Moskvada çapdan çıxan “İrs-Nasledie” jurnalının növbəti nömrəsi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş məqalə ilə açılır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalın baş redaktoru Musa Mərcanlı “Yaşıl dünyaya birlikdə!” məqaləsində məlumat verib. O yazır ki, COP29-un Bakıda keçirilməsi dövlət və milli prestij məsələsi kimi qəbul edilir, həmçinin bu, təkcə dünya ictimaiyyətinin planetin ekoloji mühitinə gələcək mənfi təsirlərin qarşısının alınması səylərində Azərbaycanın rolunun tanınmasının göstəricisi deyil, ümumilikdə respublikanın beynəlxalq aləmdə nüfuzunu artırıb.
Müəllif Azərbaycanda hazırkı iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması və yaşıl enerjiyə keçid istiqamətində həyata keçirilən çoxşaxəli fəaliyyəti araşdırır. Bu ili rəsmən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edən Azərbaycan hökuməti də bu sahədə beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir, müxtəlif təşəbbüslərdə fəal iştirak edir. Bu fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və növbəti COP konfransına ev sahibliyi etmək işinin Azərbaycana həvalə edilməsi qərarını əvvəlcədən müəyyən edib.
Jurnalın yeni nömrəsi çapa hazırlananda Azərbaycanın Ermənistanda ilk diplomatik nümayəndəsinin təyin olunmasından 106 il keçirdi. Bu, ilk baxışdan, kifayət qədər adi bir fakt həmin dövrdə də iki yeni yaranmış dövlətin silahlı qarşıdurma şəraitində olduğunu və onlardan birini təmsil edən diplomatın fəaliyyətinin mürəkkəb olduğunu nəzərə alsaq, Azərbaycanın xarici siyasət tarixində mühüm yer tutur. Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin məqaləsində Azərbaycanın Ermənistandakı daimi nümayəndəsinin məruzəsindən gətirilən sitat bunu əyani şəkildə sübut edir və buradan aydın olur ki, o, əsasən, orada yaşayan müsəlmanların şəxsi və əmlak təhlükəsizliyinin qorunması ilə məşğul olub.
Şübhəsiz ki, ilk azərbaycanlı qadın heykəltaraş və dünyada azsaylı qadın monumental heykəl ustalarından biri olan Münəvvər Rzayeva haqqında materialı xüsusi qeyd etmək lazımdır. O, Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən biridir və sənət ab-havası hopmuş Şuşada böyüməsi də əlamətdardır. Onun taleyində siyasi şəraitə görə ömrünün uzun illərini SSRİ-də keçirmiş görkəmli türk şairi Nazim Hikmət mühüm rol oynayıb.
Oxucuların marağına səbəb olacaq başqa bir məqalə isə milli səhnə sənətinin ümumi inkişaf kursu kontekstində İrəvanda Azərbaycan teatrının tarixinə həsr olunub. Bu yazı faciəvi şəraitə görə azərbaycanlıların zorla və kütləvi surətdə deportasiya edildiyi həmin regionda Azərbaycan mədəniyyətinin dərin kökləri haqqında aydın təsəvvür yaradır.
Jurnalın budəfəki nömrəsində Azərbaycanın tarixi və mədəniyyətinin müxtəlif aspektlərinə dair məlumatları özündə əks etdirən digər materiallar da təqdim olunub.