Sentyabrın 19-u Beynəlxalq Muğam Mərkəzində XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ros Unicus” dueti (Avstriya-Azərbaycan) Fərid Feyzullayev və Jalə Rəsulova maraqlı konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl öz təəssüratlarını bölüşən ifaçılar festivalda ikinci çıxışlarının olduğunu bildiriblər.
“İlk dəfə on il əvvəl festivalın proqramına qatıldıq. Belə möhtəşəm festivalda iştirak etmək bizim üçün qürurvericidir. Hazırda həm Azərbaycanı, həm də Avstriyanı təmsil edirik”, – deyə bildirilib.
Kamera musiqisi axşamından ibarət konsertdə ifaçılar Xalq artisti Arif Məlikov, Türkər Qasımzadə, Jhon Cage, Luciano Berio, İqor Stravinski və Maurice Ravelin əsərlərinə müraciət ediblər.