- Köşə

Müasir Robinzonlar, yaxud Ramazan

Könül BÜNYADZADƏ 

 Xaricə, xüsusilə Avropa ölkələrinə səfərlər çox şeylə yadda qalır. Fərqli şərait, qorunan monumentallıq sanki təsəvvürlərində, düşüncələrində hansı isə qaranlıq bir küncü işıqlandırır və sən sanki rəssam olub bütün rəngləri seçməyə, bəstəkar olub bütün səsləri eşitməyə cəhd edirsən. Doğma evində artıq mexanikləşmiş baxışların burda rentgen şüalarına dönür və sən görünənlərin arxasındakı görünməzləri görməyə çalışırsan. Hətta adət etdiyin şeylər də sənə fərqli görünür. Bunlar nə fotoaparata köçürülə bilən möhtəşəm mənzərələrdir, nə də pulla alınan brendlər. Bu, həyatdır! Bu, insandır!

Həyatın rəngləri də çoxdur, səsləri də. Mən ən son Avropa təəssüratımla bölüşəcəm. Əslində, səfərim elmi məzuniyyət olsa da, söhbətim alimlərdən olmayacaq. Avropalı alimin konservativ halından, yaxud Amerikalı filosofun amfiteatrın səhnəsində oturub, tamaşaçıları yuxarıdan aşağı amiranə baxışlarla süzməsindən danışmayacam. Mən onu da deməyəcəm ki, bu ölkələrin vətəndaşları öz ölkələrinə necə böyük bir etibarla söykənib, onunla qürur duyurlar və istəyirlər ki, ölkələri də onlara etibar edib, qürur duysun. Bu onların hər halından, söhbətindən bəlli olur. Mən ümumiyyətlə konfransdan, elmi mühitdən, hər addımbaşı kitab oxuyan insanlardan da danışmayacam. Mən bu şəraitdə məskunlaşmış başqa millətlərin nümayəndələrindən danışacam! Yox, mən qaçqınları, qaraçıları deyil, nisbətən inkişaf etmiş ölkələrin emiqrantlarını, nümayəndələrini nəzərdə tuturam – burada müvəqqəti, yaxud həmişəlik qalanları, öz ölkəsində yeri olmayan və özünü burada tapan şəxsləri. Onlar mənə müasir dövrün Robinzonları təsiri bağışladılar və mən onlardan danışmaq ehtiyacı hiss elədim.

Ədəbiyyat tarixində kəskin fərqlənən cəmiyyətlərin, mühitlərin qarşılaşdırılmasına dair maraqlı əsərlər yazılıb, filmlər çəkilib. Belə məzmunlu əsərlər arasında ilk yada düşən Daniel Defonun “Robinzon Kruzo”su və Kiplinqin “Mauqli”si olur. Bunlar sanki bir problemə iki əks rakursdan, qütbdən baxışdır. Yazıçı cəmiyyətlə bakirə təbiəti qarşılaşdırılmaqla bir tərəfdən sanki sivilizasiyanın insanı hara gətirdiyini, digər tərəfdən, ikinci təbiətin heç də az gözəl olmadığını göstərməyə çalışır. Bir tətəfdən, insan ağlının qüdrətini, digər tərəfdən, mənəviyyatın, ülviyyətin əhəmiyyətini vurğulayır. Bu, Qərbin baxışıdır.

Şərq bu məsələyə münasibətdə də öz ənənəsinə sadiqdir: o, rasional bilikləri, elmi və ilahi bilikləri, ağıl və mənəviyyatı qarşılaşdırır. Əslində, biz yalnız bildiyimiz ədəbiyyatdan, yəni İbn Sinanın və İbn Tüfeylin “Hayy bin Yaqzan”ından (hər ikisi eyni adla yazıb) çıxış edərək bunu deyirik.

Robinzon Kruzo bütün dünyada məşhurdur. Haqqında filmlər çəkilib, şərhlər yazılıb. Hətta bir Şərq təəssübkeşi sübut eləməyə çalışıb ki, Qərb sivilizasiyasından vəhşi adaya düşmüş bu yüksək intellektli adam əslində İbn Sinanın “Hayy bin Yaqzan” (“Oyağın oğlu Diri”) əsərindən gəlib. Şərqin təəssübünü çəkən başqa bir alim də sübut eləməyə çalışıb ki, yox, Robinzon elmin, texnikanın öyrətdiyi bir şəxsdir, cəmiyyətin bir parçasıdır, Hayy bin Yaqzan isə ömründə insan görməmiş, ilahi qüdrətlə mərifət verilmiş bir arifdir, təbiətin bir hissəsidir. Mübahisələrin səbəbi bəllidir: kim birincidir? Və mübahisələr hələ də davam edir.

Son dövrlər yaradıcı insanlar daha bir Robinzon – cənab Robinzon obrazını canlandırdılar: XX əsrin informasiya selində çöpə dönmüş və var-dövlətin nazlandırdığı bir iş adamını aparıb atdılar vəhşi adaya. Amma bu dəfə ada o qədər də vəhşi olmadı. Yadelli qəbilənin yüksək mənəviyyatı, əqidəsi fonunda cənab Robinzon və onun təmsil etdiyi cəmiyyət, yumşaq desək, bir rəzil kimi təqdim olundu.

Mən də eyni problemə müraciət etmək istəyirəm, sadəcə fərqli və müasir dövrün tələbləri prizmasından. Burda cəngəllik yüksək inkişaf etmiş ölkə, Robinzon isə üçüncü dövlətlərdən birinin vətəndaşı olacaq. Bir sözlə, XXI əsrin Robinzonunu təsvir etmək istəyirəm. Qarışıqlıq düşməsin deyə Robinzonu da dəyişib, Ramazan adı qoyuram.

Tufan – birini dənizdəki, digərini həyatdakı – Robinzon və Ramazanı atır yad bir diyara. Və hər ikisi yad bir mühitlə üz-üzə qalır. Robinzonu hamı tanıyır. Bu səbəbdən mən ancaq Ramazandan danışacam.

Təsəvvür edin.

Öz ölkəsində 1-2 qəpik pul qazanıb xarici ölkəni gəzmək həvəsinə düşən, yaxud Tanrının xoş saatında xarici universitetlərin birində təhsil almaq, müqavilə ilə işləmək imkanı qazanmış bir tələbə, magist, mədəni bir adam buradakı qayda-qanunu, yüksək mədəniyyəti, vətəndaşa diqqət və qayğını görür və içindəki hisslər qarışır bir-birinə. Niyə mənim ölkəm belə deyil? Niyə mən burda yaşamıram? Niyə çoxlu pulum yoxdu ki, burda mən də kef eliyəm və s. Haqlı-haqsız suallar aşıb-daşır. Və adam çıxış yolları axtarmağa başlayır. Yollar müxtəlifdir. Detallara varmayaq, sadəcə həmin adamı aparıb qoyaq xaricə. Nə baş verir?

Vəhşi təbiətdə Robinzon özünü necə itirirsə, Ramazan da özünü eləcə itirir. Öz ölkəsindən gətirdiyi və artıq qanına işləmiş hərəkətləri ilə bu cəmiyyətdə yad görünür, amma yenisini də heç cür mənimsəyə bilmir: növbəni poza bilmir, yolu işıqforsuz keçə bilmir, “mən ölüm”lə mağazada qiymət endirə bilmir, avtobusdan düşüb qaça bilmir, haqsız işini rüşvətlə, “hörmətlə” irəli sala bilmir, pul verib savadsız qala bilmir və s., qısacası, öz istəklərini məhdudlaşdırıb başqasına hörmət edə bilmir! “Mən belə istəyirəm” şüarını unudub “cəmiyyət belə tələb edir” şüarı ilə yaşamaq o qədər də asan olmur. Nəticədə, yavaş-yavaş təklənir, “cəngəlliyin” yazılmış və yazılmamış qanunları onu acizləşdirir və o, Robinzon sayağı adaptasiya olunmağa məcbur olur. Onu da deyim ki, bu halı müxtəlif səviyyələrdə həm pullu, həm də pulsuz ramazanlar yaşayır.

Sonra ikinci mərhələ başlayır. Yeni “vətəninin” qanunlarını öyrənə-öyrənə yeni bir insan yaranmağa başlayır. Necə Robinzon cəngəlliyin qanunlarına öyrəşib özünə bir güzəran düzəldirsə, Ramazan da eləcə. Necə Robinzon bu nəhəng cəngəlliyin bir küncündə sağ qalmağa çalışırsa, Ramazan da eləcə. Özünü rəndələyə-rəndələyə yeni cəmiyyət üçün vətəndaş “düzəltməyə” çalışır. Yad dili öyrənir, hətta ləhcəsini də yox etməyə nail olur ki, onu yerlilərdən fərqləndirə bilməsinlər.

Lakin necə Robinzon bu rəngarəng təbiətin bir “rənginə” çevrilə bilmirsə, elə yad olaraq qalırsa, Ramazan da eləcə. Necə Robinzon bu vahid orqanizmin bir üzvünə çevrilə bilmirsə, eləcə də Ramazan bu binanın bir kərpici ola bilmir. Ən yaxşı halda, onu hardasa istifadə edirlər, ancaq möhtəşəm sarayın divarına hörmürlər. Haradasa gizlində onun yadlığını unuda bilməyənləri söysə də, Ramazan bu çətinlikləri udur, çünki yazılmayan qanunu artıq mənimsəyib.

Nəhayət, üçüncü və sonuncu mərhələ gəlir. Burada mən çətinliyə düşdüm. Həm Defonun Robinzonu, həm cənab Robinzon, həm Hayy bin Yaqzan, həm də Mauqli öz mühitinə qayıtmağa üstünlük verirlər – çünki özləri olaraq qalmaq üstəyirlər. Sonradan düzəldilmiş yad qılaf onları sıxır, inkişaf eləməyə qoymur, mən-ini unutdurur. Hətta cənab Robinzon da öz rəzilliyinə qayıtmağa üstünlük verir, çünki bu, onun təbiətidir, əslidir. Mauqlinin film versiyasında sevgi belə ona öz “əslinə” qayıtmağa mane ola bilmir. “Anna və Kral” əsərində isə Anna Kralın sevgisindən, saray həyatından imtina edir və zəhləsi getdiyi İngiltərəyə qayıdır: oğlunu öz xalqının ənənəsinə, soyuna uyğun böyütmək üçün. Onlar dərk edirlər ki, əsil, kök – insanı qidalandırır, ayaq üstə sağlam, əmin, möhkəm saxlayır. Insanın bu ulu torpaqda öz yerinin olduğunu göstərir. Bunu qəhrəmanın kimliyindən asılı olmayaraq, hər biri dərk edir və buna uyğun hərəkət edir. Səhv etmirəmsə, Viktor Hüqo əsərlərindən birində sirk üçün eybəcər məxluqların necə “hazırlandığından” yazır: uşağı kiçik yaşlarından taxta bir qəlibə salırlar və illər ərzində ordan çıxarmırlar. Nəticədə həmin qəlibdən qozbel, əyri-üyrü bir məxluq çıxır və tamaşalarda insanları əyləndirir. Robinzonlar belə qəlibdə qalmaq istəmirlər. Əllərinə imkan düşən kimi, arxalarına baxmadan qaçırlar. Öz əsillərinə qayıdırlar.

Hə, mən burda çətinliyə düşdüm, çünki Ramazan qayıtmaq istəmir.

Bəli, üçüncü mərhələ inkar mərhələsidir. Ramazan hər şeyindən imtina edir. Yeni cəmiyyətə uyğunlaşmaq üçün çəkdiyi əziyyətlərin, əzabların qarşılığında o, əvvəlki halını, kökünü xatırladan hər şeydən imtina etməyə hazırdır. Daha qorxulusu isə, imtina ona azlıq edir və o, ona “yeni vətəndaş” olmaq hüququnu əlindən alan hər şeyə, ən əsası kimliyinə nifrət etməyə başlayır. Beləcə, yeni bir insan formalaşır: süni mən-inin həsrət “ocağında” odun yerinə əsl mən-ini yandıran təqlid həvəsli, nifrət dolu bir insan!

Uzaq ellərdən öz vətəninə boylananda, elə öz ölkəsində də Ramazana dönmüş kəsləri görürsən. Dəyirmanının suyunun hardan gəldiyi bəlli olmayan bu insanlar bir tufan gözləyirlər, arzulayırlar ki, gedib düşsünlər bir “adaya”. Fərqi yoxdu, Fransa olsun, ya İngiltərə, İtaliya, yaxud Yunanıstan, ən ucqar bir ada, təki yad olsun. Ora getmək üçün isə indidən məşq edirlər və tələsib üçüncü mərhələdən başlayırlar: öz soy-köklərini danırlar, dəyərlərini, yumşaq desək, tənqid atəşinə tutub çürüdürlər, çirkaba batırırlar. Bütün bunları da “yadellilərə” çatdırmağa çalışırlar: onların dilində, onların zövqünə uyğun. Necə cənab Robinzon yadelli qızı qazanmaq üçün onların hər dediyinə əməl edirsə, onlar kimi rəqs edir, onların qaynar qazanında “bişməyə” razı olursa, Ramazan da bütün bunları əzbərləyir, məşq edir və imkan düşən kimi onların zövqünü oxşayır, diqqətini qazanmağa çalışır.

İndi dünyada vəhşi, daha doğrusu, bakirə torpaq qalmayıb. Hər yer ya “sivilləşib”, ya da “zibilləşib”. Amma cəngəlliyin yazılmamış bir qanunu qorunub saxlanıb: biz səninlə eyni qandanıq – sən və mən. Bu qanun dəyişmir! Cəngəllikdə yadlar doğmalaşmır. Ən yüksək inkişaf etmiş ölkədə və cəmiyyətdə də, təbiətlə harmoniyada yaşayan xalqlarda bu qanun aşkar və ya gizli şəkildə qüvvədədir.

Bir dəyişməyən qanun da var: biz torpağı seçmirik, torpaq bizi seçir. Bu iki qanun uzlaşdırılmayanda, bir-birini tamamlamayanda isə insan itir, məhv olur.