- Mədəniyyət

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Qadınlar şöbəsinin müdiri, tədbirin təşkilatçısı Ulduz Əsgərovanın AZƏRTAC -a verdiyi məlumata görə, gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarının çıxışlarına – milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxmaq imkanı əldə ediblər, həmçinin Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.

Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb, Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.

Azərbaycan Mədəniyyəti Günü Rusiyanın müxtəlif mədəniyyətlərinin nümayəndələrini birləşdirən, onları bir araya gətirən, ölkəmizin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirən bayrama çevrildi.