Hər xalqın ədəbiyyatı onun öz dilində yaranıb inkişaf edir. Maarifin və yazının tarixi, qədimliyi baxımından müxtəlif dillər fərqlidir. Lakin bu fərqlə yanaşı yazılı dillərin hamısında ədəbi əsərlərin yazılmasından, həmin dildəki ədəbi mətn mədəniyyətindən və ənənəsindən xüsusi üslub yaranır. Bu üsluba ədəbi üslub və ya bədii dil də deyilir. Bədii dil yazıçı və şairlərin, müəlliflərin dilidir.
Əsrlərlə bu dilin öz leksik zənginliyi, sintaktik gözəlliyi formalaşır və milli yazılı dillərin ən zəngin üslubi qolu olur və digər funksional üslubların yaranmasına böyük təsir göstərir, onlar üçün baza rolunu oynayır. Ədəbi üslubun mühüm xüsusiyyəti onun yazılı olması və müxtəlif fərdi yazıçı üslublarını özündə birləşdirməsidir. Ədəbi mətnlərin istənilən fraqmenti ilk növbədə, konkret müəllif sözü və mətni olur. Yəni hər bir ədəbi əsərin müəllifi var. Hər bir müəllif isə təkrarsız və belə demək olarsa, bir nüsxədə olan fərddir. Müəllif fərdiyyəti onun bütün mətnlərində onun öz iradəsindən asılı olmayaraq öz izini qoyur. Müəllifin yazdığı mətnlərdə onun təkrarsız fərdiyyətini əks edən xüsusiyyətlərin məcmusu fərdi üslub adlanır.
Müəllifin fərdi üslubu ədəbi əsərin lüğət tərkibində, sintaksisində, intonasiyasında, mövzuya və personajlara münasibətində və s. öz əksini tapır. Parlaq yaradıcılıq fərdiyyəti olan yazıçıları və şairləri onların fərdi üslubundan tanımaq olur. Fərdi üslub nəsrə nisbətən poeziyada daha qabarıq olur. Ədəbiyyatın zənginləşməsində, onun tematik və süjet tükənməzliyində fərdi üslubun fundamental əhəmiyyəti vardır. Məsələn, bütün şairlər min illər ərzində sevgidən yazırlar. Amma bu mövzu tükənmir və tükənmiş sayılmır. Bunun əsas səbəbi şairlərin fərdi üslubudur. Fərdi üslub ədəbiyyatı tematik tükənmə təhlükəsindən xilas edir. Biz artıq qeyd etdik ki, oxucunun müraciət etdiyi istənilən mətn, ilk növbədə, dərdi üslubu, fərdi müəllif qələmini təmsil edir. Məhz bu fərdilik ədəbi əsərin və onun qavrayışının orijinallığını şərtləndirir. Orijinallıq – ədəbi mətnin həm də fərdi üsluba aidliyidir, onun təkrarsızlığı və bir nüsxədə olmasıdır.
Orijinallığın az ya çoxluğu, onun dərəcəsi əsərin bədiiliyini artıran əlamət sayılır. Müəllifin əsər yazması, birinci şəxs rolunda mətnyaratması danışığa və nitqə də bənzəyir. Ədəbi təsvirdən ibarət olan yazılı yazıçı nitqinə təhkiyə də deyilir. Təhkiyə ərəb sözüdür. Mənası nəql etmək, hekayət, hadisə söyləmək deməkdir. Azərbaycan folklorunda şifahi təhkiyəyə söy söyləmək də deyilir. Söy sözü söyləmə felinin köküdür. “Dədə Qorqud” dastanlarının dilində aydırmaq və söyləmə felləri müxtəlif məna daşıyır. Aydırmaq dialoq zamanı ikinci şəxsə cavab verməkdir. Söy isə dastançının əvvəlcədən əzbər bildiyi mətni oxumasıdır. Müəllif sözü mətndəki funksional məqsədlərinə görə üç formada olur.
1. Poetik təhkiyə
2. Prozaik və ya nəsr təhkiyəsi
3. Dialoq
Elmi dildə bu terminlərin şərq poetikasına məxsus nəzm (şeir), nəsr (proza) və mükalimə (dialoq) terminləri də işlənir. Nəzm sözündən törəmiş mənzumə termini şeirlə yazılmış iri əsər, nazim isə şeiryazan, şair mənasında işlədilir. Şeir sözündən ərəb qrammatikasına uyqun yaranmış əşar (şeirlər) və şüəra (şairlər) terminləri də işlənir. Qədim dövrlərin ədəbiyyatında ədəbi təhkiyənin əsas şəkli poetik təhkiyə idi. Ancaq şeirlə yazılmış mətnlər daha istedadlı və daha təntənəli sayılırdı. Qədimlərdə tarixi əsərləri, lüğətləri də şeirlə qazmaq ənənəsi olub. Bu ənənə ilk növbədə nəsr təhkiyəsinin qeyri-bədii sayılması təsəvvürü ilə bağlı idi. Antik dövrdən başlayaraq Esxilin, Evripidin, Şekspirin, Kornelin bütün dram əsərləri şeirlə yazılıb. Bu ənənəyə uyğun olaraq H.Cavid və C.Vurğun da dram əsərlərini şeirlə yazırdılar. Şeir təhkiyəsinin hökmranlığı təxminən klassisizm epoxası ilə birgə qurtarmışdır, çünki keçmişin ədəbi qanun və qaydalarına təqlid etmək klassisizmin əsas prinsipi idi.
Həsr şəklində verilən müəllif təhkiyəsi müxtəlif formalarda ola bilir. Belə formalardan biri əsərin məktublar şəklində qurulmasıdır. Çox zaman bu məktubların müəllifi iki gənc sevgili olur. Məktublar şəklində yazılan əsərlərə epistolyar ədəbiyyat da deyilir. Nəsr təhkiyəsinin digər forması əsərin gündəliklər şəklində qurulmasıdır. Bu formalardan sentimentalizm dövrünün yazıçıları daha artıq istifadə etmişlər. Ədəbi təhkiyənin digər geniş yayılmış forması əsərin xatirə kimi qurulmasıdır. Belə əsərlərə memuar janrı və ya nəsri də deyilir.
Bu formadan istifadə edən müəllif əsərin süjetini xatirə kimi qurur və birinci şəxs mövqeyindən təhkiyə aparır. Səyahətnamələr də təhkiyə formasınca xatirə janrına yaxındır. Birinci şəxsin dilindən təhkiyə aparmaq müasir nəsrdə geniş yayılmışdır. Bu halda təhkiyə xatirə janrına yaxınlaşır və əsər daha inandırıcı olur. Məsələn İlyas Əfəndiyevin ən populyar romanları – “Körpüsalanlar”, “Söyüdlü arx” birincin şəxsin dilindən nəql edilir. Bir sıra hallarda müəllif nəinki hadisələri birinci şəxsin dilindən verir, hətta özünü də iştirakçılardan biri kimi əsərə daxil edir. Əsərdə müəllif obrazının yaranması müxtəlif formalarda baş verə bilir: o hadisənin iştirakçısı və ya şahidi olur, bəzən digər obrazlarla onun münasibətləri ortaya çıxır və s.
Bəzən bütün təhkiyə gedişində müəllif əsərdəki hadisələrə, adamlara, vəziyyətlərin və konfliktlərin əxlaqi, fəlsəfi, siyasi mənasına öz münasibətini bildirir. Buna adətən müəllif haşiyəsi deyilir. Haşiyədə deyilən sözlər yalnız müəllifin münasibətini ifadə edir və təsviri funksiya daşımır. Lakin birinci şəxs bütün hallarda müəlliflə üst üstə düşmür. Çox zaman təhkiyə aparan birinci şəxs əsərin qəhrəmanlarından biri olur. Bəzi hallarda isə müəllif təhkiyəçi kimi müxtəlif peşə adamlarından istifadə edir, onların peşə biliyinə aid məlumatları əsərə gətirir. Sənədli kino ssenarilərinə isə müəllif özündən başqa ekspert kimi cəlb etdiyi mütəxəssislərin obrazını və səsini daxil edir. Radio və televiziyada ssenari mətnlərində bu üsuldan çox geniş istifadə edilir.
Müəllif təhkiyəsi ədəbi əsəri oxunaqlı edən əsas amillərdən biridir. Təhkiyə emosional, şirin, sadə və aydın olmalıdır. Bu keyfiyyətlər oxucunun mətə diqqətini artırır və davamlı edir, mütaliə prosesini emosional cəhətdən zənginləşdirir və cazibədar edir. Yazıcının oxucu toplamasında, nə dərəcədə populyar lamasında onun təhkiyəsinin keyfiyyəti mühüm rol oynayır. Təhkiyə müəllifin nitqidir, amma bu nitq adi danışıqdan aşağıdakı köklü fərqlərə malikdir.
1. Bunlardan ən mühümü təhkiyənin yazılı nitq forması olmasıdır. Təhkiyə həmişə mətndir və özündən əvvəlki mətn mədəniyyətinə saysız tellərlə bağlıdır. Belə bağlılıq şeirdə bir cür, nəsrdə isə başqa əlamətlərdə olur. Poeziyada bu bağlılıq şeir üslubu, lirik forma, ovqat, fikir ritmi səviyyəsində olur. Nəsrdə isə təhkiyənin öz dövrünün proza ənənəsinə bağlılığı üslub, mövzu, süjet, qəhrəman, konflikt, dil ölçülərində dahaartıq özünü göstərir.
2. Təhkiyənin təsvirilik keyfiyyətləri obrazlı təbiətindən, müəllifin şüurlu surətdə öz fərdi dünya mənzərəsini yaratmaq istəyindən gəlir. Adi danışıqda bu yoxdur. Ədəbi təhkiyə həmişə müəllifin özünü və kənar dünyanı ifadə formasıdır. Müəllif bir tərəfdən masa arxasında sanki özü üçün yazır, elə bil özü ilə ünsiyyətdə olur. İkinci tərəfdən isə o, hər bir fərdi fəaliyyət kimi yazı prosesində yarışüurlu niyyətlərlə yüklənmiş olur. Hər bir mətnyaratma kimi, yazıçı təhkiyəsi də ikinci şəxsə istiqamətlidir.
3. Təhkiyə müəllifin şüurlu estetik fəaliyyətidir: müəllif yazarkən insanların bədii tələblərini ödəmək üçün yazdığını bilir. Dilin, təsvirin gözəlliyi, hadisələrin cazibədarlığı, obrazların canlılığı onun üçün əsas yaradıcı impulslarıdır. Sözdən dəqiq istifadə mədəniyyəti və ustalığı bədahətən aparılan söhbətə nisbətən onu dəqiq edir. Göründüyü kimi, ədəbi təhkiyə, ədəbi mətnyaratma prosesi mürəkkəb, çoxtərəfli bir hadisədir. Təhkiyənin yuxarıda göstərdiyimiz üç əlamətindən hər birini geniş şərh etmək olar. Lakin bu barədə yaradıcılıq prosesində həsr edilmiş fəsildə bəhs edilir.
Müəllif təhkiyəsinə qarşı təsviriliklə bağlı əsas tələblər onun əyaniliyi, dəqiqliyi və inandırıcılığı illə bağlıdır. Bu keyfiyyətlərə nail olmaq da yazıçının dilə bələdliyi, ondan ustalıqla istifadə edə bilmək məharəti ilə bağlıdır. Böyük yazıçılar, məsələn Ernest Hemenquey nəsr təhkiyəsinin dəqiqliyi üçün epitetlərdən mümkün qədər az istifadə etməyə çalışırdı və həmkarlarını da buna çağırırdı. Lakin orta əsrlərin müəllif dilinin əsas əlaməti dəbdəbəlilik və mübaliğəli epitetlərdən istifadə sayılırdı. Şairin üslubu nə qədər təntənəli idisə, onun əsəri o qədər sanballı sayılırdı. Müəllif sözünün əyaniliyi – obrazın əyaniliyidir. Böyük klassiklər ədəbi obrazları – qəhrəmanları, məkanı, vəziyyətləri o qədər canlı təsvir edirlər ki, bunlar oxucuların fantaziyasında mənzərələr kimi illərlə, bəzən ömrü boyu qala bilir. Ona görə bir sıra klassik əsərlərin ekranlaşdırılması böyük mübahisələr doğurur və oxucuların bəzi qisminin etirazına səbəb olur. Bunun səbəbi romanı oxuyan zaman oxucu başında yaranan obrazların kinoda yaradılan obrazlarla üst-üstə düşməmişdir. Tamaşaçılar bir sıra hallarda mütaliə zamanı yaddaşda yaradılan obrazları daha canlı hesab edirlər. Belə hallar yazıçının sözlə təsvir sahəsindəki ustalığına, söz təsvirinin ecazkar imkanlarına dəlalət edir.
Buz ədəbi dillərin tarixindən danışanda yazı dilinin xalq dilinə təsiri və əks təsirindən bəhs etmişdik. Orta əsrlərdə yazılı dilin özü canlı danışıq dilindən uzaq idi və bu uzaqlıq bilərəkdən qorunurdu. Canlı danışıqla yazılı dilin fərqinin özü mətn üçün estetik məziyyət sayılırdı. Lakin realizm epoxasında ədəbiyyatın elitarlığı aradan getdi, o kütləvi istehlak obyekti oldu. Ona görə də realizm epoxasında yazıçı dilini canlı xalq danışıq dilinə yaxınlığı estetik məziyyət, dilin təbiiliyi hesab edilir.
Mənbə: “Ədəbiyyat nəzəriyyəsi” kitabı
Müəllif: Rəhim Əliyev