Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Moskvanın sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat verirlər.
“Xüsusən, Moskva şəhəri ərazisində, Vorotinskaya, Anqarskaya küçələrində, həmçinin Ximkidə və Mitinoda partlayışlar barədə məlumatlar var”, – agentliyin həmsöhbəti bildirib.
Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.
“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, – mer bildirib.
Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
“Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, – mənbə bildirib.