Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.
Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.
Yanvarın 15-də saat 12:00-da nümayiş ediləcək tamaşanın biletlərini şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.