Misirin nüfuzlu “Əl Əhram” qəzetində jurnalist Mahmud Diabın “Qafqazda zülməti aydınladan xanım” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə adının mənasının “Günəş şüası” olduğu, Xurşidbanu Natəvanın ədəbiyyata və elmə verdiyi töhfələrin Qafqazda bir nur kimi qaranlıqları aydınlatdığı yazılıb. Müəllif qeyd edib ki, avqustda 189 illiyi qeyd olunan və el arasında “Xan qızı” adlandırılan bu nəcib Azərbaycan şairəsi Qarabağ torpağının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir.
Məqalədə diqqətə çatdırılır ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşidbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.
Müəllif Xurşidbanu Natəvanın həyatının Tiflis, Dağıstan dövrlərindən də bəhs edilib. Xan qızının dəfn edildiyi Ağdama səfər etmiş M.Diab diqqətə çatdırıb ki, onun qəbrinin olduğu İmarət Qərvənd qəbiristanlığı, buradakı türbənin önündəki büstü erməni işğalçıları tərəfindən dağıdılıb. O əlavə edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra qəsbkarların dağıtdığı “Xan qızı” bulağı qısa müddətdə bərpa olunub. Hazırda Xurşidbanu Natəvanın geniş sarayının qarşısında onun gözəlliyini əks etdirən büstü ucalır.