə daha sıx təmas qurması üçün yollar axtarmağa başlamışdı. O, 1834-cü ildə universitetin məzunu M.Nikolskinin tatar dilində “Bəhrül-əsrar” (“Sirlər dənizi”) adlı qəzet nəşr etmək ideyasına birincilər sırasında tərəfdar çıxmışdı. Alim belə bir mətbu orqanın ilk növbədə tatar ziyalıları üçün zəruriliyi fikrini əsaslandıraraq yazırdı: “Kimin nəşr etməsindən asılı olmayaraq tatar dilində qəzet həm sırf maarif nöqteyi-nəzərindən, həm də iqtisadi münasibətlər – sənayenin və ticarətin inkişafı baxımından tatarlara böyük fayda gətirəcəkdir. Əhali arasında yayılmasına münasib şərait olan belə bir qəzetin Kazan şəhərində nəşri nəinki faydalı, hətta zəruridir”.
Universitet kimi mötəbər elm və təhsil mərkəzində çalışsa, müəyyən mənada hökumət məmuru sayılsa da, Mirzə Kazımbəy yolunu tez-tez tatar mədrəsələrinə salırdı. Buradakı yüksək biliyə malik, təkcə din və şəriət məsələlərinə deyil, tarixə, ədəbiyyata, Şərq fəlsəfəsinə yaxşı bələd olan axund və işanlarla dostluq əlaqəsi saxlayır, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırdı. Bəzən hər hansı əlyazmasının düzgün oxunması üçün onların köməyinə müraciət edirdi.
Onun XIX əsr tatar maarifçiliyi, pedaqoji və ədəbi-elmi mühitinin Salihcan Kuklyaşev (1811-1864), Şihabəddin Mərcani (1818-1889) Hüseyn Feyzxanov (1823-1866), Məhəmməd Qaley Mahmudov (1824-1891), İbnyamin Aminov (1832-1897) kimi nümayəndələri ilə əməkdaşlığı tək adı çəkilən şəxslərin deyil, bütünlükdə milli mədəni fikrin inkişafına təsirsiz qalmamışdı. Əgər XIX əsr rus şərqşünaslıq elmində “tatar məktəbi” adlana biləcək istiqamət meydana çıxmışdısa, onun qurucuları və fəal nümayəndələri heç şübhəsiz, Mirzə Kazımbəyin tələbələri idilər. Belə bir elmi istiqamətin mövcudluğu isə şübhə doğurmur.
Mirzə Kazımbəyin ilk tatar yetirmələrindən biri – Orenburqdakı Neplyuev kadet korpusunun məzunu S.Kuklyaşev 1832-ci ildə Kazan universitetinin Tibb fakültəsinə daxil olsa da, iki il sonra Şərq dilləri üzrə ixtisaslaşmağı qərara almışdı. 1836-cı ildə ilk tatar məzun kimi Fəlsəfə fakültəsinin Şərq bölməsində ali təhsilini başa vurub ərəb-fars dillərinə yiyələnmişdi. 1836-1850-ci illərdə vaxtı ilə bitirdiyi hərbi məktəbdə doğma tatar dili ilə yanaşı, həmin dilləri də tədris etmişdi. 1850-1856-cı illərdə Orenburq sərhəd komissiyası yanında qazax uşaqları üçün açılmış məktəbdə çalışmış, sonra isə yenidən Neplyuev korpusuna qayıtmışdı.
Onun 1859-cu ildə çap etdirdiyi “Tatar müntəxəbatı” kitabı uzun illər dərs vəsaiti kimi istifadə olunmuşdu. Tatar dilini öyrənmək istəyən ruslar üçün nəzərdə tutulan kitaba lüğət də əlavə edilmişdi. Ciddi ehtiyac olduğundan 1870-1895-ci illər arasında “Tatar müntəxəbatı”nın 10-a yaxın nəşri meydana çıxmışdı.
S.Kuklyaşev hələ universitet illərində Şərq müəlliflərinin əsərlərinin rus və tatar dillərinə tərcüməsi ilə maraqlanırdı. 1834-cü ildə Kazanda çıxan “Zavoljskiy muravey” jurnalı onun farscadan çevirdiyi didaktik xarakterli “Bülbül və bağban” adlı hekayəni çap etmişdi. Türk tədqiqatçısı İsmail Avçı akademik M.Zəkiyeva istinadən onun orta əsrlər Osmanlı şairi Əhmədi Rıdvanın “İskəndərnamə” poemasının (1499) Anadolu türkcəsindən tatarcaya tərcümə etdiyini yazır. Uzun müddət aralarında yaşadığı qazaxların da dilini mükəmməl öyrənən S.Kuklyaşev qazax şifahi xalq ədəbiyyatının çeşidli nümunələrinin toplanması, yazıya alınması, nəşri və tədqiqi işinin də pionerlərindən biri kimi tanınmışdı.
Tatar maarifçisi, tarixçi, ilahiyyatşünas və müdərris Şəhabətdin Mərcani (1818-1889) ilə Mirzə Kazımbəyin şəxsi tanışlığı, elmi iş birliyi o qədər də uzun sürməmişdi. On ilə yaxın Səmərqənd, Buxarada kimi islam mərkəzlərində təhsil alan Mərcani Kazana yalnız 1848-ci ildə dönmüşdü. Növbəti il isə Mirzə Kazımbəy həyatının təxminən dörddə bir əsrini keçirdiyi şəhəri tərk etmişdi. Amma dəqiq məlumdur ki, Mərcaninin vətənə qayıdışından az sonra onlar Kazanda görüşmüşdülər. Bir ilə yaxın müddət ərzində maraq ümumiliyi zəminində səmərəli əməkdaşlıq etməyə imkan tapmışdılar. Hər ikisinin müştərək yetirməsi olan tatar maarifçisi, şərqşünas-tarixçi Hüseyn Feyzxanov (1823-1867, tatarca Xösəen Fəezxanov) Peterburq universitetində çalışdığı illərdə Mirzə Kazımbəylə Mərcani arasında canlı körpü rolunu oynamışdı.
Şihabutdin Mərcani
Hüseyn Feyzxanov Mirzə Kazımbəyin daim diqqətdə saxladığı, həyatında mühüm rol oynadığı açıq fikirli tatar gənclərindən olmuşdu. Tatarıstan EA-nın həqiqi üzvü M.Usmanov və professor S.Mixaylova onların tanışlıq və ünsiyyət tarixini 1849-cu ilə aid edirlər. Bizim Tatarıstan Mərkəzi Dövlət Arxivində aşkara çıxardığımız bir sənəd isə bu tanışlığın daha əvvəl – 1848-ci ildə baş tutduğunu söyləməyə əsas verir. Mirzə Kazımbəyin həmin il sentyabrın 3-də Fəlsəfə fakültəsinin birinci şöbəsinə göndərdiyi məlumatda Kazandakı Baymurat məktəbinin tələbəsi Hüseyin Feyzxanovun universitetin mints-kabinetinə 56 ədəd qədim sikkə satdığı bildirilirdi. Bu da tatar gəncinin tək Şərq dilləri deyil, Şərq numizmatikası ilə də ciddi şəkildə maraqlandığını sübut edir.
İlahiyyatçı, ictimai xadim, pedaqoq, tarixçi, şərqşünas-türkoloq, arxeoloq və kalliqraf kimi tanınan, XIX əsrin ikinci yarısında tatar elmi-ictimai fikrinin formalaşmasına ciddi töhfə verən Hüseyin Feyzxanov 1828-ci ildə Simbirsk quberniyasının Sabaçay aulunda doğulmuşdu. Mənşə etibarı ilə dövlət kəndlisi sayılırdı. Yalnız 1861-ci ildə universitetdəki fəaliyyəti ilə əlaqədar qulluqçular silkinə daxil edilmişdi.
Təhsilini doğma kəndində və Kazandakı müxtəlif mədrəsələrdə, 1848-ci ildən sonra isə Ş.Mərcaninin yanında almışdı. Mirzə Kazımbəylə əməkdaşlıq nəticəsində onun köməyi ilə müasir elmi-tədqiqat üsullarına yiyələnməyə, filoloq-şərqşünas kimi formalaşmağa başlamışdı. Hüseyin Feyizxanov taleyini Kazan universiteti ilə bağlamaq, azərbaycanlı alimin rəhbərliyi altında Şərq dillərini, tatar xalqının tarixini, ədəbiyyat və mədəniyyətini araşdırmaq istəyirdi. Lakin tezliklə məşhur həmkarının paytaxt universitetinə dəyişilməsi, ardınca isə Kazanda Şərq dillərinin tədrisinin dayandırılması planlarını həyata keçirməyə imkan vermədi.
Mirzə Kazımbəy Kazandan ayrılarkən gənc dostunu əmin etmişdi ki, Peterburqda Şərq dilləri fakültəsi fəaliyyətə başlayan kimi onu mütləq paytaxta çağıracaq. Xoşbəxtlikdən Kazan təhsil dairəsində iyirmi ildən çox çalışmış keçmiş popeçitel N.M.Musin-Puşkin də Peterburqa eyni vəzifəyə təyin olunmuşdu. Mirzə Kazımbəy dostluq əlaqələri saxladığı yüksək rütbəli Çar rəsmisinin köməyi ilə məsələni tezliklə yoluna qoyacağını düşünürdü. Odur ki, yeni fakültənin açılışı ərəfəsində -1854-cü ildə Hüseyini Kazandan Peterburqa çağırmışdı. Sənədlərə görə hələ də “dövlət kəndlisi” sayılan H.Feyzxanov özü də çətinliklərə baxmayaraq, paytaxta can atırdı. Çünki yalnız bu yolla sevdiyi işlə məşğul ola bilərdi. Digər tərəfdən isə universitet cameəsinə daxil olub xalqına daha çox fayda gətirə bilərdi. Müasir tatar alimi N.Yuzeevin yazdığı kimi, bu dövrdə Hüseyin gələcək həyatını elmi dairələrlə işgüzar əlaqə və əməkdaşlıqdan kənarda təsəvvür etmirdi.
Mirzə Kazım bəy
Həyatının mühüm qərarını verərkən Hüseyn Feyzxanov istər-istəməz Mərcani ilə Mirzə Kazımbəy arasında seçim etməli olmuşdu. Bu, asan seçim deyildi. Amma istənilən halda Mərcani keçmişi, dünəni təmsil edirdi. Mirzə Kazımbəylə əməkdaşlıq isə sabaha, gələcəyə yol açırdı. Bu yolla irəliləyib daha böyük uğurlar əldə etmək, xalqa daha fayda gətirmək mümkün idi. Təbii ki, Mərcani ən bacarıqlı tələbəsinin Peterburqa getməsini istəmirdi, bütün mümkün vasitələrlə düşdüyü fikirdən daşındırmağa çalışırdı: “Mən nəinki onun Peterburqa getməsinə qarşı çıxırdım, həm də hər cür dilə tuturdum ki, Kazandan ayrılmaq istəyirsə, başqa yerə getsin, – deyə sevimli tələbəsinin gənc yaşda ölümündən sonra yazırdı. – Amma hər şey Allahın iradəsinə bağlıdır. Qadir Allah onun əli ilə məndən ötrü də çox şey etdi, vacib işlərimdə onu mənə köməkçi göndərdi. Qoy Allah mənə görə mükafatını versin və məqamını cənnət eləsin”.
Mərcaninin şübhə və narahatlığına rəğmən, Mirzə Kazımbəy gənc həmkarının universitetdə bilik səviyyəsinə uyğun işlə təmin olunması üçün gücü çatan hər şeyi edirdi. Şərq dilləri fakültəsinin tarixinə dair sənədlərdə də göstərildiyi kimi, “universitetin Şərqşünaslıq fakültəsinin dekanı Mirzə Kazımbəy H.Feyzxanovu yeddi ilə yaxındır ki, tanıyır. Professor Mirzə Kazımbəy onun həm bir insan kimi şəxsi keyfiyyətləri, həm də şərqşünas-alim kimi biliyi və elmi axtarışları barəsində yüksək fikirdədir. Hesab edir ki, Hüseyin Feyzxanovun işə cəlb edilməsi universitet üçün faydalı ola bilər”.
Universitetin rektoru, professor P.A.Pletnyova raportunda isə Mirzə Kazımbəy yazırdı: “Kazan sakini tatar molla Hüseyin gözəl müsəlman təhsili alıb, türk-tatar dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilir, fikirlərini rusca sərbəst ifadə etməyi bacarır”.
Amma müsbət təqdimatlara rəğmən, işlər istənilən şəkildə getmirdi. Artıq Şərq dilləri fakültəsinin ilk dekanı kimi fəaliyyətə başlayan Mirzə Kazımbəyin təkidli xahişlərindən sonra popeçitel 1855-ci ilin noyabr ayında Xalq Maarifi Nazirliyi qarşısında “dövlət kəndlisi” (universitet və kəndli – yəqin ki, XIX əsr Rusiya elm mühitində bundan güclü antiteza ola bilməzdi!) Hüseyin Feyzxanovun universitetdə işə qəbul olunması ilə bağlı məsələ qaldırmışdı.
Nazirliyin qərarını isə düz iki il gözləmək lazım gəlmişdi. Yalnız 1857-ci ilin noyabrında böyük ümidlər verən gəncin Şərqşünaslıq fakültəsində türk-tatar və ərəb dili məşğələlərini aparmasına icazə verilmişdi. Beş il keçəndən sonra, 1862-ci ildə isə idarəçilikdə olan Senat Hüseyin Feyzxanovu həmin fakültədə türk-tatar dilləri mühazirəçisi vəzifəsinə təsdiq etmişdi.
Peterburq həyatının ilk günlərindən Mirzə Kazımbəy onun yolgöstərəni, xeyirxahı və hamisi kimi tanınmışdı. Gənc həmkarını görkəmli rus alimləri ilə tanış etmişdi. Peterburqda yaşadığı 13 il ərzində Feyzxanov Mirzə Kazımbəylə yanaşı, akademiklər B.A. Dorn, V.V.Velyaminov-Zernov, professor V.V.Qriqoryev kimi məşhur rus şərqşünasları ilə əlbir çalışmışdı.
Velyaminov-Zernovun xahişi ilə 1858-ci ildə o, Krım xanlarının Rusiya Xarici İşlər Nazirliyinin Moskvadakı arxivində saxlanan diplomatik yazışmalarını araşdırmışdı. Aşkara çıxarılan faktlar gözlənildiyindən də uğurlu olmuşdu. EA H.Feyzxanovun bilik və peşəkarlığını yüksək qiymətləndirib onun Rusiya Arxeologiya Cəmiyyətinin üzvü seçilməsi ilə bağlı məsələ qaldırmışdı. 1860-cı ildə alim həmin nüfuzlu qurumun həqiqi üzvləri sırasında yer almışdı.
1858-ci ildə H.Feyzxanov yenə EA-nın qərarı ilə bir neçə dəfə Orenburq vilayətinə ezam olunmuşdu. Buradakı tədqiqlərinin nəticəsi kimi “Rusiya Arxeologiya Cəmiyyətinin Xəbərləri” məcmuəsində “Üç mükəmməl bulqar yazısı” məqaləsi ilə çıxış etmişdi. Mütəxəssislər orijinal yanaşma və faktlar əsasında yazılan məqaləni Volqa-Kama bulqarlarının epiqrafikasının tədqiqində yeni söz kimi qiymətləndirmişdilər. İlk dəfə olaraq H.Feyzxanov bulqar məzar daşlarının deşifrə olunması metodikasını işləyib hazırlamışdı.
İndiki Ryazan vilayətində yerləşən tarixi Qasımov xanlığının (Kasıym xanlığı, 1451-1682) öyrənilməsində də tatar aliminin mühüm xidməti olmuşdu. 1860-cı ildə xanlığın keçmiş ərazisinə ekspedisiya zamanı H.Feyzxanov yerli tatarlara aid 29 məzar daşını deşifrə etmişdi. Onların arasında 1610-cu ildə Ljedmitrinin qətlə yetirdiyi xan Uraz Muhəmmədin başdaşı da vardı. İlk dəfə H.Feyzxanovun aşkara çıxardığı materiallardan akademik Velyaminov-Zernov “Kasımov çarları və şahzadələri haqda tədqiqat” əsərində istifadə etmişdi.
Qısa həyatı və elmi yaradıcılığı boyu H.Feyzxanov yalnız bir monoqrafik əsər çap etdirə bilmişdi. 1860-cı ildə Peterburq universiteti mətbəəsində alimin litoqrafiya üsulu ilə “Tatar dilinin müxtəsər qrammatikası” kitabı çıxmışdı. Əsərdə Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın güclü təsiri duyulurdu. Müəllimi kimi Hüseyn də qrammatik qaydaları yaddaşlarda möhkəmləndirmək məqsədi ilə dərsliyə müntəxabat əlavə etmişdi. Həmin hissədə hind didaktik ədəbiyyat nümunəsi “Kəlilə və Dimnə”dən tatar dilinə çevrilmiş parçalar, Krım xanı Canıbəy Gireyin (XVII əsr) bəzi fərmanları, özbək klassiki Əlişir Nəvainin “Məcalis-ən-nəfais” poemasından hissələr salınmışdı.
Nəhayət, Mirzə Kazımbəyin maarifçi görüşlərinin təsiri altında Hüseyn Feyzxanov tatar gənclərinin gimnaziya və universitetlərə cəlb olunması məsələsini qaldırmış, tatar məktəblərinin islahı ideyasını qarşıya məqsəd qoymuş, milli maarifçi düşüncənin diqqətəlayiq nümunələrindən biri sayılan, amma başa çatdıra bilmədiyi “İslah əl-mədaris” adlı əsər qələmə almışdı.
Akademik Dornun tapşırığı ilə o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva arxivindəki müxtəlif sənədlərin, o cümlədən, Krım xanlarının Rusiya ilə diplomatik yazışmalarının üzünü köçürmüş, yaxud mətnləri tutuşdurub dəqiqləşdirmə aparmışdı. Eyni zamanda Qafqaz və Azərbaycan tarixinə dair əlyazma əsərlərinin və arxiv materiallarının surətini çıxarmış, bəzilərinin elmi təsviri vermişdi. Həmin əsərlərdən biri də uzun müddət səhvən Şəki qazısı Hacı Əbdüllətif Əfəndiyə isnad edilən, əslində isə özü də xan nəslindən olan Kərim ağa Fatehin (1788-1858) ana dilində – Azərbaycan türkcəsində yazdığı “Şəki xanlarının müxtəsər tarixi” idi. Tatar aliminin nəşrə hazırladığı bu əsər akademik Dornun “Əl-İntixabatül-Bəhiyyə” adlı külliyyatda yer almışdı. Müəllifin şəxsiyyəti isə qafqazşünas N.V.Xanıkovun şəhadətinə əsasən müəyyən edilmişdi. Yalnız 1920-ci illərin sonunda Salman Mümtazın sayəsində həqiqi müəllifin kimliyini müəyyən etmək mümkün olmuşdu. İstənilən halda H.Feyzxanovun əlyazmasını aşkara çıxarıb çapa hazırlaması Azərbaycan tarixi qarşısında mühüm xidmət idi.
1865-ci ildə Şərqşünaslıq fakültəsində
tədrisin iki istiqamətdə aparılması məsələsi müzakirəyə predmetinə çevriləndə H.Feyzxanov vəziyyətinin qeyri-müəyyənliyinə, gələcəyi üçün risk yaratmasına baxmayaraq, qətiyyətlə Mirzə Kazımbəyin mövqeyində dayanmışdı. Sanki bu yolla azərbaycanlı həmkarına taleyində oynadığı rola görə minnətdarlığını ifadə etməyə çalışmışdı.
Hüseyn Feyzxanov gənc yaşda ehtiyac və xəstəliklər nəticəsində həyatdan köçəndə Şərq dilləri fakültəsinin dekanı Mirzə Kazımbəy universitet Şurasına 9 noyabr 1866-cı il tarixli məktubunda yazırdı: “Fakültə universitet Şurasına mərhum Hüseyn Feyzxanovun türk dillərinə hətərəfli bələdliyi, bütün səy və bacarığını qoyduğu fədakar xidməti, tədris işlərinə və elmi tədqiqatlara dərin bağlılığı haqda xəbər verməyi özünə borc sayır. O, biliyindən faydalanmağı hər kəsə təklif edir və çoxlar bundan yararlanırdı. Feyzxanov fakültə professorları ilə, akademik dairələrdə çalışan şərqşünaslarla davamlı ünsiyyət nəticəsində ciddi elmi səviyyəyə yüksəlmişdi. Nəticədə əgər belə demək mümkünsə, bizim iki milyonluq tatar əhalimiz arasında yeganə tədqiqatçı-alim kimi tanınmışdı. Şərq ədəbiyyatı sahəsində yüksək erudisiya tələb edən EA-dakı məşğələləri ilə yanaşı, Kazan tatarlarının ünsiyyət vasitəsi sayılan tatar dili qrammatikasını, Arxeologiya cəmiyyətinin “Xəbərləri”ndə isə bulqar yazılarına dair dilçilik baxımından elmi dəyəri ilə seçilən iki məqalə nəşr etdirmişdi. Yalnız tədris vasitəsi deyil, müstəqil elmi əsər kimi də böyük əhəmiyyətə malik qırğızca-rusca lüğət hazırlayırdı. Təəssüf ki, amansız ölüm alimə bu əsərini başa çatdırmağa imkan vermədi. Sadaladığımız işlərlə bir sırada Hüseyn Feyzxanov 1861-ci ildən vəfat etdiyi günə qədər heç bir qazanc güdmədən, sadəcə fakültəyə faydalı olmaq naminə müxtəlif vəzifələri yerinə yetirirdi. Kalliqrafiya müəllimi işləyəndə Osmanlı türkcəsi və tatar dillərini məvacibsiz tədris etmişdi. Tatar dili mühazirəçisi kimi çalışdığı dövrdə isə yenə maaş almadan osmanlıca və kalliqrafiya məşğələlərini aparırdı”.
H.Feyzxanovun vaxtsız vəfatından sonra Mirzə Kazımbəyin uzun müddət həmkarının ailəsinə maddi yardım göstərməsi, övladlarının təhsili qayğısına qalması da aralarındakı yaxınlıq və dostluğun təzahürü idi. Tatar aliminin dul qadını Fatimə Feyzxanovanın Peterburq universiteti rektoruna 27 noyabr 1868-ci il tarixli ərizəsindən aydın olur ki, “ərinin vəfatından keçən üç il ərzində ailəsinin dolanışacağı yalnız professor Mirzə Kazımbəyin qayğı və diqqəti sayəsində mümkün olmuşdur”. Ərizədə daha sonra deyilirdi: “Hətta indiyə qədər Mariinsk qız gimnaziyasında oxuyan böyük qızlarımın təhsil xərcini də Mirzə Kazımbəy öz üzərinə götürmüşdür”. Bu fakt həm də bir insan və şəxsiyyət kimi Mirzə Kazımbəyin nəciblik və alicənablığından xəbər verir.
Mirzə Kazımbəyin gəlini M.L.Tolstaya-Kazımbəyin 1891-1892-ci illərə aid gündəliklərindəki qeydlər (Kazan universiteti kitabxanasının nadir kitablar və əlyazmalar bölümündə saxlanır – V.Q.) qayınatasının ölümündən sonra da iki ailə arasındakı əlaqələrin kəsilmədiyini göstərir. M.L.Tolstayanın yazdığına görə, 1880-ci illərdə H.Feyzxanovun ortancıl qızı, xalqçılıq hərəkatı ilə yaxından maraqlanan Əminə alimin oğlu, XIX əsr Rusiyasının görkəmli hüquqşünaslarından senator Aleksandr Kazımbəyin (1844-1896) ailəsində yaşamışdı (H.Feyzxanovun üç qızı vardı. Hər üçü gimnaziya təhsil almışdı. Böyük qızı Bibi-Aişə I və II Dövlət dumasının üzvü, hüquqşünas Şahheydər Sırtlanovun, kiçik qızı Bibi-Zeynəb tatar ictimai xadimi, I Dövlət dumasının üzvü Səid Qirey Alkinin xanımı idi. A.A.Kazımbəyin ailəsində yaşayan ortancıl qızı Əminə Feyzxanova isə Ufa quberniyasında xeyriyyəçi kimi tanınmışdı. Ə.Topçubaşov “Müsəlman qadının özfəaliyyəti” adlı məqaləsində (“Kaspi, 28 noyabr 1903) onun tatar qadınları arasında gördüyü maarifçilik və xeyriyyəçilik işi haqqında bəhs açmışdı).
Mirzə Kazımbəyin yardımı ilə universitet cameəsinə yol tapan tatar maarifçisi, kalliqraf, kitab tərtibatçısı və miniatür ustası M.Q.Mahmudov Kazan quberniyasının Selenqur kəndində, kəndli ailəsində doğulmuşdu. 1842-ci ilin sonundan etibarən universitetdə və Birinci Kazan gimnaziyasında Şərq kalliqrafiyası müəllimi işləmiş, 1855-1868-ci illərdə isə burada tatar dilini tədris etmişdi. Sonralar bir müddət tatar müəllimlər məktəbinin müfəttişi kimi çalışmışdı. Mülki müşavir (orduda polkovnik) çininə qədər yüksəlmişdi.
Azərbaycanlı alim onunla Kazan müdərrislərindən Xeybulla Həzrətin mədrəsəsində tanış olmuşdu. S.M.Mixaylovanın yazdığına görə, “mütəmadi surətdə Xeybulla Həzrətin mədrəsəsinə gələn professor Mirzə Kazımbəy Mahmudovun kalliqrafik istedadına diqqət yetirmişdi. Məhəmmədlə şəxsi söhbətində onu gələcəkdə universitetdə və Şərq dillərinin tədris edildiyi Birinci Kazan gimnaziyasında Şərq kalliqrafiyası müəllimi kimi görmək istədiyini bildirmişdi. Təbii ki, tatar gənci qarşısında açılan perspektivə çatmaq üçün bütün qüvvə və enerjisini sərf etməyə hazır idi”.
Perspektivin reallaşması üçün Mirzə Kazımbəy mümkün olan işləri görmüşdü. Onun israrı nəticəsində mədrəsə təhsilini başa vurub doğma auluna qayıdan Mahmudov yenidən Kazana gəlmiş və universitetdə işə qəbul olunmaq xahişi ilə təhsil dairəsi popeçitelinə müraciət etmişdi. Musin-Puşkin məsələ ilə bağlı Mirzə Kazımbəyin fikrini öyrənmək istədikdə isə alim əsla tərəddüd etmədən M.Q.Mahmudovun gimnaziya və universitet üçün faydalı olacağı barədə zəmanət vermişdi. Bu münasibətlə təqdim etdiyi raportunda deyilirdi:
“Siz əlahəzrətlərin Mahmudovun təhsil müəssisələri üçün gərəkli olub-olmayacağı barədə sorğunuzun cavabında bildirirəm ki, onun tədris edəcəyi predmetin – kalliqrafiyanın universitetdə və gimnaziyada öyrənilməsi nəinki lazımlı, hətta zəruridir. Gənc və istedadlı Mahmudov tezliklə hər iki (gimnaziya və universitet) elmi müəsissəyə fayda gətirə bilər”. Alimin fikrincə, kalliqrafiya ilə yanaşı, Mahmudova aşağı kurslarda praktiki Şərq dilləri məşğələlərinin tədrisini də həvalə etmək mümkün idi.
Tatar əsilli Kazan sakini Məhəmməd Qaley Mahmudovun rus tədris müəssisələrində işlə təmin olunmasına Mirzə Kazımbəy həm də təhsil dairəsi və universitet rəhbərliyinin tatar xalqı, Kazanın müsəlman əhalisi qarşısında mənəvi borcu kimi yanaşaraq yazırdı: “Burada yerli müsəlmanları tədqiq edib öyrəndiyimiz bir şəraitdə ən yaxşı Kazan mədrəsələrindən birinin tələbəsinin bizimlə birlikdə çalışmaq fikrinə düşməsi diqqətəlayiq haldır. Onun arzusunun yerinə yetirilməsi, bacarıq və istedadının qiymətləndirilməsi başqa tatarlar üçün də elm və maarifə maraq göstərmək baxımından gözəl örnək ola bilər”.
Müəlliminin dilçilik ənənələrinə sadiq qalan Mahmudov 1857-ci ildə Kazanda “Tatar dilini öyrənmək üçün praktiki vəsait” adlı kitab nəşr etdirmişdi. Bu tədris vəsaiti XIX əsrdə Rusiya hüdudlarında meydana çıxan digər dərsliklər kimi “Türk-tatar dilinin ümumi qrammatikası”nın metodologiyası və təsiri altında yazılmışdı. Tatar maarifçisi Mirzə Kazımbəyin türk dilləri ilə bağlı ilk dəfə irəli sürüb əsaslandırdığı elmi-nəzəri müddəalardan məharətlə faydalanaraq ana dilinin tədrisinə xidmət edən faydalı bir dərslik hazırlaya bilmişdi.
Əminliklə demək olar ki, Mirzə Kazımbəyin tatar maarifçiləri ilə əlaqələri bəhrəsini vermişdi. Məhz onların birgə səylərinin nəticəsində artıq 1820-ci illərin sonunda universitetdə ilk müsəlman – tatar tələbələr görünməyə başlamışdılar. Növbəti onilliklərdə isə onların sıraları genişlənmişdi. Bu da heç şübhəsiz, Mirzə Kazımbəyin tatar həmkarları ilə birlikdə həyata keçirdiyi ardıcıl, sistemli maarifçilik fəaliyyəti nəticəsində mümkün olmuşdu.
525.az