Bülbül adına orta ixtisas musiqi məktəbinin 7-ci sinif şagirdi Xədicə Cahangirova İspaniyanın paytaxtı Madriddə keçirilən “Spaın Star Productıon” beynəlxalq müsabiqəsində iştirak edib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə fortepiano üzrə onlayın qatılan X.Cahangirova Tofiq Quliyevin “Preludiya fa # minor” əsərini ifa edib və uğurlu çıxışına görə yarışmanın ən yüksək mükafatına – Qran-Priyə layiq görülüb.
Onun müəllimi Xanım Məhərrəmovaya da müsabiqənin təşəkkürnaməsi verilib.
Qeyd edək ki, solo fortepiano ifaçısı olan Xədicə Cahangirova, eyni zamanda, vokal dərsləri də alır. Xədicə uşaq yaşlarından pianoya böyük maraq göstərib. Bu səbəbdən də valideynləri onu Bülbül adına orta ixtisas musiqi məktəbinə qoyublar. O, 5 yaşında heç bir müəllim hazırlığı görmədən məktəbin müsabiqəsinə qatılıb və qəbul olub. Hələ qarşıda onu çox böyük uğurlar gözləyir.