Oktyabrın 13-dən 15-dək Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” mövzusunda konfrans keçiriləcək. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunacaq.
Milli Xalça Muzeyindən bildirilib ki, hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfransın açılışı oktyabrın 13-də olacaq. Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək konfransda əyani olaraq dünyanın bir sıra ölkələrindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri də iştirak edəcəklər. Bununla yanaşı, konfransa onlayn olaraq 100-ə yaxın xarici və yerli muzey mütəxəssisi qatılacaq.
Üç gün davam edəcək konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzəçi çıxış edəcək.
Konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edəcəklər. (azertag)