Bu gün Xalq artisti Mustafa Mərdanovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, fevralın 28-i Azərbaycanın kino və teatr səhnəsində maraqlı obrazlar qalereyası yaratmış görkəmli aktyor, Xalq artisti Mustafa Mərdanovun anadan olmasından 130 il ötür.
Tiflisdə anadan olan Mustafa Mərdanov kiçik yaşlarından teatra böyük maraq göstərib, 1910-cu ildən dram dərnəklərində çıxış edib. Daha sonra Tiflisdə Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışıb. Ali təhsil almağı ən böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada sənətin sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya gəlib və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib.
Yüksək aktyorluq texnikası, yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti üçün çox xarakterik olan cizgilərdir. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Mustafa Mərdanov hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək üçün dəvət alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. O dövr üçün Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
Onun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu – kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb.
Şübhəsiz, böyük sənətkarın milli kinomuzda ən uğurlu rollarından biri bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb.
Sonralar “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını daha da şöhrətləndirib. 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Mustafa Mərdanov həmin il dekabrın 12-də dünyasını dəyişib.