Murmansk vilayətinin milli-mədəni ictimai birlikləri Kol rayon mədəniyyət mərkəzində keçirilən “Biz birlikdəyik!” Açıq rayon milli mədəniyyətlər festivalında iştirak ediblər. Tədbir bütün antiepidemiya tələbləri nəzərə alınmaqla covid-free formatında keçirilib. Festivala giriş QR kodu ilə və ya tədbirdən 72 saat əvvəl verilmiş koronavirusla bağlı PCR testinin mənfi nəticəsi ilə həyata keçirilib.
“Azərbaycan Mədəniyyət Mərkəzi” Murmansk regional ictimai təşkilatının və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun AZƏRTAC-a bildirdiyinə görə, festivalın məqsədi xalqların etnomədəni ənənələrinin dirçəlməsi, qorunması, inkişafı və təbliğ edilməsi, Murmansk vilayətində yaşayan əhalinin müxtəlif etnik qruplarının baxış və inanclarına tolerant münasibətinin formalaşdırılmasıdır.
Festivalın qonaqları Arktikanın milli-mədəni birliklərinin yaradıcı kollektivlərinin və ifaçılarının çıxışlarını izləyiblər – Azərbaycan və özbək rəqslərinin gözəlliyinə və zərifliyinə heyran qalıblar, rus, Ukrayna, moldavan, tatar dillərində mahnılar dinləyiblər. Soydaşlarımız Natəvan Həmzəyeva və Şaiq Hüseynov “Sarı gəlin” və “Tərəkəmə” Azərbaycan rəqslərini təqdim ediblər.
Festival Şimalın Yerli Azsaylı Xalqlarının və millətlərarası əməkdaşlığın Murmansk Regional Mərkəzi və Rusiya Federasiyası Murmansk vilayətinin Daxili Siyasət Nazirliyinin dəstəyi ilə Kol Rayon Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.