Vasif SADIQLI
“Cəlil Məmmədquluzadə Ensiklopediyasının yazdığına görə, İsmayıl bəy Qasprinski “Molla Nəsrəddin” jurnalının nəşrinə hazırlıq getdiyindən xəbər tutanda onu qabaqlamaq məqsədilə qəhrəmanı Xoca Nəsrəddin olan həftəlik satirik jurnalının nəşrinə başlayıbmış: “Jurnalda yazıların və rəsmlərin mövzusu tatarların həyatından alınır, mollanəsrəddinvari olmasına xüsusi fikir verilirdi. Jurnal “Molla Nəsrəddin”dən 6 gün əvvəl çıxmasına baxmayaraq (1906 il, 1 aprel) beş sayından sonra nəşrini dayandırmağa məcbur oldu”.
Bu yazıdan görünür ki, hər iki böyük ictimai xadimin bir-birinin ünvanı xoş sözləri, təbrikləri olsa da, Mirzə Cəlillə İsmayıl bəy Qasprinski arasında münasibətlər heç də hər zaman xoş olmayıb..
Təzə xəbər
Qardaşlar, bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nəql eləyim.
Bu xəbəri “Tərcüman” qəzetində oxudum. Əhvalat budu ki, Baronessa Rozen adında bir nemes xanımı “Tərcüman” qəzetəsinin sahibinə belə bir məktub yazıb: “Cənab mühərrir, mən otuz yaşında bir övrətəm, özüm də oxumuş və dövlətli, fikrim budu ki, bir müsəlmana ərə gedəm və islmı qəbul edəm, ancaq bir məsələ qabağımı kəsir: əgər mən müsəlman olandan sonra başıma çarşab salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk maaşımı atam ərimin üstünə, bu da mənim üçün böyük zülmdür, çünki otuz il açıq və azad yaşaya bir şəxsin başına çarşab salıb dama atmaq onu öldürmək kimi bir şeydir”.
Vaqeən, çox çətin məsələdir: mən and içərəm ki, indiyədək “Tərcüman” qəzetinin sahibi bir belə müşkül işə rast gəlməyib. Biçarə nə eləsin? Baronessa Rozen xanıma nə cavab versin? Buna hicab məsələsi deyərlər, zarafat deyil, burada politika lazımdır.
Məlum şeydir ki, burada İsmayıl bəyin cavabı iki qisim ola bilərdi: ya hə, ya yox. Yəni “Tərcüman” sahibi Rozen xanıma cavab verə bilərdi ki, “Ey möhtərəm xanım, islamı qəbul eləməkdə və müsəlman kişisinə ərə getməkdə gözüm üstə yerin var, amma söz yox ki, müsəlman olandan sonra gərək üzünü örtəsən və naməhrəm kişilərə görsənməyəsən”.
Aya bu cavabı “Tərcüman”ın sahibi verə bilərdi, ya yox?
Mən deyirəm ki, verə bilməzdi, ondan ötrü ki, əgər İsmayıl bəy belə cavab versəydi, o vaxt İsmayıl bəyi yavuqdan tanıyanlar yapışardılar onun yaxasından və deyərdilər: “Ay əzizim, sən ki hicab məsələsini belə kəşf edirsən, pəs nə səbəbə…”
Hədisi-dust nə quyəm məgər be həzrəti-dust,
Ki aşina süxəni-aşina negah darəd
Mən sözümün qurtarışında bir neçə nöqtə qoydum, yəni mətləbi axıra kimi söyləmədim, çünki aralıqda yad adamlar var, dostun da sirrini dosta vermək namərdlikdir.
Bəli, ya gərək İsmayıl bəy belə cavab verəydi, ya da deyəydi ki, “Gözəl xanım, heç eybi yoxdur, sən islamı qəbul elə və bir mömin kişiyə ərə get, sonra istəyirsən, üzü açıq gəz, istəyirsən, üzü örtülü gəz, o baxır sənin ağlına, şüuruna, qabiliyyətinə, tərbiyənə, insaniyyətinə, səliqənə, məzacına və xülaseyi-kəlam, nə cür keyfindir, elə də rəftar elə”. Yox, bu cavabı “Tərcüman” sahibi verə bilməzdi.
Bəs nə eləyim? Elə yazma, cavanlar inciyərlər, belə demə, qırmızı saqqallar inciyərlər, mən də acıqnan deyirəm ki, nəmidanəm (bilmirəm – red). Qoy Rozen xanım yazsın bu məsələni prixod mollalarından və müctəhidlərdən xəbər alsın, əgər belə cavab gələr, belə eləsin, elə cavab gələr, elə eləsin.
Kaş mənim yaxam qurtarsın. Cənab İsmayıl bəy belə deyir və belə eləyir, özü Baronessa Rozen xanıma cavab verməkdən, deyir məsələyə müctəhidlər cavab versinlər. Yəni bundan bu çıxır ki, mən bilmirəm, yəni bundan bu çıxır ki, otuz il “Tərcüman” qəzetini yazan və indi də “Aləmi-nisvan” məcmuəsini çıxardan məşhur bir mühərririmiz hicab məsələsini öyrənməyib. Bəs yazıq “Molla Nəsrəddin” başına nə kül ələsin? “Tərcüman” sahibi İsmayıl bəyin möhtərəmə qızı Qafqaza gəlib müsəlman xanımlarını azadlığa və üzü açıq kişilərə görsənməyə dəvət eləyəndə hələ yazıq “Molla Nəsrəddin” anadan olmamışdı, amma Qafqazda hicab məsələsi söhbəti düşəndə lənəti əvvəl qabaqca yazıq “Molla Nəsrəddin”ə oxuyurlar. “Molla Nəsrəddin” də “Tərcüman”ları köməyə çağıranda onlar da özlərini qoyurlar bicliyə. İndi bəs mən nə eləyim və sözümü kimə deyim?
Nələr çəkdim, əzizim, sormadın hali-pərişanım.
Böyük bir dərdə düşdüm, qılmadın tədbiri-dərmanım!
Bu işlər böyləmi qalsın, sözün nə, ey gözəl canım,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım?
“Molla Nəsrəddin”, № 31, 1910