İbrahim NƏBİOĞLU
I yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=794
II yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=811
III yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=819
IV yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=824
Füssen-Münhen qatarındayıq, Bavariyanın paytaxtına dönürük. Bu dəfə Alp dağları ilə onun dümağ qarlı zirvələri sol tərəfimizdədirlər. Yeri də qatarda ona görə seçmişik. Bir saat iyirmi dəqiqəlik yolumuz var. Qatarın 2-ci mərtəbəsindən Bavariyanın əsrarəngiz təbiətini seyr edir və Almaniyanı Almaniya yapan alman ruhu haqda düşünürəm. Ağlıma bu ruhu yaradan böyük Martin Lüter, alman filisofları, musiqiçiləri və alman ədəbiyyatının dahi təmsilçiləri gəlirlər. Spotify-da Rixard Vaqnerin Tangeyzer operasının uvertyurası çalır.
Bloknotuma buraya gəliş səbəbimiz olan II Lüdviq və onun eskapizmi ilə Vaqner müsiqisinə olan fanatik sevgisi haqda qeydlər edirəm. Arada başımı qaldırıb vaqonumuzdakı sərnişinləri izləyirəm. Telefonu qurdalayan, oyun oynayan, mesajlaşan yoxdur – ya mürgüləyirlər ya da qəzet, jurnal oxuyurlar. Qatarda, tramvayda qəzet oxumaqdan daha gözəl nə ola bilər? Almaniya dünyanın ən çox qəzet oxuyan ölkələrindən biridir. Təsadüfi deyil ki, ona “Qəzetlər ölkəsi” də deyirlər…
* * *
Almaniyada qəzetlər 3 yerə ayrılırlar: ölkənin hər yerində satılan ümummilli qəzetlər, bir-neçə vilayətdə satılan bölgə qəzetləri və vilayətlərin öz yerli qəzetləri. Yerli qəzetlərin sayı ümummilli qəzetlərdən çoxdur. Müasir alman media landşaftı öz tarixini 2-ci Dünya müharibəsindən sonra başlayır. Qalib dövlətlər koalisiyası faşistlərin təbliğat orqanlarını qapatdıqdan sonra yeni alman KİV-lərinin yaranmasını təşviq etmişdi.
Bu gün Almaniya Çin, Hindistan, Yaponiya və ABŞ-dan sonra dünyanın 5-ci ən böyük qəzet bazarıdır. Bu da almaların nə qədər oxuyan xalq olduğunu göstərir. Çin, Hindistan və Amerikanın toplam əhalisi 3 milyard edir. İndi baxın, adambaşına düşən qəzet oxucularının sayına görə almanlar nə qədər irəlidədirlər. Ölkədə 300-dən çox gündəlik, 25-ə yaxın həftəlik qəzet çıxır. Onların ümumi tirajı 20 milyondur. İnternetin inkişafı ilə qəzet tirajlarında bəlli bir azalma var. Ancaq TNS Emnid adlı KİV araşdırmaları institutunun hesabatına görə alman oxuyucusu hələ də qəzetlərə internətdən daha çox inanır və etibar edir.
TNS Emnid-in sorğusuna görə respondentlərin 75 %-i xəbərləri qəzetlərdən öyrənirlər. Səbəbini isə belə izah edirlər – Qəzetdə yazılanlara inanırıq! Bəli, almanlar burada da öz “ordnung” fəlsəfəsinə sadiq qalıblar: “Ordnung muss sein”, yəni “Hər şeydə səhman olmalıdır”. Gördükləri hər şeyi qüsursuz yapan, hər işi ifrat dərəcədə mükəmməl yerinə yetirən almanlar həyatları boyu qanunlara riayət edir, oturuşmuş ənənələrinə bağlıdırlar. Almaniyada “Press kodeks” adlanan jurnalistikanın əsas qaydaları var. “Allensbach Thought Research” institutu tərəfindən aparılan bir sorğunun nəticələrinə görə almanlar jurnalist araşdırmalarının cəmiyyət və demokratiya üçün önəmli rol oynadığını düşünürlər. Təsadüfi deyil ki, ATƏT alman mediasının jurnalistika standartlarına hər zaman yüksək qiymət verir. “Press kodeks”ə əməl edən junalistlər ölkədə “yalan xəbərlər” in təsirini məhdudlaşdırırlar.
Alman mətbuatının nüfuzu, onun yüksək peşəkarlığı əslində məni o qədər də təəccübləndirmir. Düşünürəm ki, nə də olsa Almaniya kitab nəşrini icad edən İoan Qutenberqin (alm. Johannes Gutenberg, 1397-1468) vətənidir və 500 il əvvəl qoyulmuş ənənələr öz təsirini göstərməkdədir. Qutenberqin doğulduğu və çalışdığı Maynts şəhəri bu gün ölkənin media mərkəzlərindən biri sayılır (Almaniyanın ikinci federal TV kanalı ZDF-in mərkəzi qərargahı da Maynts yaxınlığında yerləşir). Qutenberq bəşəriyyət tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq edəndə insanlığa, onun gələcəyinə, inkişafına və aydınlanma sevdasına nə qədər əmsalsız bir xidmət etdiyini tam qavramışdımı görəsən? Onun kitab nəşrini icad etməsi Almaniya və Avropa mədəniyyətinə, bütövlükdə Dünya tarixinə böyük təsir göstərmiş, jurnalistikanın yaranması və inkişafına əhəmiyyətli və əvəzsiz təkan vermişdir…
* * *
Qatarımız öz vaxtında Münhenin mərkəzi vağzalına (alm. München Hauptbahnhof) səssizcə yan alır, yolçular təlaş etmədən, bir-birini itələmədən mindikləri kimi kirimişcə qatardan enirlər. Bir gündə 350 000 sərnişinin keçdiyi bu tarixi dəmir yolu vağzalı 1839-cu ildə inşa edilib və bu gün Avropanın ən önəmli nəqliyyat qovşağından biridir. Bu arteriya ilk baxışda olduqca qarışıq və xaotik görünsə də diqqətlə baxanda öz sadəliyilə insanı heyran edir. “Ordnung” və onun verdiyi səliqə – səhman mürəkkəb infrastrukturun bütün detallarında hər şeyin insan və onun rahatlığı üçün olduğunu göstərir.
Perrona ayaq basan kimi qızardılmış Bavariya sosislərinin qoxusu tox insanın belə iştahını qabardır. Kasad sovet mətbəxi ilə böyümüş mənim kimi birinin ağzının sulanmaması imkansızdır. Çox sayda bufetlər rəqabət içində deyillər, çünki hər bufetin öz müştərsisi, öz müdavimi var. Və bütün ticarət nöqtələri məhz həmin o müştərisini gözləyərək çalışırlar – Zəngin ölkələrdə damaq dadı həm də alışqanlıqlardır. Bəlkə də elə buna görə də alver öz sakit axarında, həyəcansız, basabassız şəkildə gedir. Vağzalın 18 perronu və hər perronun da öz qoxusu var, məncə. Şərq istiqamətindəki perronun başındakı dönərçini görəndə bu təsadüfə təbəssüm etdim – Şərq və türk dönəri.
Və birdən gözüm perrondakı zibil yeşiyinə bənzəyən bir qutuya sataşır. Əvvəlcə gözlərimə inanmıram, yanından keçib getmək istəyirəm, ancaq geri gəlib düz qənşərində dayanıram. Az qalmışdı ki, boyu yarım metr olan bu dəmir qutunu tumarlayım. Bu qutu qəzet qutusu idi, pulsuz götürə biləcəyiniz qəzet qutusu. Qatara minən sərnişin perrondakı bu qutudan qəzeti götürüb yolboyu oxuyur, getdiyi məntəqənin vağzalında isə onu oradakı yeşiyə geri qoyur.
Donub qalmışdım, bir qəzet qutusunun məndə yaratdığı həyəcan, emosiyalar vulkanı iki gün əvvəl Bavariya Kralı II Lüdviqin Noyşvanştayn qəsrində yaşadıqlarımdan daha təsirli idi. Sarsılmışdım, o an ölkəmdəki insanları qəzet oxumaq alışqanlığından, qəzet oxumaq ləzzətindən məhrum edənlər haqda nə düşündüyümü xatırlamaq istəmirəm. Kədərim təsvir ediləməyəcək qədər sonsuz, qibtəm ifadə edilməz dərəcədə dərin idi.
Durduğum perronun arxasında Maynts qatarı dayanmışdı. Buradan Reynland – Pfalts (alm. Rheinland – Pfalz) vilayətinə yaxındır. Bir azdan o qatar Böyük Qutenberqin doğulduğu şəhərə doğru hərəkət edəcək. Mayntsa getmək keçdi içimdən, Qutenberqin alman xalqına aşıladıqlarını, verdiklərini gedib yerində anlamaq istədim. Ancaq tərpənə bilmədim, zibil yeşiyinə bənzəyən qəzet qutusu məni elə sarsıtmamışdı…
* * *
Almaniyada bir gündə 25 milyon (!) ədəd qəzet satılır. 83 milyon əhalisi olan ölkədə bu hardasa hər 3 nəfərdən birinin qəzet alması deməkdir (Nəzərə alsaq ki, əhalinin 8 milyona yaxını əcnəbidir və onların çoxu almanca qəzet almır, o zaman dövri mətbuatı oxuma səviyyəsinin olduqca yüksək olduğunu görərik). Bu göstəricilərlə Almaniya dünyanın 5-ci böyük qəzet bazarıdır. Dünya Qəzet Assosiasiyası WAN-ın (ing. World Association of Newspapers) məlumatına görə ən çox qəzet satan ilk 5 ölkə aşağıdakılardır:
Ölkələr |
Əhali |
Gündəlik satılan qəzet |
1. Çin |
1.4 milyard |
100 milyon |
2. Hindistan |
1.3 milyard |
90 milyon |
3. Yaponiya |
127 milyon |
80 milyon |
4. ABŞ |
325 milyon |
50 milyon |
5. Almaniya |
83 milyon |
25 milyon |
Almaniyada 330-a yaxın gündəlik, 20-dən çox isə həftəlik qəzet dərc edilir, 800 minə yaxın elektron sayt fəaliyyət göstərir. İnanmaq çətindir, ancaq reallıq budur – ölkənin 94 faizi qəzet oxuyur, sıravi alman günün 36 dəqiqəsini qəzet oxumağa ayırır.
Ancaq bu statistik rəqəmlər Almaniya mediasının nə qədər nəhəng olduğunu tam göstərmir. Zatən önəmli olan da bu deyil. Alman KİV-nin hüquqi və maliyyə bazası nədir, hansı problemlərlə üzləşirlər? Söz azadlığının vəziyyəti haqda məncə əlavə şərhə ehtiyac yoxdur. Mənim diqqətimi ən çox qəzet bazarının Almaniya iqtisadiyyatının ən ciddi sektorlarından biri olması çəkdi. 500 min insanın çalışdığı bu sektorun illik dövriyyəsi 50 milyard avrodan çoxdur. Doğrusu, mən hələ də bu rəqəmlərdən diksinirəm, inanmaqda çətinlik çəkirəm. Belə astronomik pulların döndüyü mətbuatın keyfiyyəti haqda danışmağa ehtiyac varmı?
Bu durumda perronlarda, metro və tramvaylardaqəzet və jurnalların pulsuz paylanması hər şeyi incəliyinə qədər düşünən parlaq alman zəkasının mükəmməl məhsuludur. Normal ölkələrdə qəzetlər satışdan deyil, aldığı reklamlardan qazanır. Reklamverən reklamını tirajı və populyarlığı yüksək olan çap orqanına verir və qəzet çıxmadan pulunu alır. Bu durumda qəzet sahibi bütün gücünü satışa deyil, qəzetin keyfiyyətinə verir – “Ordnung” və yenə də “ordnung”.
Alman mətbuatını araşdıranlar KİV-lərdəki “Ordnung”u ölkədə jurnalist kadrlarının olduqca yüksək professional hazırlığı ilə izah edirlər. Bu səbəbdən də mətbuat tarixçiləri alman jurnalistikasını dünyanın ən güclü jurnalistikası olduğunu yazırlar. Alman dilini bilməyənlərə açıb alman qəzetlərinə və TV kanallarının xəbər bülletenlerinə baxmağı tövsiyyə edirlər. Dili bilmədən də kontentlərin necə zəngin və əhatəli olduğunu anlamaq çətin deyil. Aparıcı qəzetlərin siyasət səhifələrində hansa bir siyasətçinin fikirlərinə yer verildiyində onun altında fərqli düşünən birinin də düşüncəsinə yer verilir. Bir sözlə, dünyanın 5-ci böyük qəzet bazarı olmaq “göydən düşməyib”, əmək, zəhmət və alın tərinin məhsulu olan alman çap orqanları layiq olduqları etibarlı yerlərə çıxmaları təsadüf deyil.
Bu qeydlərimi daha maraqlı qılmaq üçün Almaniyanın ən populyar qəzet və jurnalları haqda topladığım bəzi bilgiləri burada vermək istəyirəm.
Ən populyar alman qəzetləri:
- Bild (alm. “Şəkil”) – ölkənin ən çox satan gündəlik tabloid qəzetidir, “Sarı Mətbuat”ın ən parlaq örnəyidir, onu “Bulvar” qəzeti sayırlar, 1952-ci ildən çap olunur,
tirajı – 3.4 milyon;
- Süddeutsche Zeitung (alm. “Cənubalman qəzeti”) – sosialist-liberal yönlü gündəlik qəzet, ölkənin aparıcı yayın orqanlarından sayılır, 1945-ci ildən çap olunur,
tirajı – 440 min;
- Frankfurter Allgemeine Zeitung (alm. “Ümumi Frankfurt qəzeti”) – liberal-mühafizəkar yönlü gündəlik qəzet, alman siyasi və maliyyə isteblişmentinin ən çox oxuduğu orqandır, dünyanın 148 ölkəsində satılır, xaricdə ən çox müxbiri olan qəzetdir, 1946-cı ildən çap olunur,
tirajı – 365 min;
- Die Velt (alm. “Dünya”) – alman biznes-elitasının qəzeti sayılır, əsasən analitik yazılar verir, mühafizəkar yönlüdür, 1946-cı ildən çap olunur,
tirajı – 365 min.
Ən populyar alman jurnalları:
- Der Spiegel (alm. “Ayna”) – Almaniya və Avropanın ən yüksək tirajlı həftəlik siyasi-ictimai jurnalıdır, 1947-ci ildən çap olunur,
tirajı – 1 milyon 100 min;
- Der Stern (alm. “Ulduz”) – illüstrasiyalı həftəlik populyar jurnal, 1948-ci ildən çıxır, tirajı – 1 milyon;
- Focus – liberal düşüncəli orta sinif insanların oxuduğu həftəlik jurnal, 1993-cü ildən çıxır,
tirajı – 800 min.
* * *
Orda tez-tez Alman Ruhunun (alm. Deutsche Geist) yaradıcısı sayılan Martin Lüterin (alm. Martin Luther, 1483-1546) düşüncələrini xatırlayırdım. İncili ana dilinə tərcümə edən, müasir alman ədəbi dilinin banisi, görkəmli xristian alimi və islahatçısının nəhəng mirasının ən əsas müddəalarından biri “Berufung” konsepsiyasıdır. Katolik nəzəriyyədəki ruhani və dünyəvi olanın əbədi mübarizəsinin əksinə olaraq Martin Lüter belə hesab edirdi ki, Tanrının insana bəxş etdiyi ən böyük nemət ona lütf edərək verdiyi bacarıq və qabiliyyətdir. Lüterə görə Tanrı hər bir insana qabiliyyət verərək onu konkret fəaliyyət sahəsinə yönləndirir. İnsanın da Tanrı qarşısındakı vəzifəsi səylə çalışmaqdır. Çünki Tanrı əməyi nəcib və mənfur olana ayırmır. İncildə belə deyilir: “Həyatını çalışaraq keçir” (Sirax 11: 20-21). Haşa, elə bil müqəddəs kitab da məxsusən almanlar üçün yazılıb. Belə çıxır ki, “ordnung” qədər Tanrı kəlamına da riayət edirlər. Kim bilir, bəlkə onları fərqli qılan da elə bu özəllikləridir.
Gələn həftə “Almaniya Qeydləri” silsiləsini sonuncu – 6-cı yazı ilə bitirəcəm. Almaniyadan sonra isə sizinlə Avstriyaya – əvvəlcə Zalsburqa, oradan da Vyanaya səfər edəcəyik…