- Mədəniyyət

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş konsert təşkil olunub

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc musiqiçilərin konserti olub.

AZƏRTAC xəbər verir ki, “Şanlı tarix” adlı konsert proqramı Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunub. Beynəlxalq və respublika müsabiqələri laureatlarının ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Süleyman Ələsgərov, Tofiq Quliyev, Musa Mirzəyev, Fəridə Quliyevanın əsərləri, həmçinin gənc müəllif Sevgim Musazadənin əsəri səsləndirilib.

Konsertdə gənc pianoçular çıxış ediblər. Musiqiçilərin çıxışı gənc istedadları dəstəkləməyə gələn tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Tədbirdə Azərbaycan ziyalılarının nümayəndələri, yaradıcı şəxsiyyətlər, musiqi sənətinin həvəskarları və biliciləri iştirak ediblər.