Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər artıq indidən reytinqlər tərtib etməyə başlayıblar. Belə ki, artıq “Nicerodds” saytında dünyanın ən nüfuzlu mükafatının ədəbiyyat sahəsində namizədlərinin siyahısı dərc edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu cədvələ görə, bukmeyker reytinqinin çoxillik favoriti Haruki Murakami liderlik mövqeyində qalır. Avqustun 22-nə olan məlumata əsasən, onun qələbə şansının nisbəti daha çoxdur. Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçısı Den Syaohua qərarlaşıb. O, əsərlərini Tsan Syue təxəllüsü ilə yazır. Liderlərin reytinqində üçüncü yerdə avstraliyalı nasir Cerald Marneyndir. Lakin onunla birlikdə İbsendən sonra əsas norveçli dramaturq olan Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da qələbəyə şansları var.
Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi, özbəkistanlı jurnalist və yazıçı Hamid İsmailov və başqalarının da adları var.