- Ədəbiyyat

“Molla Nəsrəddin” – 115. “Molla Nəsrəddin” jurnalı və Azərbaycan romantikləri

Vasif SADIQLI

İstibdad buxovlarının boşalması ilə nəticələnən 1905-ci il inqi­labı imperiyanın hər yerində olduğu kimi, Azərbaycanda da ictimai və estetik şuurda təbəddülata səbəb oldu. Zaman bir çox istedadların inki­şafı, cilalanması üçün geniş üfüqlər açdı.ictimai görüşlərdəki canlanma ədəbiyyat cəbhəsində də özünü göstərdi. Ziyalı təbəqələrinin çoxplan­lı ideoloji, fəlsəfi, ədəbi görüşlərindəki oxşar, fərqli və daban-dabana zidd cəhətlər aşkarlandı.

10 oktyabr manifestindən sonra satirik ədəbiyyatın çiçəklənməsi, romantik və realist ədəbiyyatın döyüşkən pafosunun yüksəlməsi, o vax­tacan potensiyada qalan nifrət və etirazların gah eyhamlı, gah da açıq şəkildə ifadə edilmiş həmlə və hücumlarla əvəz olunması bu hadisələrlə şərtlənir.

Belə bir dövrdə “təkcə milli bədii şuurda yox, həm də milli ictimai şuurda intihab aktı kimi doğulan” {1,139} “Molla Nəsrəddin” jurnalı ilə mütərəqqi romatik ədəbi cərəyana mənsub olan M.Hadı, A.Səhhət, A.Şaiq və H.Cavid kimi sənətkarların ictimai və estetik görüşləri ara­sındakı fərqli və oxşar cəhətlərin təhlili maraq doğurur.

Akademik M.C.Cəfərov yazmışdı: “XX əsr Azərbaycan roman­tizmi ilə Azərbaycan realizmi arasında uçurum, Çin səddi olmamışdır. Yəni bu romantizm realizmə qarşı olmamışdır (kursiv bizimdir – V.S.), əksinə, dövrün ən qabaqcıl ədəbi cərəyanı olan realist üslubdan müsbət mənada təsirlənə-təsirlənə inkişaf etmişdir” [2,31].

Bu iki demokratik ədəbi cərəyanın estetik prinsiplərindəki kimi yaxınlıqdan danışarkən, qeyd edək ki, romantiklərimizdə realist ədə­biyyatımızın təqdir və təsdiqinin şahidi oluruqsa, “Molla Nəsrəddin” jurnalında romantiklərə və bir ədəbi cərəyan kimi romantizmə qarşı 324

irad və inkarlar daha güclüdür. Bu, həm ictimai görüşlərdə, həm də ədəbi prinsiplərdə olan fərqlərlə şərtlənir. Təsadüfi deyil ki, A.Şaiqin nəsrlə yazılan bir-iki yazısı istisna olmaqla, bu jurnalda romantikləri­miz çap edilməmişdir.

“Öz inkişafında artıq yeni ictimai-siyasi mərhələyə qədəm basmış Azərbaycanın ideolojı və mənəvi həyatına yalnız maarifçilik görüşləri ilə, mənəvi təkmilləşmə ideyası ilə, ağlın qüdrəti ilə təsir göstərməyin məhdudluğunu hiss edən “mollanəsrədinçilərdən” {3,129} fərqli ola­raq, Azərbaycan romantikləri ictimai ədalətsizliyə mövcud sosial-si­yasi, iqtisadi münasibətlər sisteminin atributu kimi baxmır, maarifçi realizmdə olduğu kimi ağlın qüdrətinə tapınır, öz inkarlarını ayr-ayrı fəlsəfi və ideya-emosional axtarışlar şəklində meydana çıxarırdılar. Məsələn, millətin və vətənin taleyi məsələsini həmişə ön plana çəkən M.Hadinin şeirlərində tüfeyli təbəqələrə nifrət, ictimai ideal uğrunda fədakarlığa çağırış nə qədər qüvvətli olsa da, şair “bir sürü ərbabi-vəh­şətin” əlində xilas olmaq üçün maarifi köməyinə çağırır:

Bundan belə dünya böyük irfanlı ər istər,

Sən də yaşamaq istər isən, bilgini göstər. {4,22}

Hadi zülmün, ədalətsizliyinin kökünü mövcud formasiyada yox, insanların xislətində axtarır, ayrı-ayrı fərdlərin “vəhşəti-fitriyyəsi” ilə izah etməyə çalışırdı. O, digər romantiklər kimi, tənqidi realistlərin ək­sinə olaraq sosial analizdən yan keçir, Belinskinin sözləri ilə desək, “öz fantaziyasının köməyi ilə yaratdığı ideallarla öz qəlbini məmnun edirdi”. “Təzə həyat” qəzetinin 178 və 181-ci nömrələrində çap edilən “İstiqbalı­mız parlaqdır” şeirinə “Molla Nəsrəddin” jurnalının 1908-ci ildəki 34-cü nömrəsində “İstiqbalımız lağlağıdır” şeiri ilə cavab verən Sabir Hadinin istiqbalı parlaq hesab etməsini “xəyalı-xam” adlandırırdı.

Aydın məsələdir ki, Hadinin insanın gücünə, qüdrətinə, bəşəriy­yətin xöşbəxt gələcəyinə inamı nə qədər mütərəqqi olsa da, onun ağılı, maarifi mütləqləşdirməsi XX əsrin əvvəlləri Azərbaycan ictimai fikri üçün irəliyə yox, geriyə atılan addım idi. Romantiklər öz əsərlərində, adətən, millətdən bəhs edir və onu ictimai sinif və təbəqələrə bölmə­yi millətin ümumi mənafeyinə zidd hesab edirdilər. Onların fikrincə, “bir cövhəri-fərdin məhsulu olan mövcudatı” bölməyin mənası yox­dur. Romantiklərin istismarçı siniflərin ünvanına yazdıqları misralarda 325

tənqiddən daha çox didaktik intonasiyanın üstünlüyünün şahidi oluruq. A.Səhhət sandığında milyonlar olub, xalqa kömək etməyən, acizlərə əl tutmayanları tənqid edir, onları insafa çağırırdı. Ədəbiyyatı sinfi mübarizə silahı hesab edən mollanəsrəddinçilər isə yeri gəldi-gəlmə­di millətdən danışmağı rədd edirdilər. Jurnalın 1914-cü ildəki 14-cüü nömrəsində “Səfeh şamaxılı” imzalı müəllif yazırdı: “Axı, canım, şair olmaq, yainki bir əsər yazmaq nə bir çətin şeydir, – vallahı, su içməkdən də asandır. Ancaq bir neçə söz var, onları gərək əzbər biləsən. Məsələn, xabi-qəflət, vətən, millət, şərəfi-millət, cahi-zəlalət, geriyə qaldıq və qeyri…” {9, 1914, 14}.

Jurnalın 1910-cu ildəki 11-ci nömrəsində “Lağlağı” gənc Cavidi tənqid edərkən yazırdı: “Bakının havası, doğrudur, bir az pisdir, amma suyunda bir xasiyyət var ki, burada oxuyan uşaqlara şairlik təbi verir… Hüseyn Cavidin kəlamı da bir möcüzdür”. Sonra felyeton müəllifi:

Olmaram razı əgər cəhldə qalsa vətənim,

Vətənim qalsa əgər cəhldə, yansın bu tənim –

Yazar Cavidə məsləhət görürdü ki, başını aşağı salıb, elm oxumağa məşğul olsun {9, 1910, 11}.

Yuxarıda qeyd edilən məhdudluq bütün romantiklərə bu və ya digər dərəcədə xasdır və elmə ədəbiyyatda Qərb fəlsəfəsi fikrinin, o cümlədən təkamül qanunları ilə əlaqədar Herbert Spenserin söylədiyi mülahizələrin Azərbaycan romantiklərinə təsiri haqqında bəhs edilmiş­dir {5,30}

İctimai görüşlərindəki əkslik və fərqlərə baxmayaraq, istər roman­tiklər, istərsə də mollanəsrəddinçilər eyni tarixi vəzifəni – ədəbiyyatı həyatla yaxınlaşdırmaq vəzifəsini həyata keçirirdilər. Romantiklər bu vəzifənin icrasına əski ruhlu ədəbiyyatın tənqidindən başlamışdırlar. Türk romantik şairi Namiq Kamal zamanla ayaqlaşmayan ədəbiyyatı tənqid edərək göstərdi ki, “…boyu sərvdən uca, beli tükdən incə, ağzı zərrədən kiçik, qılınc qaşlı, qarğı kirpikli, keyik gözlü, ilan saçlı sevgi­liləri” təsvir edən əsərləri oxuyanda adam özünü “qulyabanılar aləmin­də hiss edir” {6,46}. A.Səhhət 1905-ci ildə “Həyat” qəzetində çap et­dirdiyi “Təzə şeir necə olmalıdır” adlı proqram məqaləsinə də epiqonçu şeirin tənqidindən başlayır: “Şüarayi-sabiqəmizin əşyar və əbyatının təbii əhvala müğayir olduğundan, oxuyan kəslərə kəsalət və nifrət gə­326

tirməyi və heç bir sürətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsu­la gəlmədiyi məlumdur. Məsələn, qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki kirpiklərin oxa təşbeh tutduqları qabil” {7, 7}.

“Molla Nəsrəddin” jurnalında da dəfələrlə epiqonçu ədəbiyyatı tənqid edən yazılar və şəkillər getmişdir. Sabirin “El alnın ay…” şeiri­ni və bu mövzuda çəkilən karikaturanı xatırlatmaq kifayətdir. Sənətin, yazıçının vəzifəsi məsələsində romantiklərlə mollanəsrəddinçilər ara­sında bir yaxınlıq var. hər iki cərəyanın nümayəndələri xalqa, millətə xidmət etməyi ədəbiyyatın ümdə vəzifəsi hesab edir, ideyalı, mütərəqqi ədəbiyyatı əxlaqı pozan, xalqı qəflət yuxusunda uyudan ədəbiyyata qar­şı qoyurdular. Bütün bunlarla yanaşı, romantik və tənqidi realist prin­siplərdən doğan fərq və ayrılıqlar da var. Romantiklər də həyatı sənə­tin obyekti hesab edirdilər, amma onun təsvirində tipik, tez-tez təsadüf edilən hadisə və faktlara yox, qeyri-adilərə daha çox meyl edirdilər.

Romantik yazıcı inkar etdiyi mühitə qarşı qoyduğu idealını təcəs­süm etdirir. Bəzən romantik yazıçının təxəyyülü hadisələrin təbii gedi­şini, axarını qabaqlaya bilir. Bu qabaqlama yazıçı təxəyyülünün fəaliy­yətə, təbəddülata təhrik edən məhsulu kimi təqdirəlayiqdir.

Romantik və realistlərin həyatda və sənətdə gözəllik məsələsinə münasibətlərində də fərq vardır. Qərb və türk romantikləri kimi, Azər­baycan romantiklərində də qeyri-adiyə, parlağa, real gerçəkliyin ko­budluğuna qarşı qoyulan munisliyə ciddi meyl olmuşdur. Türk roman­tiki Əkrəm Rəcaizadə yazırdı: “Hər gözəl şey şeirə mövzu ola bilər {6, 217}. Bu fikir Tövfiq Fikrətdə “Zərrələrdən günəşlərə qədər hər gözəl şey şeirdir” {6, 219} şəklində ifadə edilmişdir. Bədii əsər üçün mövzu olacaq gözəli romantiklər həm mövcud gerçəklikdən, həm keçmişdən, həm də gələcəkdən alırdılar. A.Şaiq əməkçini “zəhmət mələyi” kimi tərənnüm edir {8, 7}, “Nişanlı bir qız” şeirində pak bir xilqət kimi təs­vir etdiyi nişanlı qızı qeyri-insanı mühitə qarşı qoyurdu. Romantiklər tarixə müraciət edəndə onların təxəyyülü daha sərbəst olur. H.Cavidi tarixi mövzulara cəlb edən də bu cəhət idi. Hadi xəyallar içində tapdığı və “xöşbəxtlik şəhəri” adlandırdığı aləmi real varlığa qarşı qoyurdu.

Ülvi, qəhrəmani bir şeyi təsvir etmək üçün həyatda istinad nöqtəsi tapmayan mollanəsrəddinçilər gözəlliyə başqa cür baxır, onu gerçəkli­327

yin realist təsvirində, tipik şəraitdə tipik xarakterlərin yaradılmasında görürdülər. Bir sözlə, romantiklərdə gözəl olanın təsvirinə, mollanəs­rəddinçilərdə mövcud olanın gözəl – əslinə müvafiq təsvirinə meyl güclüdür. “Molla Nəsrəddin” jurnalı ilə rus inqilabçı demokratlarının estetik prinsipləri arasında uyğunluq var idi.

A.Səhhətin 1907-ci ildə yazdığı “Ata və oğul” şeiri öz məramı eti­barilə gözəldirsə, Əli Razi Şəmçizadənin ona yazdığı “Ata və qız” adlı bənzətməsində {9, 1914, 9} avam, cahil qız obrazı tipikliyinə, həqiqətə müvafiqliyinə görə gözəldir. Eyni sözləri A.Şaiqin “Nişanlı bir qız” şe­iri haqqında da demək olar. Şeirin nişanlı qızın müztərib əhvalını təsvir edən hissəsini jurnalda olduğu kimi verən C.Məmmədquluzadə onun taleyindən şikayətini nəsrlə davam etdirmiş və obrazı tipikləşdirmişdir. Əgər A.Şaiqdə nişanlı qız:

Ey taleyim, etmə gəl mənə naz,

Qan qusmağa neylərəm qızıl tac!

Söndürdü atam çırağımı, ah,

Bir gönçə tikanla doldu həmrah! {8, 10} –

deyirdisə, C.Məmmədquluzadə “…doğrudur, firəng qızı olsa idim, öləndən sonra yerim cəhənnəmin dib bucağı olacaq idi, amma çifayda ki, indi də öləndən sonra cənnətə gedib görəcəyəm ki, elə hayana istə­yirəm gedəm, hayanda istəyirəm oturam, hər yan və hər tərəf doludur keçəl-küçəl məşədi və kərbəlayilar ilə, ey mənim qara bəxtim!” – deyir {9, 1910, 2}.

C.Məmmədquluzadənin əlavəsi, A.Şaiqin çirkin mühitlə qarşılaş­dırılan məsum qız təsvirini adiləşdirmiş, eyni zamandan təsvirin həyati­liyi əsəri estetik həzz mənbəyinə çevirmişdir. Burada türk ədibi Hüseyn Cahidin bir fikrini xatırlatmaq yerinə düşərdi: “…bir dilənçi rəsminə heyran oluruq, fəqət, küçədə gördüyümüz dilənçiyə ikrah ilə baxırıq. Pis xasiyyətli bir adamın bir romandakı təsvirini bəyənə bilirik, fəqət, həyatda belə bir adamla qarşılaşdığımız vaxt nifrətlə yanından qaçarıq. Bir çox şey təbiətdə gözəl olmadığı halda, sənətdə gözəldir” {6, 144}.

Ədəbi dilə münasibət məsələsində də romantiklərlə mollanəsrəd­dinçilər arasında ayrılıqlar olmuşdur. M.Hadi “Həyat” qəzetindəki bir məqaləsində dilin çətinliyinin tərəqqiyə mane olmadığını sübut etməyə çalışır və osmanlı dilində yazmağı təklif edirdi: “Başqalarını bilməm, 328

zənnimə qalırsa, özgə şivə arayanlar aqibət yorulub peşiman olacaqlar. Mübahisəsiz, münaqişəsiz osmanlı dilini qəbul edəlim, cayi-tərəddüd deyil bu yer” {10, 1906, 61}.

“Meydani-süxən”i genişləndirmək üçün digər romantiklər də ərəb-fars sözlərinə xüsusi meyl göstərirdilər. İlk nömrəsindən “…ancaq bircə üzrüm var, məni gərək bağışlayasınız, ey mənim qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir” {9, 1906, 1} – deyən “Molla Nəsrəddin” jurnalı həmişə sadə, xalqın anlayacağı bir dildə yazmağın tərəfdarı və təbliğatçısı olmuşdur. Təkcə Əli Nəzmi jurnalda dil haqqında 15-ə qədər əsər yazmışdır.

Onu da qeyd edək ki, osmanlı türkçəsinə, ərəb-fars tərkiblərinə meyl mütərəqqi romantiklərin ilk yaradıcılığı üçün daha çox xarakte­rikdir. A.Səhhət və A.Şaiq sonralar ədəbi dili ümumxalq dilinə yaxın­laşdırmaq sahəsində “Molla Nəsrəddin” jurnalının apardığı mübarizəyə kömək etmiş, xalq dilinin zənginliklərindən istifadə etməyi yaradıcı­lıqda ən doğru yol hesab etmişlər.

Ədəbiyyat

  1. Q.Yaşar. Azərbaycan realizminin mərhələləri. Bakı “Elm”, 1980
  2. Məmməd Cəfər. Azərbaycan ədəbiyyatında romantizm. Bakı, 1963.
  3. Kamal Talıbzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı, “Maarif”, 1984.
  4. M.Hadi. Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1957.
  5. K.Əliyev. Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri. Bakı, 1991.
  6. Bilge Ercilasun. Servet-I funun`da edebi tenkit, Ankara, 1981.
  7. A.Səhhət: Əsərləri, 2 cilddə, II cild Bakı, Azərnəşr, 1976.
  8. A.Şaiq. Seçilmiş əsərləri, Bakı, 1955.
  9. “Molla Nəsrəddin” jurnalı, 1906-1917-ci illər.
  10. “Həyat” qəzeti, 20 yanvar 1906-cı il, № 61.