Sentyabrın 11-12-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Moskvanın 874-cü ildönümünə həsr olunmuş “Moskva-Bakı: qəlblər qoşa döyünür ” adlı bayram tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirdə moskvalıların və Rusiya paytaxtının qonaqlarının, eləcə də diaspor nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin qonaqları sərgi-yarmarka zonasında Azərbaycan məhsulları ilə tanış olmaq, məşhur Azərbaycan çayının dadına baxmaq, milli üslubda tərtib olunmuş foto zonasında yaddaqalan fotolar çəkdirmək imkanı əldə edəcək, Azərbaycanın paytaxtı Bakının siluetlərinin və sevimli Moskvanın görməli yerlərinin rəsmlərini çəkmək bacarıqlarını sınaqdan keçirə biləcəklər.
Milli xoreoqrafiya kollektivlərinin ifasında Azərbaycan rəqsləri və xalq çalğı alətlərində canlı musiqi heç bir qonağı laqeyd qoymayacaq. Azərbaycanın paytaxtı və respublikanın tarixi yerləri üzrə virtual tur bütün sərhədləri qısa müddət ərzində silmək və qonaqpərvər ölkəmizdə olmaq üçün unikal şans olacaq.
Tədbirin açılışı sentyabrın 11-də saat 13:00-dan 19:00-dək davam edəcək.