- Ədəbiyyat

Müzahim İSMAYILZADƏ. Şeirlər

                               Davaya gedənlər

Günləri, ayları yola veririk
Hər an ömrümüzün üstə sayılır.
Davaya gedənlər bir cür qalıralar,
Davaya gedənlər heç vaxt qocalmır.

Hələ bığ yerləri tərləməmişdir,
Eləcə qalıbdır boy-buxunları.
Başına qızıl qoç hərlənməmişdir,
Haraya yetmirdi şirin yuxular.

Ölümün üstünə hücum çəkdilər,
Torpağın nəfəsi yandı, közərdi.
Üçkünc kağzıların qara rənginə
Ürək səbir edər, ürək dözərmi?

Payız yarpağıtək saralır, solur,
Ömrün qürubuna nə qədər yol var.
Biz yaşa doluruq, saça dən düşür,
Davaya gedənlər cavan qalırlar.

1977

 

Dünya

Günəş gözlərindən boylanan vaxtı,
Ömrümə gül-çiçək əkir bu dünya.
Ulduz qanadından asılan baxtı
Əlimdən ip kimi sökür bu dünya.

Baharda yolumu saldı qışına,
Ağrıdan-acıdan necə daşınam?
Saçalrım ağarır
Neçə yaşımda
Məni imtahana çəkir bu dünya.

Yağan yağış deyil, boran qardısa,
Hardasa soyuq, yandıq hardasa.
Bir əllə verdiyi nəyi vardısa
O biri əliylə tökür bu dünya.

1978

Bir də dünya haqqında

Tarpağı, havası, suyu, daşı var,
Əylib Günəşə qısılıb dünya.
Hələ bilnmir ki, neçə yaşı var,
Neçə yol alınıb, basılıb dünya.

Yeyib başımızı sayıb hərifə,
Başlayıb sabahkı günü tərifə.
Kiminin qəlbinə qara hərflə,
Kimiyə qızılla yazılıb dünya.

Başına yağıbdı gurşad yağışlar,
Üzündə nə qədər qara cığırlar.
Donubdu gözlərdə isti baxışlar,
Odlu nəfəsiylə qızınıb dünya.

Baş aça bilməzsən onun sirrindən,
Bir dostu, yoldaşı yoxdur dərindən.
Üfürsək qopacaq öz məhvərindən,
Bir saman çöpündən asılıb dünya.

1979