- Mədəniyyət

Musiqili Teatr premyeraya hazırlaşır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası – “Bəxtiyar” musiqili komediyasının premyerasına bir gün qaldı.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 6-da görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulacaq tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib. Tofiq Quliyevin 105 illiyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.