Uzun boğazıyla, qızarıb, bişmək üzrə olan kartof qızartmasını xatırladan keçəl başıyla, daravazasının qarşısı da olsa, el yoluna alt köynəyiylə çıxan qonşunun obrazı danışacağım hadisənin ən maraqlı və yaddaqalan yeri olmalıdır. Bəlkə belə deyil, bunu özümdən uydururam və ya bu obraz mənim hələ bərkişməmiş təxəyyülümdən yadımda qalanlardır. Bunu da ona görə vurğulayıram ki, yazdıqlarımın yalan olmadığına sizi inandıra bilim. Sizin də çoxunuzun qırımından inana oxşamadığınız bəlli.
Mən balaca idim. Uşaqlığımla cəmi bir an gördüyüm adamın bədəninin qeyri-simmetriyalılığını fərq edib, yaddaşıma yaza bilmişdim.
Bilmirəm nənəm məni nə yaxşı gözündən irağa qoymuşdu. Nənəmlə mənimki “getmə gözümdən, gedərəm özümdən” məsəli kimi bir şey idi. Bəlkə mən yola bacımla çıxmışdım. O da məni hasarın dibində buraxıb yaşıdlarının, hörükləri atılıb düşən qız uşaqlarının bölüyünə qarışıb oyun oynayırdı. Bəlkə də bacım oyuna o qədər aludə olubmuş ki, məni tamam unudubmuş. Məndən böyük olsa da, bacım da uşaq idi axı. Yəqin “uşağı buyur, dalınca yüyür” olub. Ola da bilər ki, mən nənəmin gözündən yazınıb, özbaşınalıq edərək, uclanmışammış. Demirəmmi uşağam, ağzım düşüb təkcə də yola çıxa bilərdim. Digər bir halda isə nənəm özü məni ora gətiribmiş, kənarda durub oyuna baxmağımı tapşırıbmış, mən də durub uşaqların oyununa baxırammış. Sadaladığım variantların hamısı da ağlabatandır və burada ağla batmayacaq bir şey də yox.
Onda mən balaca idim. Yolda bölük-bölük olub, oyunlar oynayan uşaqlardan heç birinin dəstəsinə qarışaraq, oyun oynaya bilməyəcək qədər balaca, cələfsiz bir uşağı gözünüzün qarşısında canlandıra bilərsinizmi? Yəni o qədər xırda idim ki, özüm də oyuna qarışsam oynamaqdan çox, oyun pozanlıq edə biləcəyimin fərqindəydim. Üstəgəl də hansı kəkəş məni öz dəstəsinə götürərdi ki? Məni dəstəsinə qatan bəri başdan uduzmağını gözünün altına almalı idi.
Mən taxta hasarımıza söykənmişdim. Bu dəqiq yadımdadır. Yay Günəşinin sarısaçaq şüalarının gözümü qamaşdırdığından sabahla günortanın arası olduğunu düşünürəm. Nədən ki, bizim evin darvazası üzü gündoğanadır. Mən də elə o səmtə, qarşımda, yay günün altında oynayan uşaqlara baxırdım. Günorta ilə axşamın arası olsaydı gün arxadan düşməli idi.
Nə qaçdılar, tutdular vardı, nə çığırlar-bağırlar. Cin kimi qışqıran qızlar, böyüklər kimi söyüş söyən oğlanlar bir-birinə macal vermədən nəsə üyüdüb tökür, hamı da bir ağızdan özünün doğru olduğunu, yalan danışmadığını təsdiqləmək istəyirdi. Qızlar böyükləri yamsılayaraq, bir-birinə qarğış-hüy tökür, pirlərə, ocaqlara and içirdilər. Məsələn, “Ziyarat haqqı”, “Həjəfəndinin ocağı haqqı”, “Qırmızı Quran haqqı” kimi andlar. Heç onlar ziyarətin nə olduğunu, Hacı Əfəndinin kimliyini, “Qırmızı Quran”a nə üçün and içildiyini də bilmirdilər. Böyüklər belə and içirdilər, onlar da eşitmişdilər, ağızlarına düşəni tutuquşu kimi təkrarlayırdılar.
Oğlanların işi lap ayrı cür idi. Ən adi şeyin üstündə bir-birinə kekəxorlanana bax, bir-birinin ölüsünü-dirisini eşib ortalığa çıxarana, yeddi arxadan dönənini söyüb-yamanlayana bax. Söyüşün yüzü bir qəpikdən gedirdi. Bir də görürdün sözləri çəpləşir, tərəf-tərəf olub bir-birinə girişirdilər. Cırmaqlaşma düşürdü. Yerlərdə süprüşən kim, bir-birinin üst-başını cıran kim. Aranı qızışdıran, iki dalaşan tərəfi ayırmaq əvəzinə tovlayan, dırnağını bir-birinə sürtüb davanı qaynadanlar da ki, quyruq bulayır, guya tərəflərdən birinə, əslində isə güclü tərəfə qahmar çıxmaqdan ötrü dəridən-qabıqdan çıxırdılar. Davanı sakitləşdirən uşaqlar da var idi. Dünya hər zaman xeyirlə şərin dava meydanı deyilmi? Elə o zaman da bu cür idi, elə indi də, belə getsə elə qiyamətəcən də bu cür olacağı qaçılmazdır.
Mən taxta hasarımıza söykənib uşaqların oyununa baxarkən də oğlanların belə davalarından biri düşmüşdü. Bir-birinə şillə-təpik vuran, kəllə atan, toqqalaşan uşaqlar toz-torpaqda süpürləşir, bir-birinin üstünə çıxan uşaq qalağının altından kiminsə boğuq səsi eşidilirdi. Altda qalanın canı çıxsın demirikmi? Bax, elə bir şey olmuşdu. Necə oldusa, uşaqların topası pərən-pərən oldu. Deyəsən, uşaqlardan biri qarışığa salıb, digərinin harasınısa gəmirmişdi. Zəif tərəfin dava zamanı rəqibi dişləməsi uşaq davalarında ən geniş yayılmış üsullardan sayılırdı. Dişlənən uşaq qulun kimi qışqırırdı. Ünü göyə dirək olmuşdu.
Onun qohum-əqrabası qarşı tərəfi daş yalamasına tutmağa başlamışdı.
Deyəsən, keçəl başlı kişi də həmin o anda yola çıxmışdı. Birinin qulun kimi qışqırması, digərlərinin bir-birini söyə-söyə daşlamalrı onu evdən bayıra atmışdı. Başqa nə ola bilərdi ki? Onun uşaqları sakitləşdirmək üçünmü, yoxsa başqa səbəbdənmi qışqırması ilə kiminsə atdığı çapıq daşın mənim qıçıma dəyməsi, qıçımdan qıpqırmızı qanın axması eyni anda baş vermişdi. Hər şeyin üst-üstə düşdüyü həmin anda mən huşumu itirərək, özümdən getmişəm. Bu ilmi ölübsən, bildirmi?
Oğru üstünə od yağsın məsəli uşaqlar davanı kəsmiş, hər şey yalan olmuş, mənim huşumu itirməyim gerçək. Heç qıçımın qanamasına da baxan yox imiş.
Hardansa özünü yetirən nənəm dünyanı dağıdırmış. O özündən getmək, huşunu itirməklə, bu, məndə vərdiş halını almış, hər qışqırtı eşidəndə, hər qan görəndə huşumu itirərək, böyüklərə, ən çox da nənəmə olmazın əziyyətlər yaşatmışam.
Dörd yaşımda qazandığım huş itirməmsə, nə az, nə çox düz yeddi illiyimi geri salıb, məni tək buraxmamışdı.
Afiq MUXTAROĞLU
Niderland
4 yanvar 2021