Moskvada azərbaycanlı dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Dövlət Kreml orkestrinin ifasında “Müəllimlər və yetirmələri” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtının mərkəzində yerləşən “Zaryadye” salonunda baş tutan konsertdə dahi bəstəkarlar Qara Qarayev (Üçüncü simfoniya), Dmitri Şostakoviç (Kamera simfoniyası), Georgi Sviridovun (Kamera orkestri üçün musiqi) əsərləri səslənib.
Gənc Murtuza Bülbül müəllif konserti ilə Dmitri Şostakoviç bəstəkarlıq məktəbinin ardıcıllarından biri olan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin yaradıcılığına bir daha müraciət etməyi, Azərbaycan klassik musiqisinin dünyada tanıdılması işinə öz töhfəsini verməyi qarşısına məqsədi qoyub.
“Qara Qarayevin Üçüncü simfoniyası təkcə Azərbaycan musiqi sənətində deyil, bütöv Sovet İttifaqının musiqi tarixində əlamətdar hadisə idi. Bilirsiniz ki, Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Burada ən müxtəlif janrlarda musiqilər səslənir. Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli yer tutur. Ölkəmizin bir çox görkəmli bəstəkarları, o cümlədən Qara Qarayev, Cövdət Hacıyev Moskva klassik musiqi məktəbinin yetirmələridir. Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər birləşdirib. Azərbaycan musiqisinin bütün dünyada, eləcə də Moskvada səslənməsi mənim üçün qürurvericidir”, – deyə Murtuza Bülbül konsertdən əvvəl AZƏRTAC-a müsahibəsində bildirib.
Gənc azərbaycanlı dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Dövlət Kreml orkestrinin konserti böyük uğurla keçib. Tamaşaçılar dahi bəstəkarların sevilən əsərlərini yeni nəfis ifada sürəkli alqışlarla qarşılayıblar.
Murtuza Bülbül dahi müğənni Bülbülün nəvəsi, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğludur. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir. Gənc dirijor Azərbaycan, Rusiya, Almaniya, İtaliya, Qazaxıstan və bir çox digər ölkələrdə çıxışları ilə yadda qalıb. Gənc yaşlarına baxmayaraq, Murtuza Bülbül Rus Milli orkestri, Rusiya Kinematoqrafiya orkestri, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının orkestri, Moskva Gənclər Kamera Orkestri və bir çox digər adlı-sanlı kollektivlərlə, Anna Netrebko, Elçin Əzizov, Dinara Əliyeva kimi tanınmış müğənnilərlə bir səhnəni bölüşüb. Murtuza Bülbül yaradıcılığında Azərbaycan klassik musiqi nümunələrinin təbliğinə xüsusi yer ayırır.