- Mədəniyyət

Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında ölkəmiz də təmsil olunub

Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkası keçirilib. Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Sərgidə bir sıra ölkələr və 200-dən çox nəşriyyat iştirak edib. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərindəki 200 adda kitab sərgilənib.

Tədbirdə Xalq yazıçısı Anar və Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova iştirak edib. Həmçinin, sərgi boyunca maraqlananlara nümayəndə heyəti tərəfindən tariximiz, Qarabağ həqiqətləri, şanlı qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib və bəzi kitablar Azərbaycan stendinin ziyarətçilərinə hədiyyə olunub. Eyni zamanda sərgi çərçivəsində tədbirin iştirakçılarına cari ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında məlumat verilib. Gənc oxucular sərgi-yarmarkada Nizami haqqında nəşrlərə böyük marağ göstəriblər.

Sərgidə Rusiyanın Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən bir çox kitablara diqqət göstərib.