- Mədəniyyət

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Misirin ən məşhur mədhiyyə və muğam ustalarından biri əslən azərbaycanlıdır.

AZƏRTAC xəbər verir ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov 25 ildən çoxdur ki, ərəb mənbələrində Misirdə Azərbaycanla bağlı tədqiqatlar aparır. Onun son illər apardığı tədqiqatların nəticələrindən biri də ərəb və İslam dünyasında ən məşhur mədhiyyə və muğam ustalarından biri olan Seyyid Nəqşibəndinin babasının əslən azərbaycanlı olduğudur.

Tədqiqatçı-alimin sözlərinə görə, Nəqşibəndi çox məşhur, sevilən bir şəxsdir və İslam dünyasının yüksək mükafatları ilə təltif olunub. XIX əsrin sonlarında Seyyid Nəqşibəndinin babası Misirin Əl-Əzhər Universitetində təhsil almaq üçün Azərbaycandan Misirə gedib və təhsilini bitirdikdən sonra bu ölkədə yaşamağa qərar verib.

Bu araşdırmadan sonra Seyyid Nəqşibəndinin ailə üzvləri ilə əlaqə saxlanılıb, onun nəvəsi Misir-Azərbaycan Dostluq Cəmiyyətinə dəvət edilib. Seyyid Nəqşibəndinin nəvəsi Seyyid Şəhhətə Cəmiyyətin fəaliyyəti ilə yaxından tanış olub. O, bu qurumun iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafına böyük töhfələr verdiyini bildirib.

Daha sonra Seymur Nəsirovun rəhbərliyi ilə Cəmiyyətin bir qrup üzvləri Seyyid Şəhhətə ilə birlikdə Seyyid Nəqşibəndinin Qahirədə yerləşən məzarını ziyarət ediblər.

Seyyid Şəhhətə Misir və ərəb mediasına verdiyi açıqlamada həqiqətən də babasının əslən azərbaycanlı olduğunu, təhsil almaq üçün Misirə gəldiyini və ömrünün sonuna kimi burada yaşadığını qeyd edib.