- Maraqlı, Xəbərlər

Müxtəlif ölkələrin qəribə ənənələri

Xarici ölkəyə gedəndə bəzən bizim üçün qəribə, hətta qorxulu görünən adət və ənənələrə rast gəlirik. Hətta bəzən hansısa işarənin mənasını bilmədikdə pis vəziyyətə düşmək olar. Məsələn, bolqarlar “xeyr” demək istəyəndə başlarını yelləyir, “bəli” demək istəyəndə bulayırlar. Yaponlar isə “yox” deyəndə ovuclarını yelləyir. ABŞ-da baş barmağı qaldıraraq taksi saxlayırlar, Yunanıstanda bu işarə kobudcasına susmağı tövsiyə edir. Digər ölkələrdə bizim üçün çox qeyri-adi görünəcək bir neçə ənənədən danışaq.

İspaniya

Hər il avqust ayında İspaniyanın Bunyol şəhərində La Tomatina festivalı keçirilir. Festival iştirakçıları əyləncə xatirinə bir birinə pomidor atır. Bu səhnə əsəbi möhkəm adamlar üçündür.

Tomatina-nın yaranması ilə bağlı bir neçə versiya var. Ən məşhuruna əsasən, 1945-ci ildə nəhənglərin və kabezudoların paradı zamanı bu tədbirdə iştirak etmək istəyən gənclər şəhərin əsas meydanında – Plaza del Puebloda dava salıb. Yaxınlıqda tərəvəz satılan masadan pomidorları götürüb polisə atmağa başlayıblar.

İspaniyadakı digər qeyri-adi ənənə Al Kolaço adlanır. Şeytan libasında olan kişilər döşəklərin üstündə uzanan uşaqların üstündən tullanır. Belə ayin cin-şeytanları uşaqlardan uzaq tutmaq məqsədi güdür. Ayin olduqca qorxulu görünür.

Hindistan

Hindistan avropalılar üçün qəribəliklərlə doludur. Hindlilərin Muruqan tanrısına sədaqətlərini nümayiş etdirdikləri, bədənin müxtəlif yerlərini, o cümlədən dilini son dərəcə ağrılı bir şəkildə deşdikləri Taypusam dini bayramı nəyə desən dəyər. Maharaştra ştatında isə yeni doğulmuş uşağı məbədin 15 metrlik divarından atmaq adəti var. Əlbətdə ki, bu onun sağlamlığını gücləndirmək və  uğurlu bir həyatını təmin etmək üçün edilir. Düzdür, uşaqların yıxılmasına imkan verilmir: böyük parçaları çəkərək onlar tuturlar.

Daha bir qəribə ənənə ağacla evlənməkdir. Bürcə görə ərinə bədbəxtlik gətirə biləcək qadınlar ər olaraq ağacı seçir. Hindlilər inanır ki, ağacla evlənən qadın sonradan xoşbəxt ailə qura bilər. Toy mərasimindən sonra ağac yandırılır, dul qadın isə rahatlıqla kişiyə ərə gedir. Bəzən şəxsi həyatı uğursuz olan turist qadınlara da bu ayindən keçmək təklif olunur.

Tailand

Tailandda baş bədənin müqəddəs hissəsi sayılır, buna görə başqasının başına toxunmaq  olmaz. Masa arxasında qaşıq və çəngəl birgə istifadə olunur. Yalnız tailandlılara məlum olan səbəbdən çəngəl ağızda ola bilməz, ona görə yemək qaşığa qoyulub ağıza aparılır.

Misir

Misirlilər arasında çoxdandır yalnız sağ əllə vermək və götürmək adəti var, sol əl murdar sayılır. Bu yuyunma adəti ilə bağlıdır. Ona görə də sol əlinizi uzadağacınız təqdirdə yerli sakini təhqir etmiş olursunuz. Ovuc cadu və göz dəymədən qoruyucu hesab olunur, ona görə də misirli ilə söhbət edərkən əli yelləmək olmaz. Sizi səhv başa düşərlər və söhbət başqa məcraya yönələr.

Portuqaliya

Portuqaliyalını heç vaxt və heç bir bəhanə ilə ispaniyali ilə müqayisə etmək olmaz. Portuqallar belə müqayisədən çox inciyir. Heç vaxt yeməyə duz əlavə etməyin, bu, o deməkdir ki, yeməyi bəyənməmisiniz.

İtaliya

İtalyanlar heç yerə tələsmir, ona görə də təyin olunan vaxtda gəlmək nəzakətsizlik hesab olunur. Burada takisdən istifadə adəti yoxdur, maşını saxlamaq cəhdinə görə isə cərimələnmək olar. Əsl italiyalı heç vaxt axşam 6-dan sonra kapuçino sifariş etməz. Bunu edənlərin adekvatlılığına şübhə yaranır. Eynilə pastaya ketçup əlavə edənlər yaxud onu bıçaqla kəsməyə cəhd edənlər kimi.